Bayılda sürüşmə zonasındakı evlər söküləcək - Hökumət maliyyə ayırmağa hazırlaşır

29/12/2018 - 12:46 748 0   0  

Bu il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti tərəfindən yaradılan Dövlət Komissiyasının qərarı ilə həmin 6 ev köçürülüb. Nazirlər Kabinetinin sərəncamına əsasən, Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə 10 fevral 2018-ci il tarixdə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində ev əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Nazirlər Kabineti sürüşmə zonasında yaşayan 98 ailənin də müvəqqəti olaraq həmin ərazidən köçürülməsi və onlara kirayə mənzillərdə yaşamaları üçün ailə tərkibinin sayına uyğun olaraq fevral ayından başlayaraq 11 ay müddətində kirayə haqqı verilməsi barədə də qərar verib. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb. Bu ay isə 11 aylıq müddət başa çatır. 
Bəs 98 ailənin evləri ilə bağlı hansı qərar verilməsi gözlənilir?
Uzun müddətdir ki, həmin ərazidə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi, Geologiya İnstitutunun əməkdaşları, o cümlədən Yaponiyadan dəvət edilmiş mütəxəssislər araşdırma aparıblar. Bu araşdırmaların nəticəsi ilə bağlı Nazirlər Kabinetinə rəylər təqdim olunub. Prosedura əsasən, artıq Nazirlər Kabineti ərazidəki mövcud tiklilərin gələcək taleyi ilə bağlı qərar qəbul etməlidir. Qərara əsasən, ya həmin 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürülməliI, ya da ailələrin evlərinə qayıtmasına icazə verilməlidir. 
Qeyd edək ki, indiyə qədər müvafiq dövlət qurumlarının, yapon mütəxəssislərin sürüşmə zonası ilə bağlı yekun rəyləri, hökumətə tövsiyələri cəmiyyətə açıqlanmayıb. 
BakuPost-un hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Mərkəzi sürüşmə ərazisindəki evlərin sökülməsi, 98 ailəyə müvafiq kompensasiya ödənilərək köçürülməsini tövsiyə edib. Təcrübəli yapon mütəxəssislər də, nəhayət, eyni tövsiyəni veriblər. 
Bu səbəbdən də baş nazir Novruz Məmmədov 98 ailənin köçürülməsi ilə əlaqədar Maliyyə Nazirliyinə tələb olunacaq xərclərin həcmini, o cümlədən hansı mənbələrdən həmin maliyyə vəsaitinin ayrılacağını müəyyənləşdirmək üçün tapşırıq verib. Ancaq bu proses müəyyən vaxt tələb etdiyindən Nazirlər Kabineti bu günlərdə 98 ailəyə ayrılan müvəqqəti kirayə pullarının daha 2 ay verilməsi barədə qərar qəbul edəcək.
BakuPost