Bu yay Ermənistanda siyasi təlatümlər baş verə bilər - Politoloqdan proqnoz

20/03/2019 - 20:45 10 660 0   0  

Bu gün BAMF-ın ofisində Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun iştirakı ilə “Yeni Regional çağırışlar fonunda Dağlıq Qarabağ problemi” adlı mətbuat konfransı keçirilib. Konfransda bir sıra mətbuat nümayəndələri iştirak edib.

1

 

“Paşinyan danışıqlardan qaçır, Qarabağ klanı pusqudadır”

E. Şahinoğlu Qarabağ problemi ətrafındakı danışıqları dəyərləndirərkən qeyd edib ki, danışıqlarda heç bir irəliləmə mövcud deyil. Təəssüflər olsun ki, Paşinyan hakimiyyətə gəldikdən sonra biz Ermənistanın mövqeyinin daha da sərtləşdiyini müşahidə edirik. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, Ermənistana ciddi təzyiq göstərilmədiyi halda danışıqlar masasından uğur gözləmək olmaz.

Əslində Paşinyan danışıqlarda fəal iştirak edə də bilməz. Çünki, o danışıqlarda haqsız tərəfdir. Paşinyan da bütün ermənilər də bilir ki, onlar qeyri-qanuni yolla Azərbaycan torpaqlarını işğal edib. Ona görə də danışıqların irəliləməsi üçün güzəştə getmək zəruridir. Lakin Paşinyan güzəştə gedə bilməz, çünki o daxili narazılıqdan və daxildə onun “ayağının büdrəməsini” gözləyən qüvvələrdən çəkinir. Qarabağ klanı bu gün passiv görünə bilər, ancaq hələ də onların əllərində kifayət qədər imkanlar var. Paşinyan da bunu bilir və görür ki, Qarabağ klanı pusqudadır. Bundan savayı o hakimiyyətə gələrkən erməni xalqına verdiyi vədlərin demək olar ki, heç birini yerinə yetirə bilməyib. Belə bir zamanda güzəşt Paşinyan iqtidarı üçün ən sonuncu variyantdır.

“Paşinyan ən böyük separatçıdır”

Ümumiyyətlə Ermənistanda bütün siyasətçilər hakimiyyətə gəldikdən sonra siyasi xəttlərini tamamilə dəyişdiriblər. Paşinyan da hakimiyyətə gəlməzdən əvvəl Dağlıq Qarabağ problemi barədə sülh və güzəşt tərəfdarı idi, ancaq iqtidara gəldikdən sonra o öz mövqeyini tamamilə sərtləşdirdi.

Paşinyandan əvvəlki Qarabağ klanının hakimiyyətini biz seperatçı hakimiyyət adlandırırdıq. Lakin yürütdüyü siyasət və verdiyi bəyanatlardan belə nəticəyə gəlirik ki, ən böyük separatçı elə Paşinyan özüdür. Bu gün Paşinyan “heç bir sülhü ərazilərə dəyişməyəcəyik” deməklə danışıqlar prosesini həm ləngidir, həm də Azərbaycanı qıcıqlandırır. Paşinyanın İrana rəsmi səfərindəki “selfi qalmaqalı” bir daha göstərdi ki, o, özündən əvvəlki dövlət başçılarından daha çox seperatçıdır.

Paşinyanın rejissor dostu: “İqtidar Paşinyanı dəyişdi”

Paşinyanın siyasi kursundakı bu dəyişimi ancaq biz demirik. Onun teatr rejissoru olan dostu Georgi Vanyan onun barəsində danışarkən deyir ki, “Paşinyan əvvəllər tam başqa cür bir insan idi. O dəfələrlə yazdığı məqalələrdə, hətta kitablarından birində qeyd etmişdi ki, Qarabağ bizə ancaq baş ağrısıdır, bu məsələ bizə durmadan yeni problemlər yaradır. Ancaq deputat olduqdan və hakimiyyətə gəldikdən sonra o tamamilə dəyişdi. İqtidar onu dəyişdirdi”.

“Yayda Ermənistanda təlatümlər başlaya bilər”

“Qeyd etdiyim kimi, Paşinyan seçkiqabağı kampaniyalarda erməni xalqına verdiyi heç bir vədi yerinə yetirə bilməyib. Ölkə iqtidadiyyatı ağır durumdadır. Türkiyə və Azərbaycanla sərhədlər bağlıdır. İranın öz iqtisadi durumu günü-gündən pisləşir. Rusiyaya gəldikdəysə onsuz da Ermənistan bu ölkədən həm iqtisadi, həm də hərbi cəhətdən asılı vəziyyətdədir. Paşinyanın Avropadan gözlədiyi yardımlar və investisiyalar da gəlib çıxmadı. Bütün bunların müqabilində Paşinyan Dağlıq Qarabağ probleminin həllində sülh üçün bütün qapıları bağlayır və düşünmək olar ki, növbəti aylarda kiçikmiqyaslı hərbi əməliyyatların başlanması artıq Ermənistanda daxili böhranın meydana gəlməsinə səbəb ola bilər. Belə hesab edirəm ki, Ermənistanda bu yay təlatümlər başlaya bilər” deyə, E. Şahinoğlu bildirib.

“Azərbaycan-Ermənistan müharibəsi başlasa KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər”.

KTMT-nin Dağlıq Qarabağ probleminin həllindəki rolunu qiymətləndirən E. Şahinoğlu bildirib ki, KTMT elə bir siyasi institutdur ki, burada sistem işləmir. KTMT üzvləri arasında vahid birlik yoxdur. Və heç də bura üzv olan dövlətlər bir-birilərinə dəstək durmurlar. Həmçinin KTMT-yə üzv olan Belarusiya, Qazaxıstan kimi dövlətlər Azərbaycanla bir çox sahədə sıx əməkdaşlıq edir və bu məsələdə onun haqlı mövqeyini müdafiə edirlər. Ona görə də belə hesab edirəm ki, Dağlıq Qarabağ probleminin həllində KTMT-nin rolu çox zəifdir. Hətta Azərbaycan-Ermənistan müharibəsi başlasa belə KTMT-yə üzv dövlətlər Ermənistanı müdafiə etməyəcəklər. Çünki KTMT Ermənistanın ərazi bütövlüyünə cavabdehdir, Dağlıq Qarabağ isə Ermənistan ərazisi deyil.

“Rusiyadan bu il bir ədəd belə silah almamışıq”

“Rusiya Azərbaycanın bir çox sahədə əməkdaşlıq etdiyi dövlətdir. Azərbaycana ötən il ən çox turist də məhz bu ölkədən gəlmişdir. Lakin ötən günlərdə Rusiya XİN-i öz vətəndaşlarını (erməni əsilli) Azərbaycana səfər edərkən ehtiyatlı olmağa çağırıb. Bu çağırış nə deməkdir? Yəni, Rusiya öz vətəndaşlarına “Azərbaycana getməyin” deyir. Həmçinin bu bəyanatdan savayı, Moskvada məşhur ermənipərəst “Lazarev klubunun” toplantısının keçirilməsinə icazə verilməsi və azərbaycanlıların çalışdığı bazarlarda onlara qarşı təzyiqlərin başlanması Rusiyanın Azərbaycanla əlaqələrində heç də xeyirxah olmadığına işarə edir. Rusiyanın Azərbaycana qarşı yürütdüyü siyasətin səbəbləri müxtəlif ola bilər. Məsələn, Rusiyadan bu il bir ədəd belə silah almamışıq. Həmçinin prezident İlham Əliyev “Rusiyadan modern silahları almağa hazırıq” deməklə bir növ rus hökumətinə mesaj verdi ki, bizə müasir silahlar lazımdır və Rusiyanın sınıq-salxaq silahlarına ehtiyacımız yoxdur. Bütün bunlar iki dövlət arasında cüzi də olsa gərginliklərə səbəb ola bilər, ancaq Azərbaycanın yerləşdiyi region onu Rusiyayla münasibətləri daim nəzarətdə saxlamağa və bu ölkəylə əməkdaşlıq etməyə vadar edir” deyə, E. Şahinoğlu bildirib.

 

“Məhkəmə və seçki sahəsində də ciddi islahatların həyata keçirilməsi zəruridir”

 

Sonda isə E. Şahinoğlu qeyd edib ki, “Son dövürlər ard-arda Rusiya, İran və Gürcütanda heç də Azərbaycanın lehinə olmayan hadisələr baş verir, bəyanatlar verilir. Məhz belə bir dövrdə Azərbaycanda İlham Əliyevin sərəncamıyla sosial sahədə silsilə islahatlar aparılır. Xüsusən prezidentin son fərmanından sonra 431 məhkuma amnistiya verilməsi çox vacib və düşünülmüş bir addımdır. Siyasi fəalların azadlığa buraxılması ölkədəki müxalif kəsimin radikallığa meyilliliyini azaldacaq. Azərbaycana hər tərəfdən təzyiqlərin edildiyi bir dövrdə ölkə daxilində vətəndaş həmrəyliyini qoruyub saxlamaq dövlətimizin gələcəyi və inkişafı üçün ən vacib detaldır. Bu islahatların davamı olaraq Məhkəmə və seçki sahəsində də ciddi islahatların həyata keçirilməsi zəruridir.

1

 

Nicat İsmayılov