“Bu cür insanlara qarşı 4-5 nəfərin dayanması nə dərəcədə qəbulediləndir?” - Fəzail Ağamalı

20/12/2018 - 09:36 8 083 0   1  

Avropada mərkəzləşən “söyüş müxalifəti” son günlərdə yenidən fəallaşıb. Siyasi mübarizənin ən çirkin yoluna əl atan bu şəxslərə qarşı Azərbaycan tərəfdən verilən sərt təpkilərdə bəzi məmurların, hökumət tərəfdarlarının kənarda qalması, susqun mövqe sərgiləmələri yenə müzakirə mövzusudur.

Xaricdəki Azərbaycan diasporasının bu istiqamətdəki fəaliyyəti də tənqid hədəfidir.
Parlamentin son iclasında Siyavuş Novruzov hər kəsi siyasi mübarizədə söyüş ritorikasına üstünlük verən şəxslərə cavab verməyə çağırıb. Sitat: “Biz addımımızı geri qoyduqca, bunlar bir az da gəlirlər buradakıların üzərinə. Dövlətimizin baş qurucusu haqqında olmazın təhqir ifadələr yağdırırlar. Biz niyə susmalıyıq? Biz niyə bunların cavabını verməməliyik? Bir qrup hesab edir ki, biz onların səviyyəsinə düşməməliyik. Mən bu mahnını 20 ildir bu parlamentdə eşidirəm. Söz demək istəmir, ona görə də bu bəhanə ilə sözün altından çıxmağa çalışır. Burada oturan deputatların hər birini təhqir edirlər. Ölkənin ziyalısı da, alimi də, akademiki də, deputatı da bunların cavabını verməlidir. Hər kəs öz prezidentini, ümummilli liderini qorumalıdır. Biz bunları başlı-başına buraxmışıq. Bunlar nə milli azadlıq hərəkatında, nə Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər, nə xalqın taleyüklü məsələlərinin həllinə qatılıblar, nə ictimai-siyasi həyatda olub, nə siyasi partiyanın tərkibində fəaliyyət göstərib. Müxtəlif ölkələrdə müxtəlif adlar altında ordan-burdan pul alıb Azərbaycana qarşı təxribatlarla məşğuldurlar”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında kifayət qədər sərt danışdı: “Əvvəla, onu demək istəyirəm ki, Azərbaycan daha ciddi uğurlara imza atdıqda, Dağlıq Qarabağ məsələsində dövlət başçısının və cəmiyyətimizin sərt mövqeyi ortaya qoyulduqda, Azərbaycan dünya miqyasında öz nüfuzunun güclənməsi ilə bağlı ciddi addımlar atdıqda bu cür yaramazlıqlar, tərbiyəsizliklər, əxlaqsızlıqlar daha qabarıq şəkildə özünü göstərir. Birmənalı şəkildə demək istərdim ki, onların Azərbaycana heç bir bağlılıqları yoxdur. Onlar yaxşı həyat tərzi keçirmək üçün ölkəmizi sevməyən, Azərbaycana düşmən kəsilən anti-Azərbaycan qüvvələri ilə birlikdədirlər. Onların koalisiyasında yer alıblar. Onlar birmənalı şəkildə antimilli qüvvələrdir. Ona görə də hər şeydən əvvəl bunu demək istəyirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Parlamentin son iclasında hörmətli Siyavuş Novruzov da bu məsələni önə çəkərək çox haqlı olaraq söylədi ki, monitorinq aparılmalıdır. Öz tərbiyələrinə uyğun şəkildə şər-böhtan yağdıranların, əxlaqsızlıq edənlərin yaşadıqları ölkələrin rəsmi orqanlarına müraciət edilməlidir. Bildirilməlidir ki, əgər Azərbaycandan sizə qarşı bu cür davranışlar nümayiş etdirilsəydi, hansı addımları atardınız? Bir müddət öncə Prezident Aparatının İctimai-siyasi şöbəsinin müdiri, cənab prezidentin köməkçisi, hörmətli Əli Həsənov söyüş kampaniyasına qarşı bütün Azərbaycan cəmiyyətini cavab verməyə səsləmişdi. Bir neçə gün bundan öncə Əli müəllim bir daha onu təkrarladı. Amma təəssüf ki, bəzi şəxslər bunu etmirlər. Diqqət edin, görün ki, Azərbaycanın siyasi arenasında, hökumətdə təmsil olunanlardan kimlər onların qarşısında dayanırlar, sözlərini deyirlər, bu cür tərbiyəsizliklərin qarşısını almaq üçün çağırışlar edirlər. Təsnifat aparsanız, hər kəsi aydın görəcəksiniz. Çox təəssüf ki, o tərbiyəsiz insanlara reaksiya bildirənlər çox azdır. Doğrudur, bu gün hakimiyyətdə təmsil olunan, hakimiyyətdən kifayət qədər üstün imkanlar qazanan məmurlar bu proseslərə mütləq qoşulmalıdırlar. Hansısa br formada bunu etməlidirlər. Cəmiyyət elə əxlaqsız insanların üzərinə kəskin fikirlərlə, onları ifşa edən arqumentlərlə getməlidir. Onların qarşısına çıxmadıqda daha da azğınlaşırlar. Kim onlara qarşı çıxırsa, başlayırlar həmin insanları əxlaqsız sözlərlə, şər böhtanlarla təhqir etməyə. Bəziləri ailəsindən, uşağından utanaraq bu cür əxlaqsızların qarşısında dayanmalı olurlar. Amma bütün cəmiyyət onlara qarşı getsə, hüquq-mühafizə orqanları konkret addımlar atsa və onlar Azərbaycan qanunları çərçivəsində cəzalarını alsalar, bu cür hallara son qoyula bilər. Azərbaycan dövlətini, onun prezidentini və ailəsini, ölkə siyasətçilərini, ziyalılarını, şəhidlərini, Mübariz İbrahimov kimi qürur mənbəyimiz olan qəhrəmanımızı təhqir edənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir. Burada artıq istisnalar yoxdur. Vahid bir mövqedən çıxış edərək bu cür əxlaqsızlara qarşı qətiyyətli mövqe nümayiş etdirilməlidir”.
Deputat “söyüş müxalifəti”nə qarşı çıxanların azlığından da gileyləndi: “Bu cür insanlara qarşı 4-5 nəfərin dayanması nə dərəcədə qəbulediləndir? Bəs qalanlar? Onlar niyə danışmır? Bu dövlətin imkanlarından kifayət qədər bəhrələnənlərə üzümü tutub deyirəm ki, əzizlərim, gəlin birgə bu cür tərbiyəsizlərə qarşı mübarizə aparaq, iradəmizi birgə ortaya qoyaq, dövlətimizin, onun başçısının şərəf və ləyaqətini birgə müdafiə edək, o zaman milli-mənəvi dəyərlərimizin yanında oluruq. Belə olarsa, bu cür qanqallardan təmizlənmək mümkündür. Bunlar edilməsə, qanqal toxumu hara düşsə, onun çoxalma imkanları olur. Qanqal toxumlarının cavabını vermək üçün ciddi şəkildə hərəkətə keçməliyik”.