Büdcədən 23 milyonu kim oğurlayıb? - “Üstü açılsa, qaytarıb yerinə qoyaram”

09/04/2019 - 14:40 3 349 0   0  

"Biz sadəcə Hesablama Palatasının fəaliyyətinə qiymət verməli deyilik. Həmçinin, Hesablama Palatasının hesabatında göstərilən nöqsanların aradan qaldırılması üçün ali qanunverici orqan olaraq hərəkətə keçməliyik. Çalışmalıyıq ki, öz üzərimizə düşən vəzifələri yerinə yetirək və Hesablama Palatasına dəstək olaq”.
Bunu deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdə, Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib. Bildirib ki, parlament bu istiqamətdə hökumətlə əməkdaşlıq etməlidir: "Hökumətdən də soruşaq ki, məsələn, niyə Hesablama Palatasının təqdim etdiyi 21 təklifdən 13-ü nəzərə alınıb, 4-ü nəzərə alınmayıb, 4-nə isə baxılmayıb? Biz bu məsələlərdə Palataya dəstək verməliyik”.
Q.Həsənquliyev Palatanın hesabatında cinayət faktlarının əksini tapdığını bildirib: "Büdcədən 23 milyon oğurlamış şəxslərin haqqında hansı tədbir görülüb? Bu gün "oğurlayım, üstü açılsa, sonra qaytarıb yerinə qoyaram” yanaşması var. Hesab edirəm ki, təkcə Hesablama Palatasının bu faktları müvafiq qurumlara göndərməsi ilə kifayətlənməli deyilik. Biz də öz adımızdan həmin materialları Baş Prokurorluğa göndərə bilərik ki, tədbirlər görülsün”.
Siyavuş Novruzov isə bəzi təkliflərini də irəli sürüb. O, Hesablama Palatasının strukturunda ciddi dəyişikliklərin aparılmasını təklif edib. Eyni zamanda yoxlamaların keçirilmə vaxtına etirazını bildirib: "Belə çıxır biz gözləməliyik ki, bir insan lövbərini salsın, oranı dağıtsın, ondan sonra həmin qurumun dağıdıldığı barədə məlumat gələndən sonra yoxlama aparaq. Belə olan halda büdcəni talayan adam cəza çəkməyi daha üstün tutur, nəinki dövlət vəsaitini geri qaytarmağı. Ortada itirən dövlətdir. Bu mənada bəlkə də hesabat illik, yaxud altı aylıq olsa, daha yaxşıdır. Palata dövlət vəsaitinin necə xərclənməsinin monitorinqini aparmalıdır. Lazım olsa, əlavə kadrları da cəlb etmək lazımdır ki, kimsə korrupsiyaya meyllənərsə, onun qarşısı alınsın”. (Musavat.com)