“Bakı məhəllələr şəhəri olub: lənkəranlılar, şəkililər...” - deputat

27/11/2018 - 16:00 679 0   0  

"Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Buna görə Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir”.

Belə təkliflə parlamentdə Vergi Məcəlləsinin müzakirəsi zamanı deputat Fazil Mustafa çıxış edib. O bildirib ki, bu, paytaxtda əhali sıxlığının artmasına səbəb olur: "Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və sairə məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir”. 
Deputat vergi məsələsinə də toxunub: "Bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır. Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da iki faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.