Bakıda anasını və qardaşını yandıran şəxs: “Psixiatriya xəstəxanasından qaçıb evə gəldim”

30/01/2019 - 18:17 2 227 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə V.Kolosov özünü təqsirli bilib.

O, sərbəst ifadəsində hadisəyə səbəb bacısının olduğunu deyib. V.Kolosov qeyd edib ki, telefonla oynadığı üçün bacısı onu Maştağada yerləşən 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirib: “Buna görə də mən oradan qaçıb, evə gəldim. Mənimlə bacım barışmadı. Mən də gedib, yanacaqdoldurma məntəqəsindən benzin alıb, evə qayıtdım. Sonra benzini töküb evi yandırdım”.

Daha sonra sualları cavablandırılan təqsirləndirilən şəxs qeyd edib ki, evdə anası ilə qardaşının olduğundan xəbərsiz olub: “Elə bildim ki, bacım evdə təkdir. Anamla qardaşımın evdə olduğunu bilmirdim”.

V.Kolosovun sözlərinə görə, hadisədən sonra şəxsiyyət vəsiqəsi üçün “ASAN xidmət”ə gedib, orada da polislər həbs edib.

Məhkəmənin baxış iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.

Belə ki, həmin gün rayonun Dəmiryol küçəsindəki 4 nömrəli evdə yanğın qeydə alınıb. Yanğın nəticəsində 1959-cu il təvəllüdlü Soloveykina Nina İvanovna və onun 16 yaşlı oğlu Soloveykin Vadim Vladimiroviç müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onların hər ikisi Respublika Yanıq Mərkəzinə aparılıb. Lakin iyunun 24-də V.Soloveykin aldığı ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Soloveykin ailənin böyük oğlu, 1993-cü il təvəllüdlü Kolosov Vitali Vladimiroviç doğmaları yatarkən evin hər yerinə benzin tökərək ona od vurub.

Məlumata görə, V.Kolosov psixi çatışmazlıqdan əziyyət çəkir və o, psixiatrik xəstəxanada qeydiyyatdadır.