"Bunlar heç kimdir, əsas "akulalar" çöldədir"- tanınmış futbolçunun da qurban olduğu fırıldaq

04/01/2019 - 17:57 2 668 0   0  

Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş Rövşən Ağayev deyib ki, ev almaq üçün Çingiz Bağırova 134 min manat pul verib. Mənzili aldıqdan sonra evini 2 ilə yaxın kirayəyə verdiyini söyləyən Rövşən Ağayev bundan sonra aldadıldığını öyrənib.

Ədliyyə Nazirliyinin əməkdaşı olan R.Ağayev ifadə verərkən gülümsəməsi ilə diqqət çəkib. Hakim isə bunun səbəbini soruşub: "Elə həvəslə və sevinərək danışırsınız ki, sanki pulunuzu iki qat geri qaytarıblar".

R.Ağayev deyib ki, belə şəxslər məharətlərindən istifadə edərək onu aldadıblar: "Bəzi həqiqətləri qəbul eləmək lazımdır. Artıq olan olub. Mən də aldadılmışam".

Aldadılması haqda danışan R.Ağayev bunları deyib: "Pulu 3 dəfəyə Çingizə vermişəm. Amma evdə yaşamamışam. Mən alanda da kirayədə yaşayan var idi. Kirayədə yaşayanın çıxmasını istəmədim".

R.Ağayev bildirib ki, onu aldadanlar arasında bir nəfər Türkiyə vətəndaşı da var. Zərərçəkmiş həmin şəxsin məsuliyyətə cəlb edilmədiyini deyib:

"Mənə özünü kirayənşin kimi təqdim edən Türkiyə vətəndaşı var idi. Ayda 700 manat kirayə pulu verirdi. Bir gün evə gedəndə öyrəndim ki, kirayədə başqa adam yaşayır. Məlum olur ki, həmin şəxs də bunlarla əlbir olub, məni aldadıb. Mən bunu prokurorluqda da bildirdim. İlk məhkəmə iclasında da qeyd elədim. Amma heç şahid kimi də çağırılmayıb".

Hakim bildirib ki, bu barədə məhkəməyə yazılı müraciət edərsə, araşdırılacaq.

Prosesin davamında digər zərərçəkmiş Amin Kazımov da dindirilib.

O, bir neçə dəfə zərər çəkdiyini və maddi durumunun çətin olduğunu deyib: "Evi aldım, təmir elədim. Bir müddət yaşayandan sonra məhkəmə qərarı ilə evdən çıxarıldım. Çünki ev daha əvvəl başqasına satılıbmış. Evdən əşyalarımı çıxarıb çölə tökdülər. Mən də aparıb rayona yığdım. Özüm də gündəlik maaşa işləyirəm".

Amin Kazımov həbs edilən şəxslərin bu işdə əsas fiqurlar olmadıqlarını deyib. Qeyd edib ki, əsas fiqurlar, "akulalar" başqalarıdır, çöldədirlər.

Hakimlər A.Kazımovdan "akulaların" kimliyini soruşub. A.Kazımov əvvəlcə tərəddüd etsə də, sonradan MTK sədri Emil Məhərrəmovun adını çəkib və bütün pulların onda olduğunu deyib.

A.Kazımov həbs edilən şəxslərin pul qarşılığında orada xırda işlər gördüyünü deyib.

Hakim isə bildirib ki, Emil Məhərrəmov həbs edilib.

Çingiz Bağırov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı suallara belə cavab verib: "Mən özüm ev alıb-satmışam. Aldadıb pulumu alıblar. Mən niyə kiməsə pul ödəməliyəm? Evləri alıb satdığım şəxslər bəllidir. Onlardan alınıb camaata ödənilsin".

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. İttiham akıtına əsasən, “Bakı” MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.

Həmin şəxslər bu işləri şirkətin idarə heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Bildirək ki, bu iş üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın tanınmış sabiq futbolçusu, hazırda “Səbail” klubunda forma geyən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb.