"Biri ilə yaşadımsa, artıq mənimdir" - Cinayət törədəndən sonra Cdispanserdə gizlənən şəxsin məhkəməsi

29/03/2019 - 11:31 4 255 0   0  

Birlikdə yaşadığı xanımı öldürməyə cəhd edən və daha sonra başqa adla narkoloji mərkəzdə gizlənən şəxsin məhkəməsi başlayıb​.

Suveren.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şirzad Əsədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı davam etdirilib.

Daha əvvəl də məhkumluq həyatı yaşayan Ş.Əsədov məhkəmədən ədalətli araşdırma aparılmasını istəyib.

Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Şirzad Əsədov qeyri-rəsmi münasibətdə yaşadığı Zöhrə Əlqəmbəyevanı əvvəlcə övladlarının gözü qarşısında qayçı ilə vuraraq xəsarət yetirib.

Hadisədən bir neçə gün əvvəl sonra isə qısqanclıq zəminində Zöhrə Əlqəmbəyevanı öldürməyə cəhd edib, bıçaqla ona çoxsaylı zərbələr endirib.

Elan olunmuş ittihamla Şirzad Əsədov özünü təqsirli bilməyib. O deyib ki, ilk hadisə baş verən gün Zöhrə ona kobud cavab verib: "Gecə evə gələndə gördüm ki, uşaqlar yatıb. Bu da pəncərəni açıq qoymuşdu. Mən səbəbini soruşanda başqa cür cavab verdi. Bildim ki, artıq bunun havası deyil. Adam başqasının havasını oynayanda ayaqqabısı ayağından çıxır. 4 dəfə ona yalvardım ki, özünü düzgün apar, problem yaratma. Amma eyni qaydada davam elədi. Mən də qayçı ilə iki dəfə şıram atdım. Birini boynuna, birini də kürəyinə. Sonra da uşaqlar gəldi. Uşaqların gözü qarşısında vurmamışam. Paltarımı dəyişib evdən çıxdım. Həmin hadisədən bir neçə gün sonra məhkəməm olacaqdı. Öz əmimoğlu ilə davam olduğu üçün çöldən-çölə məhkəməm gedirdi. Bu hadisədən sonra da işim ağırlaşdı. Amma bu məndən şikayətçi olmadı.

Ancaq bunun atası aranı çox qızışdırırdı. Mən buna o qədər dedim ki, özünü ağıllı apar. Ona demişdim ki, səni öldürməyəcəm, şikəst edəcəm. Mənim həyatımda anam olub, o da dünyasını dəyişib. Buna dedim ki, gəl normal həyat yaşayaq. Mən it deyiləm ki, gündə biri ilə yatam. Bir nəfərlə yaşadımsa, artıq o mənimdir. Mən biqeyrət deyiləm. Yaşadığım adamın qədrini bilirəm, onu da istəmişəm. Özü də bunu bilir. Amma mənə qarşı çox səhv elədi. Axırıncı dəfə də onu kənddə görəndə çağırdım ki, hara gedirsən? Mənə dedi ki, ay biqeyrət, sən kimsən ki, arxamca gəlirsən? Məcbur elədi ki, onu vurum. Mən də onu vurdum".

Suallara cavab verən Şirzad Əsədov Zöhrəni öldürmək istəmədiyini deyib və dəfələrlə bıçaqlamasının səbəbini belə izah edib:

"Mən onu öldürmək istəsəydim, bir dəqiqədə edərdim. Ona dedim ki, səni öldürmədiyim üçün mənə yalvaracaqsan. İstəyirdim ki, onun sifətinə şıram atım. Neçə dəfə atsam da, tutmadı. Əli ilə tutmaq istəyirdi. Ulayırdı, yalvarırdı ki, vurmayım. Öldürmək istəsəydim, indi ölmüşdü".

Məhkəmədə Zöhrə Əlqəmbəyeva ifadə verib. O deyib ki, Şirzad bəzi məsələləri düzgün danışmır. O, Şirzadla bir müddət yaşasa da, sonra ayrılmaq istədiyini, lakin onun ondan əl çəkmədiyini deyib.

"Bəzi sözlər var ki, mən onları demək istəmirəm. Məni dəfələrlə vurub. İlk dəfə vuranda da çox ağır xəsarətlər yetirib. İkinci dəfə də vuranda mən ona əl çəkməsini dedim. Amma yanımdan ayırlmırdı. Etiraf edim ki, mən də ona ağır sözlər dedim. O da məni vurdu. Tam olaraq xatırlamıram, çünki özümdən getmişdim"- deyə zərərçəkmiş bildirib.

Şirzad Əsədov söyləyib ki, Zöhrəni vurandan sonra xəstəxanaya gedərək ona qan vermək istəyib.

Zöhrə Əlqəmbəyova komada olduğu üçün bunu xatırlamadığını deyib.

Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meysəri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb.

O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvələr məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.

Hadisədən sonra Şirzad Əsədov narkomaniyadan əziyyət çəkən şəxslərin müalicə aldığı narkoloji mərkəzə gedib. Özünü başqa şəxs kimi təqdim edərək orada müalicə almağa, gizlənməyə başlayıb.

Bundan 2 gün sonra narkoloji mərkəzdə məlum dəhşətli yanğın hadisəsi baş verib və 25 nəfər xəstə dünyasını dəyişib.

Şirzad Əsədov isə sağ qalıb. Bu yanğınla bağlı araşdırma aparılarkən Şirzad Əsədovun əsl kimliyi üzə çıxıb. Bundan sonra o, həbs edilib.

Narkoloji mərkəzdə baş verən yanğına görə davam etdirilən məhkəmə iclasında da Şirzad Əsədov zərərçəkmiş kimi ifadə verib.

Ş.Əsədov həmin ifadəsində bildirib ki, mərkəzə gələndə ad-soyadını yanlış deyib: "Araşdırma başlayanda bildilər ki, axtarışdayam. Mən orada tutuldum".

Ş.Əsədov indi Cinayət Məcəlləsinin 29.120.2.4-cü (qəsdən adam öldürməyə cəhd) və 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.