Bayram bazarlığı etməmisinizsə, oxuyub gedin - BAZAR QİYMƏTLƏRİ

18/03/2019 - 21:16 11 737 0   0  

Xalqımız baharın gəlişini qədim zamanlardan milli ənənələrə söykənən Novruz bayramı ilə qeyd edir. Novruz bayramının əsas xüsusiyyətlərindən biri də süfrələrimizdə müxtəlif növ nemətlərin olmasıdır. Bu bayramın digər simvolları paxlava, şəkərbura, mövsümi və quru meyvələrdir. Ancaq bütün bunları alıb, süfrəmizə dad qatmaq üçün təbii ki, qiymətlər də böyük önəm daşıyır. Bunu nəzərə alaraq, İqtisadiyyat.az xəbər portalı bayram ərəfəsi məhsulların qiymətlərini araşdırıb.

Belə ki, xiyar, pomidor və quru meyvələrin qiymətində azalma, kartof , soğan və narın qiymətində artım müşahidə olunub. Meyvələrin, qoyun, mal və toyuq ətinin qiymətində isə dəyişiklik yoxdur.

Mal ətinin kiloqramı-10 Azn, qoyun əti-13.50 Azn, toyuq əti isə- 3.40 Azn təşkil edir. Almanın 1kiloqramı orta qiymətlə-3 manat, armud-4manat, banan-3 manat, portağal-2.50 manata satılır. Göyçay narının 1 kiloqramı orta hesabla-6 manat təşkil edir.

Quru meyvələrdən qoz ləpəsinin 1 kiloqramı orta hesabla-10 manat, fındıq-11 manat, kişmiş və ərik isə-6 manata alıcılara təqdim edilir. Pomidor-3manata, xiyar orta qiymətlə-2.50 manata, kartof və soğan orta qiymətlə 1 manat həcmində dəyərləndirilir.

Qeydə alınan qiymətləri nəzərə alaraq, bir ailənin Novruz bazarlığı üçün ətdən əlavə hər məhsulun qiymətini 1 kiloqramdan hesablasaq orta qiymətlə 58manat 90 qəpik kifayətdir. Mal və qoyun ətindən asılı olaraq, hesablanan qiymət 68 manat 90 qəpik yaxud 72 manat 40 qəpik təşkil edəcək.

 

Məlumat üçün bildirək ki, hazırda ölkədə elə də bahalaşma qeydə alınmayıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov İqtisadiyyat.az-a verdiyi açıqlamada qiymət artımının olmamasını belə izah edib-“KTN Bakı şəhərində rayonların icra hakimiyyətləri ilə birgə yarmarkalar keçirir. Yarmarkaların təşkil olunmasında iki məqsəd var idi. Əvvəla bayramqabağı məhsul bolluğu yaratmaq, ikincisi isə süni qiymət artımının qarşısını almaq. Nəticə olaraq bazarlardakı qiymətin həmin yarmarkalarla eyniləşdiyini müşahidə edirik. Yarmarkalarda qiymətin aşağı olması isə nazirliyin fermerlərə öz məhsullarını birbaşa bazara çıxarmağı üçün göstərdiyi dəstəkdən irəli gəlir”.

 

Mehman Nəbiyev