“Bu ərazilər qaytarılmalıdır” - Köçəryan niyə etiraf etdi

25/10/2018 - 20:54 2 323 0   0  

Köçəryanın açıqlamaları artıq bu məsələlər haqqında ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə təmsilçilərinin Qarabağ münaqişəsi ilə bağlı açıq danışdığını ortaya qoyur.

Bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanata münasibətini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, Köçəryan açıqlamasında bir çox məqama toxunub:

“Eyni zamanda Köçəryan vurğuladı ki, bütün hallarda qərarı siyasi hakimiyyət verməlidir və bu qərar populyar olmayacaq. Yəni faktiki olaraq, Köçəryan etiraf edir ki, münaqişəni Ermənistan nə qədər uzatmağa cəhd göstərsə də, nəticə etibarı ilə Azərbaycan torpaqlarını işğaldan azad edilməsi ilə bağlı qərar verilməlidir. Əks təqdirdə proseslər İkinci Qarabağ müharibəsinin başlaması istiqamətində inkişaf edə bilər. Bu da Ermənistan üçün uğurlu heç nə vəd etmir. Prinsip etibarı ilə Köçəryanın söylədiklərinin alt qatında duran məqam budur. Eyni zamanda Köçəryanın açıqlamasından da məlum olur ki, bu günə qədər erməni siyasi rəhbərliyinin erməni cəmiyyətinə hansı bəyanatlar verməsindən asılı olmayaraq, həm Köçəryan, həm Sərkisyan, həm Paşinyan dövründə Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsi hər zaman danışıqların predmeti olub. Bu baxımdan Köçəryan faktiki olaraq, öz prezidentliyi dövrü də daxil olmaqla, rəsmi şəxslərin erməni cəmiyyətinə yalan danışdığını açıq şəkildə etiraf edir”.

Analitik qeyd edib ki, Köçəryan çox güman Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılmasından bəhs edib:

“Köçəryan “konkret ərazilər qaytarılmalıdır” fikrini tamamlamasa da, prinsip etibarı ilə bu günə qədər hansı rayonlardan söhbət getdiyi bəllidir. 5+2 formatı dəfələrlə səsləndirilib. Bu fikirlər yeni deyil”.

Analitik vurğulayıb ki, əslində ABŞ-ın Ermənistandakı səfirinin son mətbuat konfransındakı açıqlaması təsadüfi deyildi:

“Bu, danışıqların mahiyyətini ortaya qoyan məsələ idi. Ermənistan cəmiyyətinə başa salınırdı ki, bütün hallarda Azərbaycan torpaqlarını işğaldan azad etmək lazım gələcək. Onsuz da danışıqların əsas predmetinin mahiyyəti ortaya çıxmışdı və bu, Ermənistan cəmiyyətinə açıqlanmış bir fikir idi. Bu baxımdan da Ermənistanın siyasi elitasının (fərqi yoxdur, keçmiş, ya indiki) prosesin həllini etiraf etməkdən başqa yolu qalmır. Əslində Köçəryan bu fikirləri açıqlamaqla həm də çox güman ki, seçki öncəsi müəyyən qədər də olsa, Paşinyana təzyiq göstərməyə çalışır və Qarabağ kartını işə salmağa cəhd göstərir. Amma bütün hallarda onun söylədikləri də havadan götürülməyib. Köçəryanın bu açıqlaması real situasiyanı qismən də olsa, (erməni maraqlarından çıxış etsə də), əks etdirir”.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin öz vəzifə səlahiyyətlərini başa vurmazdan əvvəl Qarabağ münaqişəsilə bağlı verdiyi bəyanatı şərh edərkən bildirib ki, ABŞ səfirinin bu bəyanatı onun şəxsi fikri və mövqeyi deyil. Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı növbəti səfiri də belə bəyanat verəcək:

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində işğal edilmiş konkret rayonların Azərbaycana qaytarılması məsələsi həmişə danışıqların predmeti olub. ATƏT-in Minsk Qrupunun bütün həmsədr ölkələri də həmin ərazilərin qaytarılmasının zəruri olduğu düşüncəsindədirlər”.