“Bunu kimsə məqsədli şəkildə edib” - Hacı Şahin

27/10/2018 - 21:53 2 911 0   0  

Son günlər ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sosial şəbəkədə paylaşılan süfrə ətrafındakı fotosu geniş müzakirələrə səbəb olub.

Suveren.az-ın teleqraf.com-a istinadən verdiyi xəbərə görə, bəzi sosial şəbəkə istifadəçiləri süfrədəki meyvə şirəsini hansısa səbəbdən spirtli içki kimi təqdim ediblər və Hacı Surxay Məmmədlinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. İlahiyyatçı professor bu hadisəni yanlış təqdim edənlərə cavab vermək məcburiyyətində  qalıb.

O, bildirib ki, ailəvi dostunun evində qonaq olarkən, meyvə şirəsindən istifadə edib: “Mən 7 yaşından Quran oxuyram. Ömrümdə bir gün də olsun ki, içki məclisində oturmamışam. Kim mənim haqqıma girirsə, mən haqqımı halal etmirəm. Bu yalan şayiəni yayanın səhifəsinə baxdım, ateistdir. Mənim adımdan yalan paylaşım etməklə özün tanıtmaq istəyir. Özü mey əhli olduğu üçün hər gordüyü şüşəni şərab bilir. Bu təxribat xarakterli başlıqlara inanmayın. Yalan, yalan yalandır. Bunu mən möminlər üçün yazıram ki, sui-zən olmasınlar".

Məsələ ilə bağlı açıqlama verən ilahiyyatçı Hacı Şahin Həsənli sözügedən hadisəni yoxlanılmamış məlumatı insanlar arasında yaymaqla din xadimlərinə qarşı inamsızlıq yaratmaq cəhdi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu kimi məsələləri adətən,

Azərbaycandan xaricdə kimlərsə tərəfindən idarə olunan insanlar həyata keçirirlər: “Bu məsələdə din xadiminin barəsində həqiqətə söykənməyən , əsası olmayan fikirlər yayılıb. Guya o hansısa içki məclisində iştirak edib. Bu, yalandır. Bu məsələləri yoxlamadan, əmin olmadan yaymaq çaşqınlığa səbəb olur, eyni zamanda dövlət -din münasibətlərinə zərər vurur. Çünki belə hallar din xadimlərini nüfuzdan salmaq məqsədi güdür. Düşünürəm ki, bunu kimsə məqsədli şəkildə edib və bunun heç bir əsası yoxdur”.

İlahiyyatçı Rauf Hüseyn də sözügedən foto ilə bağlı yazılanların böhtan və qarayaxma olduğunu bildirib: “Din xadimlərini belə şeylərlə qaralamaq, ləkələmək istəyirlər. Bu sağlam düşüncənin, normal fikrin məhsulu deyil. Hamı bilir ki, islamda birbaşa qadağan olunan şey spirtli içkidir və kimliyindən asılı olmayaraq, heç kim bunu eləməz. Bu qeyri -mümkün məsələdir. Hər halda islamı istəməyən və ya Hacı Surxay Məmmədli ilə şəxsi zəmində problemli olan insanlar bunu edirlər. Bu, düzgün deyil. Qarayaxma, şər və böhtana nə islam dinində, nə də sağlam məntiqdə yer yoxdur”.

Qeyd edək ki, süfrədə araq şüşəsinə bənzəyən süşədə tərxun suyu olub.