“Bu, anormallıq sayılmalıdır” – Fazil Mustafadan himn müzakirələrinə cavab

06/11/2018 - 14:43 1 150 0   0  

Mən artıq süni pafosa, saxta ritorikaya tavanın dibində təzəcə yanıb-qurumuş yemək kimi baxıram. Hələ mətbəxi bürümüş bu yanıq iysinin iybilmə orqanlarımızla dözülməz uduşunu xatırlatmaq belə istəmirəm. Azərbaycan himni bizim dəyərimizdir, Konstitusiya ilə möhürü vurulmuş hüquqi atributdur və onu mətnini və musiqisini kimsə əvəzləmək istəmir, belə bir təşəbbüs də yoxdur və hətta belə bir təşəbbüslə çıxış etmək də anormallıq sayılmalıdır.

Bu sözləri millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, Azərbaycanın himni mətn və musiqi olaraq həm də bir sənət əsəridir, insan əməyinin, inellektinin məhsuludur, zövqlərə görə fərqli dəyərləndirilməsi, müzakirəsi aparıla bilər və bunu top-tüfənglə, vətənpərvərlik fışğırığı ilə qarşılamaq sadəcə, səviyyəsiz hərəkətdir:
“Son günlər tez-tez rastıma çıxır həmin süni pafoslu, saxta ritorikalı cümlələr: “Himnimizə toxunmaq olmaz!”, “Himnimizin bir hərfini belə dəyişmək olmaz!” və s. Əlbəttə, dövlət atributlarına qarşı duyarlılıq xoş bir hərəkətdir, buna ancaq sevinmək olar. Ancaq bunu süni pafossuz, saxta ritorikasız etmək olmazmı?
1918-ci ilin oktyabrında bayrağımız başqa idi, ingilis işğal qüvvələri təkid etdi, dəyişməyə məcbur olduq. Gerbimizdə alovun rəmzinin yerinə “Allah” sözü yazıldı. İndiki himnimizin bəzi sözləri müasir dilimizin qaydalarına uyğunlaşdırılaraq dəyişdirilib, Üzeyir bəyin musiqisinə də əl vurulub, iki bəstəkar tərəfindən aranjman edilib. İndi bütün bu dəyişikliklərə görə himnsevərlərdən etiraz əlaməti olaraq başını yaran, özünü yandıran, kimsə varmı?”
Fazil Mustafa qeyd edib ki, artıq dövr dəyişib, “başımı yararam”, “özümü yandıraram”, “başıma güllə vuraram” üslubundan uzaqlaşaraq insan ağlı ilə düzüb-qoşulan, icad edilən hər bir predmetin, eləcə də bu predmeti icad edən şəxslərin müzakirə oluna bilməsindən qətiyyən çəkinmək lazım deyil.
Qeyd edək ki, deputat Tahir Kərimli Azərbaycan himninin dəyişdirilməsini təklif edib. Onun təklifi ictimai müzakirəyə səbəb olub./Teleqraf.com/