“Büstün sökülmə ehtimalı azdır” – Gürcüstan parlamentinin deputatı

04/02/2019 - 17:06 8 344 0   0  

Gürcüstanın Axalkalaki şəhərində erməni terrorçu Mixail Avaqyana abidə ucaldılması məsələsi bir neçə gündür ki, Azərbaycan mediasının əsas gündəmidir. Bu olay Azərbaycan cəmiyyəti ilə yanaşı, Gürcüstandakı Azərbaycan icmasının da ciddi narazılığına səbəb olub.

Gürcüstanda erməni terrorçuya büst qoyulmasına qəzəblənən bu ölkədəki azərbaycanlılar artıq kütləvi etiraz aksiyası keçirməyə qərar veriblər. İlk etiraz aksiyası sabah - fevralın 5-i saat 12-də Gürcüstan parlamentinin qarşısında olacaq. Aksiyanın keçirilməsi artıq hökumətlə də razılaşdırılıb.
Məsələ ilə bağlı AzNews.az-ın suallarını Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev cavabladı:
- Mahir müəllim, belə bir büstün Axalkalakidə peyda olmasını nə ilə əlaqələndirmək olar?
- Gürcüstanda erməniyə büst qoyulması buradakı azərbaycanlı icmasının gündəmini zəbt elədi. Baxmayaraq ki, bizim insanımız yaradıcı, zəhmətkeş, hər gün öz işi ilə məşğul olan insandı. Amma bu hadisə bir növ qalmaqal oldu. Bu fakt ortaya çıxandan sonra biz öz mövqeyimizi ortaya qoyduq, şiddətlə qınadıq, pislədik. Bunu təxribatdan başqa bir şey adlandırmaq olmaz. Bu, elə Gürcüstanın özünə də qarşı yönəlmiş bir təxribatdır, xəyanətdir.
- Nə mənada?
- Bu gün Gürcüstanın da 20 faiz ərazisi işğal olunub, on minlərlə vətəndaşı qaçqındır, demək olar ki, Azərbaycanla analoji taleni yaşayır. Belə bir şəraitdə təbii ki, bir separatçıya, terroristə abidə qoyulması ilk növbədə Gürcüstanın özünə qarşı bir xəyanətdir. Çünki separatçılıqdan əziyyət çəkən bir ölkədə buna başqa ad vermək olmaz. Nəyə görə terrorist dedim, çünki həmin adamın Azərbaycanın işğal olunmuş torpaqlarında dinc əhaliyə qarşı qətliamda iştirakına dair çox əsaslı iddialar var. Məsələ ilə bağlı ilk gündən bizim mövqeyimiz aydındır.
- Sabah Gürcüstan azərbaycanlıları etiraz aksiyası keçirəcək…
- Bəli, sabah azərbaycanlılardan ibarət müəyyən bir qrup Gürcüstan parlamentinin qarşısında aksiya keçirəcək. Gürcüstan demokratik bir ölkədir, ifadə azadlığı qanunla qorunur. Bu ölkədə istənilən məsələ ilə bağlı zaman-zaman insanlar öz etirazlarını sərbəst şəkildə edirlər. Mən əminəm ki, sabahkı aksiyada təkcə azərbaycanlılar yox, gürcülər də iştirak edəcək. Çünki bu hadisəni yalnız Azərbaycanlılar deyil, Gürcüstanın bəzi dairələri də qınadılar. Ona görə əminəm ki, Gürcüstan vətəndaşları da bu aksiyaya qoşulacaqlar. Bu, həqiqətən də etiraz olunmalı bir haldır. Təbii ki, mən hər zaman öz vətəndaşlarımızı qanunla hərəkət etməyə dəvət etmişəm. Əminəm ki, bu aksiya da insidentsiz, provokasiyalara, müxtəlif təxribatlara uymadan həyata keçiriləcək.
- Sizcə, bu aksiyanın bir nəticəsi olacaqmı? Bəlkə, nəticə olanadək bu aksiyalar davam etdirilməlidir?
- Bu cür aksiyaların davamlı olaraq keçirilməsinin tərəfdarı deyiləm. Hər hansı bir məsələyə görə Gürcüstanda vətəndaş müharibəsi baş verən deyil. Onsuz da bu hadisə mümkün səviyyələrdə qınanır, rəsmi səviyyədə müəyyən informasiya mübadilələri gedir. Hazırda Gürcüstan prezident seçkiləri ilə əlaqədar ağır siyasi proseslərdən keçib. Açığı deyim, Gürcüstan müxalifəti də bu kimi məsələləri həmişə siyasi müstəviyə çəkməyə çalışır. Çünki bugünkü Gürcüstan müxalifəti zəifdir. Ona görə də bu kimi fürsətləri heç vaxt buraxmaq istəmir. Müxalifət bu aksiyada da insanların etirazını, haqlı iradını güman ki, siyasi müstəviyə çəkmək istəyəcək. Əslində, bu məsələdə ciddi bir şey də yoxdur, bunu tam məsuliyyətlə deyirəm.
- Necə yəni ciddi bir şey yoxdur?
- Bilirsiniz ki, Rusiya bir sıra ölkələrə qaşı müharibələr aparır. Bu yaxınlarda bizim Gürcüstan əsilli Söyün Sadıqov da Rusiyadan bəyanat verib ki, 2 ay müddətinə o abidə oradan götürülməsə, Gürcüstanda azərbaycanlıların muxtariyyəti elan olunacaq. Təsəvvür edin, bu, nə qədər böyük bir təxribatdır. Etiraz aksiyaları nəyə görə davamlı olmalıdır? Abidənin sökülməsi üçünmü? Bəli, abidə əsassız qoyulub. Amma bilmək lazımdır ki, Rusiyanın Gürcüstana qarşı müəyyən planları, ssenariləri var. Osetiya bölgəsində insanlar yatırlar, səhər durub baxırlar ki, rusların çəkdiyi sərhəd məftilləri bir az da içəriyə çəkilib. Yəni günü-gündən Gürcüstan torpaqları daha çox qəsb edilməkdədir. Təbii ki, Rusiyada bununla kifayətlənmirlər və Gürcüstana qarşı digər mübarizə formalarından, o cümlədən hibrid müharibədən istifadə edirlər. Böyük ehtimalla, bu məsələdən də Rusiya yararlanmaq istəyəcək. Ona görə də Gürcüstanda milli və ya dini zəmində qarşıdurma yaratmaq ancaq Gürcüstanın düşmənlərinin xeyrinədir. Odur ki, təxribatlara uymamaq lazımdır. Bura bizim ölkəmizdir, burada dinclik, əmin-amanlıq mövcuddur, müxtəlif millətlərin nümayəndələri dinc şəraitdə yaşayırlar. Kimlərəsə imkan yaratmamalıyıq ki, ölkədə hansısa təxribatlar törətsinlər.
Açığını deyim, Gürcüstanın bugünkü sabitliyində, əmin-amanlığında Azərbaycan da maraqlıdır. Azərbaycanın beynəlxalq arenaya çıxan əsas kommunikasiya xətləri buradan keçir. Bu dəhlizi qapatmaq istəyən maraqlı qüvvələr var. Türkiyənin, Azərbaycanın düşmənləri hər zaman bu xalqlar arasında gərginlik yaratmaq istəyiblər. Biz bunları dərk etməliyik.
- Sizcə, Gürcüstan hökuməti bu məsələdə Azərbaycan dövlətinin və cəmiyyətinin ciddi narazılığını nəzərə alacaqmı?
- Siz nəyi gözləyirsiniz, tutaq ki, bu saat həmin abidə oradan götürülsün? Bunun ehtimalı azdır. Bir az real düşünmək lazımdır. Amma məsələnin ayrı bir tərəfi var. Mən Marneuli rayonunun Lekməli kəndində yaşayıram. Burada Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun abidəsi var. Abidə deyəndə ki, çox sadə, mərmər lövhənin üzərində bir şəkli var. Üzərində doğum və ölüm tarixləri yazılıb. Bu Milli Qəhrəmanımız 1992-ci il may ayında Turşsu döyüşlərində həlak olub. Kənd nümayəndələri bu abidəni onun 40 günlüyünə həsr ediblər. Burada ermənilər də yaşayırdı, ona görə müəyyən həssas məqamlar nəzərə alındığından bu abidənin heç bir rəsmi açılışı olmayıb. Artıq kimlərsə ortaya atıblar ki, burada azərbaycanlının da abidəsi var. Amma dediyim kimi, bu, çox sadə bir abidədir. Bəlkə də biz vaxtında səhv etmişik, bu qəhrəmana adına layiq bir abidə qurmalı idik…
İndi isə mən elə düşünürəm ki, o erməninin abidəsinin götürülməsindən daha çox Gürcüstanın və Azərbaycanın ərazi bütövüyü uğrunda döyüşmüş və həlak olmuş şəhidlərimizin abidəsinin qoyulmasına nail olmalıyıq. Məsələn, Abxaziyada, Gürcüstanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həmyerlimiz Ənvər Hümbətov 1994-cü ildə həlak olub. Bu gün onun Gürcüstanda heç bir abidəsi yoxdur. Borçalıda Azərbaycanın Milli Qəhrəmanı var – Vəzir Sədi. "Azərbaycan Bayrağı" ordenli şəhidimiz var, İsak Şükürov. Kəlbəcərdə şəhid olub. Onların hər birinin abidəsini ucaltmaq lazımdır. Bundan sonra Azərbaycan dövləti də, buradakı Azərbaycan icması da məhz bu işlərin görülməsinə çalışmalıdır.