“BU XƏBƏRİ EŞİDƏNDƏ DƏHŞƏTƏ GƏLDİM…” – “Açıq deyirlər ki, Prezident fərmanını bir kənara qoyaq”

10/04/2019 - 14:51 3 370 0   0  

Milli Məclisin deputatı, baş nazirin sabiq birinci müavini Əli Məsimlinin“AzPolitika.info”ya müsahibəsini təqdim edirik:

- Əli müəllim, mayın sonlarında Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanması gözlənilir. Sizcə, bu saziş Azərbaycana nə üçün lazımdır?

– Qeyd edim ki, Azərbaycanla Avropa Birliyi arasında sazişin imzalanmasının vacibliyi məsələsini mən Avropa ölkələrinə səfərlərim zamanı yüksək səviyyəli tribunadan səsləndirirəm. Bu, təkcə mənim müsbət reaksiyam deyil. Çıxış etdiyim auditoriyaların belə bir sazişin imzalanmasına müsbət reaksiyası məni sevindirir. Azərbaycanın Avropaya inteqrasiyasının sürətəndirilməsi üçün, indiyə qədər əldə edilən təcrübədən, o cümlədən tənqidlərdən və obyektiv fikirlərdən nəticə çıxarmaqla, Avropa-Azərbaycan münasibətlərini daha yüksək pilləyə qaldırmaq lazımdır. Avropa-Azərbaycan inteqrasiyası ancaq neft və qaz üzərində deyil, həmçinin insan haqları, demokratiya, humanitar sahələrlə bağlı olmalıdır. Yəni Azərbaycanın potensialının bütün istiqamətlərdə Avropaya göstərilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər imkanları var ki, Avropa ilə həm ticarət əlaqələrini, həm də humanitar əlaqələrini inkişaf etdirsin və genişləndirsin. Necə ki, Azərbaycan Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizlik mövzusunda fikirdə, sözdə və əməldə fəal rol oynayır, hələlik yeganə alternativ mənbə olaraq Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Əməkdaşlıqlar dərinləşdikcə və inkişaf etdikcə Azərbaycanın imicinə müsbət hallar gələcək. Və bu, bizim Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərəcək.

- Xarici işlər naziri Elmar Məmmədyarovun Brüssel səfəri zamanı məlum oldu ki, saziş üzərində ciddi dialoq aparılsa da, razılaşdırılmayan məqamlar da var. Yəni sazişin 90 faizi razılaşdırılıb, 10 faizi razılaşdırılmayıb. Razılaşdırılmayan müddəalar barədə məlumatlısınızmı?

– Avropa Birliyi ilə imzalanacaq sazişin strukturuna baxanda qənaətim belə oldu ki, burada razılaşdırılması mümkün olan məqamlar razılaşdırılması mümkün olmayan məqamlardan daha çoxdur. Və ortaq məxrəcə gəlmək olar. Amma elə məsələlər var ki, məsələn, siyasi məhbus məsələsində tərəflərin özünün yanaşma üslubu var. Hesab edirəm ki, müzakirə və dialoqlar vasitəsilə bu yanaşma üsullarında ortaq məxrəcə gəlmək mümkündür və gəlmək də lazımdır. Azərbaycanda bilavasitə məhkəmə-hüquq sistemində islahatların başlanması, hesab edirəm ki, razılaşdırılması mümkün olmayan məqamların razılaşdırılmasına təkan verə biləcək. Məhkəmə-hüquq sistemində islahatların aparılmasına dair Prezident fərmanı, zənnimcə, kifayət qədər ciddi hadisədir və beynəlxalq aləm tərəfindən müsbət qarşılanıb. Orada yazılanların həyata keçirilməsi Azərbaycanda məhkəmə-hüquq sisteminin lazımı tələblər səviyyəsində qurulmasına kömək edəcək. O zaman razılaşdırılmayan məqamların tezliklə həll edilməsi, sonra isə həmin istiqamətdə əlavə problemlərin yaranmamasına şərait yaradacaq.

- İslahatlar haqqında qərar vermək, siyasi iradə nümayiş etdirmək ciddi hadisə olsa da, bəzən onun icrası arzu edilən səviyyədə olmur…

– Mən hər zaman qeyd edirəm ki, Azərbaycan bütün istiqamətlər ortadan yuxarı səviyyədə qanunlarla təmin edilib. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi isə qəbul edilən qanunların nə dərəcədə həyata keçirilməsi, verilən fərmanların tətbiq olunmasıdır. Birinci hissədə problemin olmaması və ya çox az olmasını obyektiv şəkildə demək olar. Lakin ikinci hissədə, yəni qanunların reallaşdırılması, həyata keçirilməsi sahəsində xeyli problemlər var. O cümlədən verilən fərmanlarda da belədir. Məsələn, dünən aldığım məlumatdan dəhşətə gəlmişəm. Azərbaycan Prezidenti xarici valyutada olan kreditlərlə bağlı, deyərdim ki, çox sanballı fərman imzalayıb. Həmin fərmanda detallı formada 2015-ci ilin devalvasiyaları nəticəsində insanların məruz qaldığı itkilərin həm kompensasiyası, həm də arada yaranan borcun ödənilməsi üçün əlverişli şərait yaradılmasını nəzərdə tutulur. Bu, faktiki olaraq milyonlarla insanı düşdüyü ağır şəraitdən çıxarmaq deməkdir. Üstəlik, fərman daha çox bank sisteminə fayda gətirəcək, onu canlandıracaq, sağlamlaşdırılmasına təkan verəcək. Bu, faktiki olaraq orta səviyyədə əmək haqqı alıb, amma onun böyük hissəsini bank kreditlərinin ödənişini etdiyinə görə, ayda 180 manata qədər vəsaitlə dolanma mənzərəsini yaradan 100 minlərlə insanın düşdüyü vəziyyətdən çıxması deməkdir. Belə bir sanballı fərmanın reallaşdırılmasına baxırsan: bir tərəfdən müsbət tendensiyaları görürsən. Məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlar üzərinə düşən işləri görürlər. Artıq siyahılar tutulub, banklar insanlara müraciət edirlər, onların nə qədər kompensasiya alacağını, bunu hansı formada alacaqlarını deyirlər. Amma bir qrup banklarda çalışanlar isə nəyəsə və kiməsə arxayındır, köhnə üsullarla insanları incitməkdə davam edirlər. Müraciət edənlərə açıq deyirlər ki, Prezident fərmanını bir kənara qoyaq, siz əvvəlki qaydada ödənişləri davam edin. Hədə-qorxu da gəlirlər ki, ödənilməsə, sizi məhkəməyə verəcəyik. Dünən mənə edilən müraciətdən məlum olub ki, bir təqaüdçü ayda 200 manat pensiya alır və bank bu məbləği bütövlükdə onun əlindən alır. Birincisi, bu qanuna ziddir, qanunu pozmaqla həmin bank bilavasitə cinayət törətmiş olur. İkincisi, bu hadisənin nə insanlıqdan, nə də insaflıqdan payı yoxdur. Əgər pensiyaçının aylıq 200 manatının hamısını əlindən alırsansa, bu insan nə ilə yaşayacaq? Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlar monitorinqlər keçirməli və Azərbaycan Prezidentinin yüksək səviyyəli hesab olunan fərmanının icrasını inkişaf etdirməli, eyni zamanda bəzi dələduzların fərmandan irəli gələn tələbləri yerinə yetirməsindən boyun qaçıraraq vətəndaşları aldatmaqda davam etməsi hallarını müəyyən etməli, bunu ictimaiyyətə çatdırmalıdır. Hesab edirəm ki, həmin pozuntulara yol verən şəxslər də tutduqları işlərindən kənarlaşdırılmalıdır.

eli mesimli

- Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması planlaşdırılan sazişdə bir mübahisəli məqam da Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. Sizə görə, bu məsələ hansı formada tənzimlənə bilər?

– Mən, bu məsələyə birmənalı müsbət yanaşmışam. Ona görə ki, Azərbaycanın ÜTT-yə daxil olması yalnız o vaxt təhlükəli olar ki, biz buna hazırlıqsız olaq. Başqa sözlə, dənizə baş vurmaq istəyirsənsə, öncə üzməyi öyrənməli, sonra isə dənizə daxil olub ümumi tendensiyaya qoşulmalısan. Dünya ölkələrinin əksəriyyəti ÜTT-yə üzvdür və dünyanın ticarət sistemi də bu qurum vasitəsilə həyata keçirilir. Əgər biz ÜTT-yə daxil olan zaman inkişaf edən ölkə kimi deyil, özümüzə uyğun formada daxil olarıqsa, bu Azərbaycana orta müddətli dövr üçün güzəştlərin verilməsinə gətirib çıxaracaq. Digər tərəfdən, kənd təsərrüfatı sahəsində “yaşıl zənbil” prinsipindən istifadə etməklə, ekoloji təmiz məhsul istehsalı üçün istədiyimiz qədər kənd təsərrüfatı sahəsinə subsidiya verməkdə davam edə bilərik. Yəni çıxış yolları çoxdur.

- Hansı formada tənzimlənə bilər?

– Onu deyirəm ki, ÜTT-na daxil olmaqdan çəkinmək lazım deyil. Azərbaycanın kifayət qədər potensialı var və əgər biz ÜTT-na daxil olsaq, bunun xeyri çox olar. Azərbaycan işbaz belə adlandırılması mümkün olmayan bəzi insanların ucbatından keyfiyyətsiz malların satış poliqonuna çevrilib. Əgər ÜTT-na daxil olsaq, bu olmayacaq. Digər tərəfdən, bəzi xarici məhsullarla yerli məhsul arasında rəqabət başlayacaq və daxildə rəqabət qabiliyyətli məhsul istehsalı artacaq. Ola bilsin ki, hansısa sahələrdə mənfi təsirlər edəcək. Beləliklə də rəqabət mexanizminin toqquşması “Azərbaycanda hansı sahələri daha çox inkişaf etdirməliyik” sualına cavab tapacaq. Bu mənada hesab edirəm ki, Avropa Birliyi ilə sazişdə qeyd olunduğu kimi, ÜTT-na daxil olmaq məsələsinə Azərbaycan hökuməti yenidən qayıtmalı və prosesi sürətləndirməlidir.

- Ermənistan Azərbaycanın ÜTT-yə daxil olmasına veto tətbiq edə bilərmi?

– Ermənistan hətta bunu istəsə belə, kifayət qədər təzyiqlər olacaq ki, bu addımını ata bilməsin.