"Binam sökülüb, 1.5 milyon da vergi ödəyim?" - Hacı İbrahimin qardaşı etiraz etdi

10/04/2019 - 12:31 1 774 0   0  

İş adamı Sahib İbrahimov hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə növbəti məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.
Prosesdə Vergilər Nazirliyinin əməkdaşı Emin Kərimov ifadə verib. E.Kərimov Sahib İbrahimovun rəhbərlik etdiyi şirkətlərdə yoxlama aparan şəxslərdən biri olub.
E.Kərimov qeyd edib ki, iki şirkətdə səyyar vergi yoxlaması aparılıb.
Nazirlik əməkdaşı deyib ki, yoxlama qismən təqdim edilmiş sənədlər və qarşılıqlı əlaqələr əsasında həyata keçirilib. Yəni MMC-lərin rəhbər şəxslərinin təqdim etdiyi sənədlər əsasında aparılıb.
Yoxlamaların 2012-ci ilin fevral ayının 1-dən 2015-ci ili fevralın 1-dək olan tarixi əhatə etdiyini deyən Emin Kərimov söyləyib ki, Səttar Bəhlulzadə küçəsində yerləşən binada və "Galaxy Palace"ın Həsən Əliyev küçəsində inşa etdiyi binasındakı yoxlamalarda 2.2 milyona yaxın vergidən yayınma halı aşkar edilib.
Vergi əməkdaşı bildirib ki, araşdırmalar zamanı məlum olub ki, obyektlər satılıb, amma vergidən yayınma halı baş verib.
Sahib İbrahimov isə deyib ki, həmin obyektlər satış üçün nəzərdə tutulmayıb. Sökülən binanın sakinləri həmin obyektlərə köçürülüb. İbrahimov qeyd edib ki, bu barədə həmin sakinlər istintaq orqanına ifadəsində də bildirib.
"Səttar Bəhlulzadədəki bina dövlət əhəmiyyətli layihə üçün söküldü. Həmin sakinlər Həsən Əliyev küçəsində inşa edilən binaya köçürüldü. Köçürülmə də belə oldu ki, biz vətəndaşları çətin vəziyyətdə qoymaq istəmədik, obyekt verməyi təklif etdik. Onlar da razılaşdı. Sadəcə onlara təqdim etdiyimiz obyektlərə qoyduğumuz qiymətlər yüksək idi. Vergi də həmin qiymətlərə görə vergi hesablayıb. Halbuki mən həmin obyektləri satmamışam, qazanc əldə etməmişəm. İnşa etdiyim bina sökülüb, vətəndaşlar narazı qalmasın deyə başqa ünvana köçürmüşəm. Amma binam söküldüyü halda pul almamışam. Bu da az deyilmiş kimi 1.5 milyon da vergi ödəməliyəm. Pulumu nə vaxt alsam, ödəyərəm".
Vergi əməkdaşı Kazımova sual verilib ki, ittihamda 1.400 minə yaxın vergidən yayınma qeyd edilib.
Kazımov izahat verib ki, 50 faiz də sanksiya tətbiq edilib və vergi 2 milyon 200 min olub.
Sahib İbrahimov məhkəmədən söz istəyib. O bildirib ki, vətəndaşlara sonradan verilən obyektlərin yerləşdiyi bina yaşayış kompleksi olmayıb: "Həmin yer biznes mərkəzi idi. Rəsmi sənədlərdə də bu göstərilib. Belə olan halda biz vergi ödəməli deyildik. Amma Vergilər Nazirliyi həmin tikilini yaşayış binası kimi rəsmiləşdirib".
E.Kazımov isə söyləyib ki, heç bir rəsmi qurumdan həmin tikilinin biznes mərkəzi olması ilə bağlı rəsmi sənəd əldə etmək mümkün olmayıb.
Xatırladaq ki, adı daha əvvəl də bir neçə cinayətdə hallanan S.İbrahimov bu dəfə də dələduzluq, vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi cinayət əməllərini törətməkdə günahlandırılır.
Ev dustaqlığında olan S.Ibrahimov barəsindş cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.
İttihamda göstərilir ki, Sahib İbrahimov “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olub. Bu işləri görərkən isə onun iş ofisi qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta” şirkətinin binasında olub.
Həmin ofisdə təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri ayrı-ayrı müştərilərə təkrarən satıb.
Sahib İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bildirək ki, S.İbrahimov həbs edilmiş daha sonra isə ev dustaqlığına buraxılımışdı.
S.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.
Musavat.com