“Biz bu əraziləri Ermənistandan tələb edəcəyik” – QAFAR ÇAXMAQLI

27/05/2020 - 14:08 838 8   1  

“Qərbi Azərbaycan tamamilə Azərbaycan torpağıdır və bu ərazilərdə bizim dövlətimiz, İrəvan xanlığı olub…”

Bir neçə gündür ki, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlının sədri olduğu Təşəbbüs Qrupunun Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan etməsi mətbuatda və cəmiyyətdə ciddi müzakirə olunmaqdadır. Maraqlıdır ki, Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının hədəfləri nədən ibarətdir? “Hürriyyət”in bu və digər sullarına cavab almaq üçün Təşəbbüs Qrupunun sədri Qafar Çaxmaqlı ilə söhbətləşdik.
– Biz öncə, bir Təşəbbüs Qrupu yaratmışdıq. Bu Təşəbbüs Qrupu Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan edəndən sonra cəmiyyət sanki bir hərəkətə gəldi və bizim bu elanımız bir hərəkata çevrildi. Dünyanın müxtəlif yerlərindən, Azərbaycandan da buna dəstək mesajları gəldi. Ən müxtəlif səviyyələrdə dəstək verməyə, mənəvi olaraq bizim yanımızda olduqlarını bildirən adamlar oldu və daha sonra biz növbəti addım kimi bir təşkilat komitəsi oluşdurduq, onun da adını artıq Millət Şurası qoymuşuq. Bu Millət Şurasının tərkibinə təxminən 50-55 nəfər həm siyasətçi, həm elm adamları, həm də cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar daxildir. Qərbi Azərbaycan kökənli, eyni zamanda Azərbaycanın müxtəlif yerlərində doğulmuş adamlar da bizə dəstək verməyə başladılar və biz Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etmiş olduq. Biz indi strukturlar açmaq üzərində çalışırıq. Hər həftə toplantılarımız olur, video konfrans şəklində toplantı keçiririk. Burada insanların fikirlərini dinləyirik, fikir mübadiləsi aparırıq, təkliflər, tövsiyyələr səslənir və  bu tövsiyyələrə əsasən də yavaş-yavaş irəliyə getməyə başlayırıq. Cəmiyyət bunu çox normal qəbul etdi, amma müəyyən fikir ayrılıqları da oldu. Bəzi adamlar bunu da dilə gətirdilər. Bu da normal bir şeydir. Çünki biz yeni bir şey qururuq və fərqli baxışlar, yanaşmlar ola bilər, onları da öyrənməliyik, qiymətləndirməliyik. İrəliyə addımlarımızda bu təkliflərdən, fikirlərdən də istifadə etməyə çalışacağıq. Bizim hədəfmiz bəllidir. Bəyannaməmizdə də elan etmişik, bizim hədəfimiz odur ki, Qərbi Azərbaycan tamamilə Azərbaycan torpağıdır və bu ərazilərdə bizim dövlətimiz, İrəvan xanlığı olub. Tarixin ədalətsizliyi ucbatından biz bu dövlətimizi itirmişik. Orada yaşyan əhalimizin (3-3,5 milyon əhalidən söhbət gedir) hüquqları pozulub və bu hüquqları bərpa etmək üçün mücadilə edəcəyik. Əlimizdə çoxlu sənədlər də var. 1918-ci il 29 mayda Milli Şuranın verdiyi qərarın yanlış olduğunu düşünürük. Həmçinin 1947-ci il 23 dekabrda SSRİ Nazirlər Sovetinin verdiyi qərarın da yanlış və ədalətsiz olduğunu düşünürük. Onların ləğv edilməsi bizi Qərbi Azərbaycana yaxınlaşdıracaq deyə, düşünürük. Bilirsiniz ki, bu məsələ bizim ölkənin başçısı səviyyəsində dəfələrlə səsləndirilib. Prezidentimiz deyib ki, “biz Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq. Ora da bizim tarixi vətənimizdir”. Biz bu tarixi vətənimizi unutdurmamaq, bu tarixi vətənimizə geri dönmək ideyasını yaşatmaq üçün belə bir addım atmışıq. Mərhələ-mərhələ hüquqi və insan haqlarının normaları çərçivəsində biz bu addımla irəli getməyi düşünürük.
– Qeyd etdiyiniz qərarların ləğvinə nail ola biləcəksiniz?
-Bir sıra hüquqi  sənədlər var ki, o hüquqi sənədlərin bəzilərinin ləğv olunmasnı istəyəcəyik, bəziləri də qüvvədən düşmüş hesab olunur. Yalnız o sənədlər deyil, orada yaşayan Qərbi Azərbaycan türklərinin oradan çıxarılması ilə bağlı Ermənistan SSR-nin də bəzi verdiyi qərarlar, qanunlar var. O  qərar və qanunların da ləğv olunması tələb olunacaq. Ən sonda 1988/89-cu illərdə heç bir əsas olmadan 250 mindən çox Azərbaycan türkünün o ərazilərdən köçürülməsi ilə bağlı Ermənistanın aksiyasıdır. Bu sənədlərə əsasən, biz işimizi irəli aparmağa çalışacağıq.
– Cəmiyyətdə bu ideyanın reallığa çevrilməsi ilə bağlı suallar mövcuddur. Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının real güc olması mümkün olacaq?
– Real güc nəyə deyirsiniz, mən bilmirəm. Mən sizə nümunə göstərim, tarixdə belə şeylər çox olub, Fələstin Azadlıq Təşkilatı ortaya çıxıb. İndi elə ermənilərin yaratdığı “Sürgündə Qərbi Ermənistan” adında bir təşkilat var. Təşkilat deyəndə ki, “respublika” kimi fəaliyyət göstərir, qurultaylarını keçirir, ayrı-ayrı ölkələrdə fəaliyyətdədir. Məsələn, ən son 2018-ci ildə bir qurultay keçirib, “parlament”ini, “baş nazir”ini, “president”ini seçib. Yəni belə oluşumlar var. Real güc hər bir ölkənin, respublikanın arxasındakı xalqdır. Əgər xalq buna dəstək verirsə, bu, güc olacaq. Bizim də ən böyük üstünlyümüz odur ki, elan etdiyimiz 9 may günündən bəri xalqın bizə çox böyük dəstəyi var.  Gənclərdən tutmuş ağsaqallara qədər hər səviyyədə bizə dəstək verəcəklərinə, bizə dədə-baba torpaqlarımıza qayıtmaq uğrunda mübarizə üçün hər şey edəcəklərini deyirlər. Bu gün bizim ən böyük gücümüz bu, olacaq.
– Qafar müəllim, qeyd etmisiniz ki, bu respublikanın parlamenti, hökuməti, strukturları formalaşacaq. Bəs, bu respublikanın ordusu, pul vahidi olacaq? Ordu olmadığı halda, bu respublikanın real güc olması necə mümkün ola bilər?
– Mən dedim ki, biz mərhələ-mərhələ gedirik. İndi bizim Millət Şurası formalaşıb, sturukturlaşma gedir. Biz altıncı gün konfransımızda katibliyi, eyni zamanda informasiya, mətbuat xidməti və sosial şəbəkələrlə iş mərkəzini formalaşdırdıq. İrəvan və Qərbi Azərbaycan tarxinin öyrənilməsi ilə bağlı bir mərkəz yaratdıq, yəni artıq strukturlaşma gedir. Bu  strukturlaşma da ona aparacaq ki, biz parlament seçkilərinə gedəcəyik. Biz belə düşünürük ki, bizim respublika prezident üsul-idarəsi olacaq. Çünki indiki halda bu, daha məqbul görünür. Bu barədə  tərəfdarlarımızla, Təşəbbüs Qrupunun üzvləri, ağsaqallar ilə fikir mübadiləsi aparmışıq, biz prezident üsul-idarəsi tətbiq edəcəyik və bunun prezidenti də seçiləcək. Ondan sonra, strukturlaşma olacaq və nazirlər kabineti formalaşacaq. Əgər ehtiyac olarsa, bəli, bu dövlətin təhlükəsizliyini qorumaq üçün müdafiə nazirliyi də, müəyyən bir kontingentdə əsgəri də olacaq. Ancaq bu, gələcəyin işidir. İndi biz onun haqqında konkret nəsə deyə bilmərik. Çünki erməni mətbuatı bizi provokasiyalara çəkir. Onlar deyirlər ki, bunlar gələcəkdə partizan hərəkatını oluşturmaq üçün belə bir şey edirlər. Biz indidən bunları deyə bilmərik ki, hansı strukturlar olacaq. Allah qoysa, biz seçkilərimizi keçirib hökumətimizi qurandan sonra, o hökumət üçün nə gərəkirsə, onu edəcəyik. Siz dediyiniz ordu, pul vahidi məsələləri sonranın işidir, indi onlardan danışmaq çox tezdir.
– Bu ideyanı, daha doğru Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respubliklasını Türkiyədən elan etdiniz. Bunun həyata həyata keçməsi, real güc olması üçün Türkiyə hökuməti ilə hansısa siyasi, diplomatik danışıqlar aparırsınızmı?
– Biz Türkiyədən elan etdik deyə, belə bir şey yoxdur. Bu, virtual bir qaydada elan olunub. İndi Təşəbbüs Qrupunun bəzi üzvləri, o cümlədən mən Türkiyədə yaşadığımıza görə, burada elan edildi deyə, o cür alqılanır, amma elə bir şey yoxdur. Türkiyənin də bu məsələdə bizə dəstək verəcəyinə inanırıq. Çünki dediyim kimi, Türkiyənin özünə qarşı ermənilərin “Qərbi Ermənistan” adlı bir virtual dövləti ortaya çıxıb və  o da təhdidlərdə bulunur, ortaya ərazi iddiaları qoyub. Şərqi Anadolunun o vaxtkı 6 vilayətini, indiki 14 vilayətini Türkiyənin əlindən almaq və buraya yerləşmək üçün ərazi iddiası ortaya qoyub. Ermənistan dövlətinin özü 1991-ci ildə Konstitusiya aktında Türkiyənin bu ərazilərinə iddia qoyub və Türkiyənin ərazi bütövlüyünü tanımayan tək ölkə Ermənistandır. Mən düşünürəm ki, belə hallar varsa, Türkiyə dövləti də bizim bu respublikaya dəstək verə bilər. Amma biz hələ müraciət etməmişik. Şübhəsiz ki, biz Türkiyə dövlətinin başında olan insanlara, Türkiyənin Xarici İşlər Nazirliyinə bizim ortaya çıxmağımızla bağlı bilgilər verəcəyik, məktublar göndəriləcək.
– Bu hadisə ilə bağlı Azərbaycan ziyalıları, tarixçiləri, ümumiyyətlə, ictimai-siyasi xadimləri  mətbutada müzakirələr aparır, öz fikir və rəylərini bildirirlər. Qərbi Azərbaycan Respblikasının yaranmasına mane olmaq istəyənlər də varmı?
– Qətiyyən yoxdur. Mən çox sevinirəm ki, bu məsələ Azərbaycanda birmənalı olaraq müsbət qarşılanıb. Amma bayaq da dediyim kimi, ola bilər ki, bəzi adamlarda, qurumlarda fikir müxtəlifliyi olsun və o fikir müxtəlifliyini də biz danışıqlarla, müzakirələrlə ən düzü nədirsə, ona gəlib çatmaq üçün qərarlıyıq. Bu arada belə hallar olmuşdu və biz bəzi dostlarımızla, hətta içərsində bizim millət vəkilləri də vardı, onlarla müzakirə halında olduq. Qətiyyən heç kəs bunun əleyhinə deyil. Amma Qərbi Azərbaycan (İrəvan) Respublikasının elanı ilə bağlı bəziləri hesab edirlər ki, biz tələsmişik, bəziləri də hesab edirlər ki, belə olmamalıydı, başqa üsullarla da getmək olardı. Ona da çox hörmətlə yanaşırıq, amma bu məsələdə fikir ayrılığı yoxdur. Bizim alternativimiz də yoxdur. Onu sizə deyim ki, indiyə qədər Qərbi Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların böyük əksəriyyəti bizim Millət Şurasının tərkibinə daxil olublar və onlar da bizlə bir yerdə fəaliyyət göstərirlər, fikir ayrılığı yoxdur.
– İrəvan qəzasının erməni dövləti yaratmaq üçün Ermənistana verilməsi haqqında 29 may 1918-ci il tarixli qərara toxundunuz. Belə fikirlər də səslənir ki, bu qərarı Qərbi Azərbayan Respublikasının ləğv etmək hüququ yoxdur, onu ancaq Azərbaycan Pespublikasının parlamenti ləğv edə bilər. Necə düşünürsünüz, Azərbaycan parlamenti bu qərarı ləğv edəcək?
– Adətən cəmiyyətdə belə bir fikir var ki, hər hansı bir müqavilədən, ya başqa qərarlardan 100 il keçəndən sonra qüvvəsini itirir, amma beynəlxalq hüquqda belə bir şey yoxdur. Mən də fikirləşirəm ki, biz bu qərarın ləğv edilməsi üçün Azərbaycan parlamentinə müraciət etməliyik. Bu sadəcə bir iclasın qərardır. Bilirsiniz ki, 29 mayda Azərbaycan parlamenti toplaşdı, bir qərar qəbul etdi və bu qərar orada etirazlar doğurmuşdu. Bu etiraz edənlər İrəvan mahalının millət vəkilləri olmuşdu. Daha sonra onlar parlamentə məktublarla da müraciət ediblər ki, belə bir qərarın qəbul edilməsi doğru deyil, orada yaşayan Azərbaycan türkləri çox pis duruma düşə bilər, gələcəkdə onların taleyinə heç kəs cavab verə bilməz və belə də oldu. Biz İrəvan mahalından olan millət vəkillərinin etirazlarını da əsas gətirəcəyik ki, o vaxt xalqın buna etirazı olub. Həmin millət vəkilləri Tiflisə teleqramlar vurublar ki, bu qərar yanlış qərardı, bir Ermənistanın tərkibinə keçmək istəmirik. Biz hüquqi cəhətdən bu qərarın ləğv edilməsini istəyəcəyik. Yəqin ki, Azərbaycan parlamenti buna baxarkən, bizim əsaslı təkliflərimizi nəzərə alacaq. Yox, əgər almasa, biz  yenə də bu qərarın yanlış olduğunu düşünürək başqa mübarizə üsullar ilə o qərarın ləğv olunmasına çalışacağıq.
– İrəvan mahalının millət vəkilləri, xalq bu qərara etiraz etdiyi halda, maraqlıdır, həmin vaxt Milli Şura bu qərarı niyə qəbul edib?
 (Ardı var)

Şamo EMİN, Hurriyyet.org