Bakıda eşşək ferması açıldı - Yarım litr uzunqulaq südünün qiyməti...

23/10/2018 - 12:05 8 542 0   0  

Bir neçə gün əvvəl Azərbaycanda 5 minə yaxın eşşəyin yoxa çıxması ilə bağlı informasiyalar geniş müzakirələrə səbəb oldu. Bunun ardınca isə sosial şəbəkələrdə, bəzi mətbuat orqanlarında eşşək südünün faydaları haqda məlumatlar yayıldı. Deyilənə görə, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir. O da məlumdur ki, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb.

Bəs Azərbaycanda?

Hələ qədimdən eşşək südünün ana südünə yaxın olduğunu deyənlər, bu səbəbdən bəzən ehtiyac olduqda südəmər uşaqları bu südlə mayalandıranlar olub. Bu günə qədər eşşək südünün gizlincə, baha qiymətə satıldığı barədə məlumatlar yayılırdı. Lakin məlum olub ki, artıq ölkəmizdə də eşşək ferması yaradılıb və ondan alınan süd açıq-aşkar şəkildə reklam olunaraq, satılır. Belə ki, “İnstagram” sosial şəbəkəsində “Donkey milk” adlı qurum mütəmadi olaraq pasterizə edilmiş eşşək südü satması ilə bağlı elanlar verir.

Suveren.az xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşı elanla bağlı adıçəkilən qurumla əlaqə saxlayıb. Ümid adlı şəxs əməkdaşımıza bildirib ki, artıq Azərbaycanda da ilk eşşək ferması yaradılıb və burada istehsal olunan südün qiyməti o qədər də baha deyil:

“Bizim ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Qeyd edim ki, bu ferma Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Buradakı heyvanlarımızın hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. İstehsal etdiyimiz süd isə standartlara uyğun qablaşdırılır, bu barədə sertifikatımız da var.

Qiymətə gəldikdə isə, süd əsasən 200 və 500 qramlıq şüşələrdə satılır. 200 qramlıq süd 16 manat, 500 qramlıq süd isə 40 manatdır. Hətta 500 qramlıq süd alan müştəriyə 200 qram süd hədiyyə veririk.

Eşşək südü almaq istəyən şəxs fermamıza müraciət edə və yaxud ünvanına sifariş edə bilər".

Bəs aidiyyəti qurumlar bu məsələyə nə deyir? Azərbaycanda eşşək südünün satılmasına icazə varmı?

“Yeni Müsavat” Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb. Qurumdan bildirilib ki, həmin fermanın mövcud olub-olmaması, istehsal etdiyi məhsulla bağlı məsələ aydınlaşdırılıb, tezliklə açıqlama veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, ölkəmizdə eşşək südünün satılması yolverilməzdir: “Bunun əleyhinəyəm. Avropanın, Afrikanın ən əcaib ənənələri artıq Azərbaycana da gəlir. Dəfələrlə qeyd etmişəm, əgər bu yaxınlarda alabaş kolbasasına da rast gəlsək, təəccüblənməyəcəyik. Çox təəssüflər olsun ki, son vaxtlar eşşək ətinin, südünün lobbisini, təbliğatını aparan insanlar peyda olub və mən bunu anormallıq hesab edirəm”.

E.Hüseynov deyib ki, ölkəmizdə istehlakçı istədiyini yeyə bilər, qanun bunu qadağan etmir, yəni istehlakçı seçimində azaddır: “Lakin bu o demək deyil ki, İslam ölkəsi olan Azərbaycanda bu cür ət və süddən istifadə olunsun. Xüsusən də din xadimləri bu məsələdə öz etirazını bildirməli, mübarizə aparmalıdırlar. Buna qədər dədə-babalarımız nə ilə qidalanıblarsa, biz də o cür qidalanmalıyıq. Düşünürəm ki, ölkəmizdə  belə bir fermanın yaradılması doğru deyil".

E.Hüseynov eşşək südünün faydaları haqqında yayılan məlumatların da inandırıcı görünmədiyini dedi: “Eşşək südünün xərçəng xəstəliyinə təsir etdiyi barədə heç bir elmi məqalədə, jurnalda rast gəlməmişəm. Şəxsən mən Şimali Qafqazda eşşək ferması görmüşəm, lakin oradakı eşşəklərdən süd alınmır, sadəcə, onlardan dağa çıxmaq üçün istifadə edilir”.

Eşşək südünün faydaları haqqında məlumatlar nə dərəcədə doğrudur?

Təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsədin sözlərinə görə, eşşək südünün faydası misilsizdir: “Eşşək südü əsasən göy öskürəyin müalicəsində misilsiz effektə malikdir. Bu səbəbdən qardaş Türkiyədə eşşək fermaları yaradılıb, onun südünün istehsalı aparılır. Məlum olduğu kimi, dünyada müxtəlif xəstəliklərin müalicəsində eşşək südündən istifadə edilir. Azərbaycanda isə bu südə hələlik yalnız göy öskürəyin müalicəsi zamanı müraciət edilir”.

Seyfəddin həkim Bakıda eşşək fermasının yaradılmasını təqdir etdiyini dedi: “Çünki insanlar bu südü əldə etməkdə artıq çətinlik çəkməyəcəklər. Həmçinin heyvanların sayının artırılması südün qiymətinin də getdikcə aşağı düşməsinə təsir edəcək”.