“BİZƏ YENİ KONSTİTUSİYA LAZIMDIR” – Paşinyan xalqa müraciət edib

05/07/2024 - 14:02 904 0   0  

Azərbaycanın tələbləri yerinə yetiriləcəkmi?

Ermənistanın yeni konstitusiyaya ehtiyacı var. 

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Konstitusiya ölkədə həyat qaydaları, hüquq və vəzifələr haqqında vətəndaşların kollektiv müqaviləsidir. Lakin hazırkı konstitusiya bu tələblərə cavab vermir: “Mövcud Konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum hallara görə, bu gün Ermənistan vətəndaşları indiki Konstitusiyanın onların cəmiyyətdə və dövlətdə həyat qaydaları haqqında fikirlərini əks etdirdiyinə inanmırlar. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”.

Baş nazir qeyd edib ki, əsas problem təkcə Konstitusiyada yazılanlarla deyil, həm də onun necə qəbul edilməsindədir.

Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni Konstitusiya lazımdır: "Bizə konstitusiyanın yaradıcısı olan xalqla üzvi şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır".

O, həmçinin qeyd edib ki, yeni Konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Bununla belə, baş nazir vurğulayıb ki, ölkənin institusional, psixoloji və fiziki sabitliyinin gücləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır.

Paşinyan açıq deməsə də, yeni konstitusiyanın Ermənistanın real sərhədlərini nəzərə almalı və ərazi iddialarından uzaq durmalı olduğuna eyham vurub. Belə ki, baş nazir Ermənistan Respublikasını beynəlxalq səviyyədə tanınmış ərazilərdə “azadlıq, firavanlıq, xoşbəxtlik və təhlükəsizliyi” təmin etmək üçün alət kimi yaradılan “əsl Ermənistan” xalqının maraqlarına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Ermənistan 1991-ci ildə müstəqilliyini elan edildikdən sonra 1995-ci il iyulun 5-də keçirilmiş referendumda Konstitusiyası qəbul edilib və həmin gün dövlət bayramı kimi qeyd olunur. Ötən illərdə ölkənin Əsas Qanununa iki dəfə, birincisi 27 noyabr 2005-ci ildə, ikincisi isə 6 dekabr 2015-ci ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

Bu il yanvarın 19-da Paşinyan yeni konstitusiyayanın qəbul olunmasının vacibliyidən danışaraq, Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bəyan edib.

"Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edən Konstitusiyamız olmalıdır", - Baş nazir bildirib.

Xatırladaq ki, Azərbaycan dəfələrlə bəyan edib ki, İrəvanla sülh müqaviləsi bağlamaq üçün əsas maneə Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarının saxlanmasıdır.

C.Məmmədov