“BİZ ERMƏNİLƏRLƏ ÖZ ÖLKƏMİZDƏ MÜHARİBƏ EDİRİK" - Estoniyada yaşayan azərbaycanlı professor

16/10/2020 - 12:48 4 294 0   0  

Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü, Estoniyanın Tartu universitetinin professoru Xaqani Qayıblı  Estoniyanın nüfuzlu “Postimees” qəzetinin “PM TV” telekanalına müsahibə verib. Müsahibəni ixtisarla tədqim edirik.
- Siz xüsusi xidmətlərə görə, Estoniyanın fəxri vətəndaşısınız. Hansı xidmətlərə görə?

- Fəxri vətəndaşlıq mənə iyirimi il öncə Mart Laar höküməti tərəfindən Estoniya və Türkiyə respublikaları arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyim xüsusi xidmətlərə görə verilib.
- İngiltərənin keçmiş baş nazirlərindən olan Neville Chamberlain müharibədə qaliblərin olmadığını, yalnız uduzanların olduğunu deyib...
- Şübhəsiz, müharibədə hər zaman uduzanlar var. Eyni zamanda, müharibə də qalıcı sülhü təmin edir. Böyük sərkərdə Fatih Sultan Məhmət demişdir ki, hər kəslə müharibə etmək olar, amma sülhü yalnız şərəfli insanlarla bağlamaq olar.
- Qarabağdakı müharibə, mübahisələr baxımından digər oxşar yerli qarşıdurmalar üçün olduqca xarakterikdir: Abxaziya və Cənubi Osetiyadakı Gürcüstan-Rusiya müharibəsi, həmçinin, Moldova bölgəsindəki Dnestryanı konflikt və sairə. Bir tərəf beynəlxalq səviyyədə tanınmış ərazilərini müdafiə edir, digər tərəf isə öz xalqını qorumaqla mükəlləf olduğunu deyir.
- Birmənalı olaraq, hər iki tərəf də haqlıdır.
- O zaman ermənilər haqlıdırmı?
- Ermənilərin də bir xalq olaraq yaşamaq və özlərini qorumaq haqları var. Amma unutmayaq ki, Azərbaycan dövlətinin də öz ərazi bütünlüyünü bərpa etmək hüququ var və üstəlik, bu hüquq Birləşmiş Millətlər Təşkilatı tərəfindən dörd qətnamə ilə təsdiq edilib. Təəssüf ki, çeyrək əsrdən çox bir zaman keçməsinə baxmayaraq, heç kim bu qətnamələrin həyata keçirilməsinin vacib olduğu haqda cınqırığını çıxartmayıb. Amma bu o demək deyil ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etməməlidir.
- 26 il əvvəl ATƏT-in Minsk qrupu tərəfindən Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşmaları əldə edildi. İndi birdən-birə...
- Əslində birdən-birə deyil. 26 ildə Dağlıq Qarabağ ətrafındakı ərazilərin mərhələli şəkildə də olsa Azərbaycana qaytarılması gərəktiyi halda, təəssüf ki, bu yöndə heç bir irəliləyiş olmadı. Hər şeyin bir həddi-hüdudu var. Azərbaycan sonsuzadək oturub gözləyə bilməzdi ki, baxaq görək bizim ərazi bütünlüyümüz nə zaman təmin ediləcək. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, son illərdə Ermənistanın mövcud hökuməti açıq şəkildə Azərbaycanı müxtəlif səpgidə təhrik etməyə başladı. Məsələn, xaricdə, xüsusən Orta Şərqdə yaşayan erməni və qeyri erməni əsilli ailələri Qarabağa yerləşdirmək, Xankəndində qondarma Dağlıq Qarabağ rejiminin başçısına nümayişkaranə “and içmə mərasimi” keçirmək, qondarma rejimin “parlamentinin” Azərbaycanın qədim şəhəri Şuşaya (1992-ci ilə qədər Dağlıq Qarabağda azərbaycanlıların sıx yaşadığı bir şəhər - A.R.)  köçürülməsini dilə gətirmək kimi təhrik edici amillər Azərbaycanı adekvat cavab verməyə sövq edirdi. Bundan əlavə, Ermənistanın baş naziri Paşinyanın MDB dövlət başçılarının iştirak etdiyi toplantıda “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsi açıq şəkildə Azərbaycana qarşı bir təxribat idi. Bu səbəblərdən dolayı, deyim yerindəysə, müharibə artıq qapının ağzına dirənmişdi. Azərbaycan isə öz növbəsində qarşı tərəfə adekvat olaraq əks-hücumla cavab vermək məcburiyyətində qaldı.
- Dediyiniz kimi, hər bir dövlətin öz ərazi bütövlüyünü təmin etmə hüququ vardır, lakin hər bir dövlət də öz xalqını qorumalıdır. Heç bir ölkənin başqa bir milləti təqib etmək haqqı yoxdur.
- Doğrudur.
- Bir az daha mürəkkəb sual vermək istəyirəm. Əgər Azərbaycan işğal altındakı ərazilərini azad edib nəzarəti ələ keçirərsə və ermənilər orada yaşamağa davam edərlərsə, onlar əmin ola bilərmi ki, başlarından bir tük əskik olmayacaq?
- Bu sualınıza faktla cavab verəcəm. Bir neçə gün əvvəl Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə birinci dəfə Ermənistan tərəfindən atəşə tutulanda mərmilərdən biri bilirsinizmi kimin evinə düşdü? Həmin şəhərdə yaşayan 76 yaşlı bir erməni qadınının evinə. Yerli azərbaycanlılar isə onu dağıntılar altından çıxarıb xəstəxanaya apardılar. Bu haqda yetərincə video-görüntülər var. Bu, əlbəttə ki, həm dövlət olaraq Azərbaycanın, xalq olaraq da azərbaycanlıların öz ərazisində yaşayan və bu ölkənin vətəndaşı olan ermənilərin təhlükəsizliyinə zəmanət verdiyini göstərən bariz numunədir. Ayrıca, aparılmış statistikaya görə, Azərbaycanda halhazırda 30 minə yaxın erməni yaşayır. Ermənistanda isə hətta bir nəfər azərbaycanlının yaşamadığını bilirsinizmi?
- Bunu deyə bilmərəm. Ancaq deyə bilərəm ki, ermənilər 1988-ci il Sumqayıt poqromlarını və hətta 1915-ci il soyqırımını xatırladırlar.
- Etiraf edim ki, münasibətim olmadığından erməniləri o qədər də yaxından tanımamışam. Son vaxtlarda isə araşdırmalarım nəticəsində bunların nə qədər qərəzli və özləri uydurduqları yalanlarla yaşayan millət olduqları qənaətinə gəlmişəm. Nə soyqırımı? Dediyiniz soyqırım idimi sizcə? Bu sadəcə iki dövlət – Çar Rusiyası ilə Osmanlı arasındakı müharibə idi və bölgədə yaşayan ermənilər yaşadıqları Osmanlı dövlətinə xəyanət edərək,  Rusiya qoşunlarının tərəfinə keçib döyüşməyə başladılar. Türkiyə isə öz vətəndaşlarını qorumaq məqsədi ilə erməniləri bölgədən qismən daha təhlükəsiz yerlərə uzaqlaşdırdı. Şayət siz yüz il öncə 1915-ci ildə müharibə əsnasında yaşanan hadisənin soyqırım olduğunu iddia edirsinizsə, bəs nədən dünən-srağagün gözümüzün önündə baş verən Xocalı soyqırımını görməzdən gəlirsiniz?
- Bəli, Xocalı soyqırımı 1992-ci ildə, ermənilər və onları dəstəkləyən birləşmələr tərəfindən bir sutka ərzində Qarabağda yerləşən şəhərin 650-dən çox dinc azərbaycanlı əhalini qətl etdi.
- Və şəhəri yandırıb yerlə yeksan etdilər!

- Estoniya Konstitusiyasına görə, Estoniyanın quru sərhəddi 2 Fevral 1920-ci il tarixli Sülh müqaviləsi və digər beynəlxalq müqavilələrlə müəyyən edilmişdir. Bununla birlikdə, Estoniya ərazilərini geri qaytarmaq üçün heç bir tələbdə bulunmadı. Amma Azərbaycan tələb edir...
- Bir Estoniya vətəndaşı olaraq Tartu Sülh Müqaviləsinə riayət edilməsinin tərəfdarıyam. Sən bir eston olaraq bunu tələb etməyə bilərsən. Məncə burada milli mentalitet də az rol oynamır. İnsan unutqan məxluq olduğundan, psixoloji olaraq, hər hansı bir hadisənin üstündən bəlli bir zaman keçdikdən sonra, baş verənlər artıq keçmişdə qaldı deyə etinasızlıq göstərir. Bu mövzu haqqında şəxsən maraqlanmışam və estonlardan Peçoranın geri qaytarılmasını istəyib-istəmədiklərini soruşmuşam. Cavab məni təəccübləndirib: orada yaşayan estonlar artıq ruslaşdırılıblar, buraya qayıtsalar bizə problemlər yaradarlar. Amma sizdən fərqli olaraq, biz bununla barışmırıq. Məsələn, iki yüz il əvvəl 1828-ci ildə Çar Rusiyası və İran arasında bağlanan Türkmənçay müqaviləsiylə bizim məmləkətimizi iki yerə bölsələr də biz hələ də Cənubi Azərbaycanı və orada yaşayan otuz altı milyon soydaşımızı unutmamışıq.
- Dünyanın bəzi siyasətçiləri Azərbaycanın tarixi müttəfiqi olan Türkiyənin və Ermənistanı hərbi cəhətdən dəstəkləyən Rusiyanın Qarabağ müharibəsi ilə bağlı bir-birləriylə qarşıdurmaya girəcəyindən ehtiyat edirlər.
- Hadisələrin belə bir fəlakətə doğru inkişaf edəcəyini düşünmürəm. Baxmayaraq ki, Ermənistan dəfələrlə təhrik edərək müharibəni Ermənistan ərazisinə çəkməyə çalışıb ki, bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın müharibəyə müdaxiləsini sağlasın. Hətta keçdiyimiz gün “Humanitar Sülh” razılaşdırıldıqdan sonra gecə saat ikidə birbaşa Ermənistan ərazisindən Gəncə şəhəri bombardman edildi. Amma Azərbaycan təmkinli davranaraq təxribatlara getmədən öz ərazi bütövlüyünü təmin etmək yolunda qətiyyətlə mövqerini qoruyur. Dolayısıyla, biz ermənilərlə öz ölkəmizdə müharibə edirik. Bunu bildiyindən Rusiya prezidenti Vladimir Putin “Rossia1” telekanalına verdiyi müsahibədə silahlı qarşıdurmanın Ermənistan ərazisində getmədiyinə diqqət çəkdi.
- Sizcə, Azərbaycan nə qədər güclü olarsa, Rusiya bir o qədər əlini Cənubi Qafqazdan çəkərmi və yaxud Azərbaycan Rusiya üçün təhlükə yaradarmı?
- Məncə, heç bir güclü dövlət zəif dövlətlə əlaqələrini dostluq səviyyəsinə qaldırmaz. Azərbaycanın güclü dövlət olması, dediyinizin əksinə, Qafqazda sülhün təminatı deməkdir. Təbii ki, Rusiya da öz növbəsində güclü Azərbaycanla münasibətlərini korlamaq istəməz. Bunun bir neçə başlıca səbəbləri vardır ki, hamısını burada sadalamaq istəməzdim, amma açar sözlər bunlardır: neft kəməri, qaz kəməri, Novorossiysk limanı və s.
Bundan əlavə, Rusiyanın bölgəmizdən tamamilə əl çəkmək istəməyəcəyi zaman-zaman Moskva tərəfindən fərqli “təkliflərlə” dilə gətirilib. Məsələn, bu yaxınlarda, müharibədən öncə Rusiya Xarici İşlər Naziri Lavrov Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi təklifiylə çıxış etmişdi.
- Bir neçə il əvvəl hələ sakitlik idi və mən axırıncı dəfə Qarabağa getmişdim. Təbii ki, Ermənistan üzərindən...
- Niyə təbii ki Ermənistan üzərindən?
-Çünki Şuşaya və Xankəndinə Azərbaycan tərəfdən getmək mümkün deyil. Demək istədiyim odur ki, Şuşa kimi qədim arxitekturaya malik, baxdıqca-baxmaq istədiyin mənzərəsi olan gözəl bir şəhər tamamilə bomboşdur, heç kim yaşamır. Ermənilər oraya niyə köçməyiblər?
- Baxın, mən boşuna soruşmadım, “niyə təbii ki Ermənistan üzərindən” – deyə. Həm özünüz deyirsiniz ki, Şuşa Azərbaycanın qədim şəhəridir, həm də deyirsiniz ki, Azərbaycan tərəfdən oraya getmək mümkün deyil.
- Bəli, mümkün deyil.
- Mən sizi bura gəldiyim vaxtdan bəri 30 ildir çox yaxşı tanıyıram. Kim olduğunuzu, necə qəlbli bir insan olduğunuzu gözəl bilirəm. Siz Şuşanın ruhlar şəhəri olduğuna təsirləndiyiniz halda, bəs Şuşada doğulub boya-başa çatan, amma oraya gedə bilməyən insanların ağrısını təsəvvür edirsinizmi! Bu dəhşətdir!
Gələk sualınıza. Niyə şəhər boşdur və yaxud niyə ermənilər oraya köçməyiblər? Doxsanıncı illərin başlarında Qarabağ savaşında ermənilər başda Şuşa olmaqla, işğal etdikləri şəhər və kəndlərin hamısını talayıb, yandırıb, xarabalığa çevirdilər. Çünki onlar bilirdilər ki, bu ərazilərin gerçək sahibləri olan azərbaycanlılar nə zamansa geri dönəcəklər. İnamla deyə bilərəm ki, müharibədən sonra qısa müddət ərzində azərbaycanlılar öz yurdlarına qayıdıb, evlərini yenidən bərpa edib abadlaşdıracaqlar. Və bir ildən sonra siz Şuşaya Azərbaycan üzərindən rahat gedərək öz gözlərinizlə görəcəksiniz ki, Şuşanın qədim gözəlliyi yenidən özünə qaytarılıb.
- Mənim üçün ideal variant o olardı ki, Şuşaya həm Ermənistan, həm də Azərbaycan tərəfdən gedə biləydim.
- Bəlkə də, niyə də olmasın...
- Sizcə, bu münaqişə necə həll olacaq və ya həll edilə bilər?
- Əslində bunun üçün yalnız bir yol var – işğal edilmiş ərazilərdən yabancı silahlı qüvvələr kənarlaşdırılacaq və Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək. Azərbaycan isə öz növbəsində dövlət olaraq ərazisində yaşayan ermənilərin təhlükəsizliyini və vətəndaşlıq hüququnu təmin edəcək. Bu haqda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dəfələrlə vurqulayaraq öz mövqeyini ortaya qoyub.
Mən isə müharibənin bir an öncə bitməsinin tərəfdarıyam. Sülh lazımdır, amma sülhü elə həssaslıqla təmin etmək lazımdır ki, qalıcı olsun.
Hazırladı: Elnur ELTÜRK