“Bu seçkidə əsas rəqibim Putindir…” – Poroşenko

27/03/2019 - 16:38 8 500 0   0  

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko növbəti dəfə Rusiyanı onun ölkəsini parçalamaq cəhdlərində ittiham edib. Martın 31-də keçiriləcək prezident seçkisilə bağlı danışan Poroşenko bu seçkidə onun başlıca rəqibinin Vladimir Putin olduğunu bəyan edib:

“Kimdir mənim rəqibim? Çəkinmədən, açıq mətnlə bunu yalnız mən deyirəm. Çünki digərləri (prezidentliyə namizədlər-red.) bunu deməyə qorxurlar, ona görə ki, sonradan ora (Rusiyaya-red.) hansısa açıq, yaxud gizli yol tapmağı düşünürlər. Mənimsə bu seçkidə əsas rəqibim Putindir”.

Poroşenko bu açıqlaması ilə digər real namizədləri Rusiya rəhbərliyilə əlaqə qurmaqda, hətta Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırıb: “Mənim üçün fərqi yoxdur, Kolomoyski başda olmaqla, oliqarxların hansı Putinin xeyrinə oynayacaq. Çünki bizim dövləti zəiflədən hər şey Putini gücləndirir”.

Xatırladaq ki, Poroşenkonun adını çəkdiyi İqor Kolomoyski hazırda reytinqlərə görə prezidentlik yarışında lider olan şoumen Vladimir Zelenskinin əsas himayədarı hesab olunur.

P.Poroşenko çıxışında onu da qeyd edib ki, Rusiya getdikcə daha çox təcrid olunur və bu səbədən Ukraynanı istənilən yolla parçalamağa hazırdır.