Binaların tüstü bacalarını kim təmizləməlidir? - VİDEO

31/10/2018 - 00:14 1 108 0   0  

Qış mövsümünün yaxınlaşması bina və fərdi evlərdə tüstü bacalarının təmizlənməsi məsələsini aktuallaşdırır.

Əksər fərdi evlərdə bacaların elə ev sahibləri tərəfindən mövsümi təmizliyi aparılsa da, binalardakı mənzillər üçün bu, belə deyil. Çünki çoxmənzilli binalarda tüstü bacaları bir çox hallarda ümumi olduğundan ev sahibləri onları təmizlətməkdə maraqlı olmurlar.

Sakinlər deyirlər ki, əvvəllər yaşayış binalarında tüstü bacaları ərazi üzrə Mənzil-Komunal İstismar Sahəsi tərəfindən təmizlənirdi. Ancaq son vaxtlar paytaxtdakı əksər binalarda bu ənənə demək olar ki, yoxa çıxıb.

Tüstü bacalarının vaxtında təmizlənməməsi isə bir sıra risklər yaradır. Xüsusən qış aylarında təbii qaza tələbat artdığından dəm qazından boğulma halları da çoxalır. Bunların isə başlıca səbəbi tüstü bacalarının vaxtında təmizlənməməsidir.

Mənzil Kommunal-İstismar sahələrindən bildirildi ki, tüstü bacalarının təmizlənməsində bina sakinləri özləri də maraqlı olmalıdır. Onlar ehtiyac olduqda quruma müraciət etməlidirlər. Müraciətdən sonra Mənzil Kommunal-İstismar sahələri təmizlik işlərini aparan şirkətlə müqavilə bağlayır. Müqavilə əsasında həmin şirkətə ödəniş edilir və binaların bacaları təmizlənir.

Qeyd edək ki, mənzil tüstü bacalarının təmizlənməsi üçün mənzil başına adətən 5-10 manat arasında ödəniş alınır.  \\xezerxeber.az