BAKIDA ŞİRKƏT DİREKTORU HƏBS EDİLDİ... - 2 milyonluq dələduzluğa görə (Yenilənib)

18/02/2021 - 18:39 259 0   0  

Kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Nağıyevanın, vətəndaşların 2 milyon manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirməsi faktına görə həbs edilməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluqdan  verilən məlumata görə, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 14 şəxsə cəmi 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 65 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 413 min 260 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş, Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

***

Məsələ ilə bağlı Legitim.az-a açıqlama verən Y. Nağıyevanın vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkili barəsində istintaq tam şəkildə əsassız aparılıb: “Dəfələrlə həmin cinayət işi üzrə müxtəlif şikayətlər olub. Bildirim ki, o iş üzrə ittihamda yazılan pul yüksək faizə verilib. Həmin məbləğ müvəkkilim tərəfindən artıqlaması ilə geri qaytarılıb. 

 

 

Qaradağ rayon Polis İdarəsində, Nərimanov rayon Polis İdarəsində, Bakı Baş Polis İdarəsində bu işdə Yeganə Nağıyevanın pulu artıqlaması ilə qaytardığı sübuta yetirilsə də, qarşı tərəfin himayədarları vasitəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanmasına nail oldular. İndidə hüquqlarımızı məhdudlaşdırmaqla məşğuldurlar.

Həmin şəxsi acınacaqlı vəziyyətə salıblar. Qadını intihar həddinə çatdıran yüksək faizlə pul verən şəxslər məsuliyyət daşımalı olduğu təqdirdə bizim müdafiəmizi saxlatmaq üçün bu hadisədə heç bir iştirakı və xəbəri olmayan, faktiki olaraq formal təsisçilikdən başqa heç bir işdən xəbəri olmayan qadının həyat yoldaşına da qəsdən ittiham verdiriblər”.

Vəkil onu da qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi faiz verən şəxslərin əməlini araşdırıb qiymət vermək əvəzinə, sələm və faiz verən şəxslərin hüquqlarının müdafiəsi ilə məşğuldur.

***

Bakıda iki milyonluq dələduzluq edən turizm şirkətinin direktoru həbs edilib.“Qafqazinfo“nun əldə etdiyi məlumata görə,həbs edilən şəxs “Avangard Travel” MMC-nin direktoru Yeganə Nağıyevadır.

Yeganə Nağıyeva həmin şirkətin təsisçisi olan əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə 2 milyondan çox ziyan vuraraq dələduzluq ediblər.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təşkil olunmuş sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) zamanı Yeganə Nağıyevanın vətəndaşları aldadaraq xarici ölkələrə turlar təşkil etmək adı altında müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməsi ilə bağlı çoxsaylı daxil olmuş müraciətlər əsasında cinayət işi başlanmışdı.