“Bakı və Ankara Tiflisə xəyanət etdiyini başa salmalıdır” - TƏHLİL

06/02/2019 - 09:22 1 789 0   0  

Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.
Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.
Qeyd edək ki, Rusiya uzun müddətdir Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmir yolu xəttini işə salmaq, həmçinin Yuxarı Larsa alternativ dəhlizin açılması üçün rəsmi Tiflisə təzyiq edir. Bu dəmir yol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə Gürcü-Abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb.
Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Abxaziya yolu açılarsa, Ermənistan Rusiya ilə həm quru, həm də dəmiryolu ilə birləşəcək.
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan rəsmi Tiflisə bu məsələ ilə bağlı mövqeyini ciddi şəkildə bildirməlidir: “Əvvəla, bu dəmiryolun fəaliyyətinin bərpası Tiflisin Abxaziyanı müstəqil subyekt kimi tanıması, həmçinin öz ərazi bütövlüyünə qarşı olduğunun göstərici kimi dəyərləndiriləcək. Bu dəmir yolu həm Ermənistan, həm də Rusiya üçün strateji önəm kəsb edir. Ermənistan dəmiryolu vasitəsi ilə Rusiya ilə birləşəcək, Rusiyadan rahat və təhlükəsiz yük daşımaları həyata keçirəcək, xüsusi ilə hərbi təyinatlı yüklərin daşınması asanlaşacaq və blokada nisbətən aradan götürüləcək. Çətin keçidli Gürcüstan ərazisindən keçən ”hərbi yoldan" istifadə etməyəcək. Moskva üçün də bu dəmir yolunun əhəmiyyəti böyükdür. Gümrüdəki 102-ci hərbi bazasını təchizatla təmin etmək, həmçinin Ermənistanı nəzarətdə saxlamaq üçün Rusiyaya bu dəmiryolu çox lazımdır.
Ona görə də Rusiya Tiflisə təzyiqlər edərək bu yolun açılışını tələb edir. Hazırda Gürcüstan hakimiyyəti Kremlə yaxın olan Bdizina İvanaşvilinin kölgəsinin altındadır. Bu şəxsində ölkəmizə qarşı qərəzi ilk hakimiyyətə gəldiyi gündən biruzə verib. Ermənistana dəmiryolunun açılışına razılıq verilməsi Azərbaycana qarşı növbəti gedişdir. Rəsmi Tiflisin bu siyasəti regional təhlükəsizliyə təhdid olmaqla yanaşı, yeni separatizm ocaqlarının közərməsinə, işğalçı ölkənin güclənməsinə xidmət edir. Bu siyasət həm də gələcəkdə Acarıstanın və ermənilərin sıx məskunlaşdığı Axalkalakilin müstəqil olmasına gətirə bilər. Bu addımla həmçinin rəsmi Tiflis Azərbaycanın ərazilərinin işğalda qalmasına dəstək vermiş olur. Azərbaycan Gürcüstana bildirməlidir ki, bu ikitərəfli strateji əməkdaşlığın ruhuna ziddir. Bu gün ölkəmiz Gürcüstanın əsas investorudur. Rusiya və Ermənistan daim Gürcüstana qarşı işğal siyasəti ilə baxıb. Azərbaycanın enerji, nəqliyyat və digər infrastrukturu sayəsində Gürcüstan regionda iqtisadi inkişafa nail olub".
Politoloq vurğuladı ki, Tiflisə anlatmaq lazımdır ki, Azərbaycanın hesabına dünya enerji siyasətində rol oynayır: “SOCAR tərəfindən bu ölkəyə dünya bazar qiymətindən ucuz qaz verilir. Bunun müqabilində Tiflis ölkəmizə qarşı, həmçinin öz milli təhlükəsizliyinə qarşı siyasət ortaya qoyursa, ciddi cavabı olmalıdır. Rəsmi Bakı Gürcü hakimiyyətini başa salmalıdır ki, belə bir siyasət ikitərəfli əlaqələrə zərbə vuracaq, həmçinin regional təhlükəsizliyi təhdid edəcək. Görünür, İvanaşvili yenidən Rusiya ərazisində biznes fəaliyyətini genişləndirmək üçün şəxsi maraqlarına öz dövlətinin milli maraqlarını qurban verir. Rəsmi Bakı mütləq şəkildə Tiflislə danışıqlar aparmalı, Ankaranın da vasitəçiliyi ilə bunun qarşısını almalıdır. Rusiya və Ermənistan Gürcüstan və Azərbaycan arasında əlaqələrə zərbə vurmaq istiqamətində strateji siyasət ortaya qoyub. Bu gün Gürcüstanın Azərbaycandan enerji və iqtisadi asılılığı var. Mütləq şəkildə bu məkrli planın qarşısı diplomatik və iqtisadi təzyiq yolu ilə alınmalıdır”.