BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok

15/11/2018 - 18:12 511 0   0  

Prorektorları tutduğu vəzifədən ancaq rektor azad edə bilər. Hazırda da Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun fəaliyyətinə son qoyulduğu üçün prorektorların işdən çıxarılması mümkün deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov A.Məhərrəmovun vəzifəsindən azad edilməsinin ardından universitetin prorektorlarının da işinə xitam verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rektor işdən çıxarılan kimi avtomatik olaraq prorektorlar işdən çıxarılmır:
“Prorektorların təyinatı və işdən azad edilməsi rektorun səlahiyyətləri daxilindədir. Əgər rektor özü işdən çıxarılana qədər onları işdən çıxarmayıbsa, yeni rektor gələnə qədər vəzifələrini icra edəcəklər”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun vəzifədən azad edilməsinin ardınca ali məktəbin 5 prorektorunun hamısınını işdən çıxarıldığı haqda məlumat yayılıb. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Nurəddin qızı Əliyeva, Elm və innovasiyalar üzrə prorektoru Aydın Həsən oğlu Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Sani Tofiq oğlu Hacıyev, İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Əhməd oğlu Ramazanlı, Ümumi işlər üzrə prorektoru isə Vüqar Abdulla oğlu Mehrabovdur.
Məsələ ilə bağlı BDU-dan hələ də heç bir münasibət bildirilməyib.