"Baş inspektor xidməti vəzifəsindən sui-istifadə edib" - RƏSMİ AÇIQLAMA

29/01/2019 - 20:51 949 0   0  

Daxili İşlər Nazirliyi 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, daxil olmuş məlumat əsasında nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb: “Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edib.

İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

O.Mansurzadə əlavə edib ki, 10 nəfərin həbs olunması ilə bağlı deyilənlər şişirdilmiş məlumatdır və əsassızdır.(qafqazinfo)