“BAKI METROPOLİTENİ”NİN İŞÇİLƏRİ “HƏYƏCAN TƏBİLİ” ÇALIR - “Təcili tədbirlər görülməsə, metroda böyük faciə yaşanacaq”

04/02/2020 - 13:08 16 766 0   0  

İki gün əvvəl Suveren.az-da dərc olunan “Zaur Hüseynov “Bakı Metropoliteni”ni məhvə aparır” sərlövhəli yazıda sözügedən idarədə təcrübəsiz və qeyri-peşəkar kadrların önə çəkilməsindən bəhs etmişdik. Qeyd etmişdik ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində (QSC) həyata keçirilən bu “islahatlar” metroda təhlükəli vəziyyət yaradıb.

Bu problemlərin isə hazırkı rəis Zaur Hüseynovun “Bakı Metropoliteni” kimi strateji bir idarəyə rəhbərlik etmək üçün uğursuz bir kadr olması ilə əlaqələndirmişdik. Buna misal olaraq qeyd etmişdik ki, Z.Hüseynov 2014-cü il fevral ayının 27-də “Bakı Metropoliteni” QSC-yə sədr təyin olunandan sonra dövlət büdcəsi hesabına xeyli sayda yeni qatar alınsa və hər il dövlətdən ayrılan dotasiyanın həcmi artırılsa, üstəlik gediş haqqə 50 faiz artırılsa da, metroda nasazlıq halları getdikcə daha da artmaqdadır. Bu isə ilk növbədə peşəkar kadrların vəzifədən uzaqlaşdırılması, onların yerinə rəhbər şəxslərin təcrübəsiz qohumlarının, yaxınlarının və yaxud da tanışlarının gətirilməsidir. Hətta bəzi hallarda yeni təyinatların maddi maraq qarşılığında baş tutduğu haqda iddialar da var.

Əlbəttə, “Bakı Metropoliteni”ndə baş verən problemlərin bir hissəsini vətəndaşlar zaman-zaman kənardan müşahidə etsələr də, içəridə baş verənlər daha dəhşətlidir. Hansı ki, bütün bunlar da məhz idarəçilikdən, yuxarıda qeyd etdiyimiz kimi, yararsız kadrların yüksək vəzifələrə təyin olunmasından irəli gəlir. Ən dəhşətlisi isə odur ki, bütün bunlarla bağlı “Hürriyyət”ə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarından biri metroda kifayət qədər ciddi problemlərin olduğunu bildirir. Hətta o, bu problemlərin ciddi faciələrə səbəb ola biləcəyini də iddia edir.

Əlbəttə, biz metrodan istifadə edən vətəndaşlarımız arasında panika yaratmaq fikrindən uzağıq. Amma bu məsələni gündəmə gətirməyə məcburuq ki, yetkili qurumlar gəlcəkdə ciddi fəsadlara səbəb ola biləcək problemlərin qarşısını vaxtında ala bilsinlər. Uzun müddətdir “Bakı Metropoliteni” QSC-də çalışan etibarlı mənbəmiz də təhlükənin ciddiliyini diqqətə çatdırmaq üçün yaşanmış bir neçə faktı misal götərir:

“16.08.2017-ci il tarixdə maşinist Rafiq Hüseynov və maşinist köməkçisi Valeh Heybətov “Memar Əcəmi-2" stansiyasını 73 metr keçmiş, qatar tuneldə iki yolun arasında yığılmış relslərə dəyərək dayanıb. Nəticədə 8857 saylı vaqonun 1-ci təkər cütünün reduktoru sınıb, 2-ci təkər cütünün reduktoru zədələnib və digər aparatlar da zədə alıb…

29.11.2018 ci il tarixində 2659-2669 saylı qatar tərkibi sərnişinlə xətdə işləyərkən 2669 saylı vaqonda keyfiyyətsiz təmirin nəticəsində təkər cütlərinin reduktorunda “SERQA” adlanan detal sınmış, nəticədə sərnişinlər qatardan boşaldılıb, qatar depoya göndərilmişdir. Bu hadisə böyük bir faciə ilə nəticələnə bilərdi”.

Mənbə onu da deyir ki, 24 noyabr 2019-cu ildə "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların saatlarla işləməməsinin səbəblərini də ciddi araşdırmaq lazımdır. Onun sözlərinə görə, “Bakı Metropoliteni” rəhbərliyinin bu faktın əsl mahiyyətini cəmiyyətdən və ölkə rəhbərliyindən gizləməsi böyük cinayət hadisəsidir.

Mənbə deyir ki, həmin tarixdə Bakı metrosunun fəaliyyətinin iflic duruma düşməsi heç də səbəbsiz deyildi: “Bu, məhz rəhbərliyin və texniki məsələlərə cavabdeh şəxslərin təcrübəsizliyi və məsuliyyətsizliyi ilə bağlı idi. Amma xoşbəxtlikdən həmin hadisə zamanı qatar boş idi. Bu hadisə saat 6-dan sonra, yəni vaqonlarda sərnişin olan zaman baş versəydi, inanın mənə, çoxsaylı insan təlafatlarına səbəb olardı. Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.

Bundan əlavə, Bakı metrosunda hərəkətin düzgün tənzimlənməməsi səbəbindən dəfələrlə tuneldə qatarların üz-üzə gəlməsi hallarının yaşandığına diqqət çəkən həmsöhbətimiz bildirdi ki, hətta 2018-ci ildə metronun Qara Qarayev stansiyasında baş verən bu hadisələrdən birinin görüntüsü də mətbuata sızmışdı. Hansı ki, “Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxmışdı, amma xoşbəxtlikdən son anda toqquşmadan xilas olmaq mümkün olmuşdu.

“Bakı Metropoliteni”ndə Tərlan Dadaşov problemi

Mənbə deyir ki, “Bakı Metropoliteni” QSC-ni sədri Zaur Hüseynovun ən böyük səhvlərindən biri uzun illər metroda çalışan kadrları işdən uzaqlaşdıraraq, bu sahədən xəbərsiz olan insanları öz ətrafına toplamasıdır. Bunlardan İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev, baş müfəttiş Elxan Məmmədov və başqalarının adları çəkilir. Məlumata əsasən, Z.Hüseynovun ən çox etibar etdiyi kadrlardan biri kimi tanınan T.Dadaşovun ismi bir çox qaranlıq işlərdə hallanır. Üstəlik, “Bakı Metropoliteni”ndə çalışan  işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, Tərlan Dadaşov həmin şəxsləri idarəyə çağırtdırıb, günlərlə onları süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, heç bir əsas olmadan mükafatlarını kəsdirir, tutduqları peşədən, vəzifədən aşağı peşəyə, vəzifəyə keçirir. Yaxud da öz ərizələri ilə işdən çıxmalarını tələb edir, işçi öz ərizəsi ilə işdən çıxmaq istəmədikdə Tərlan Dadaşovun imzası ilə qanunsuz ixtisara salıb, işdən azad edirlər.

Mənbə onu da vurğulayır ki, T.Dadaşov sədrin etimadından sui-istifadə edərək, bir çox peşəkar kadrları müxtəlif bəhanələrlə vəzifədən azad etdirib, onların yerinə isə öz adamlarını təyin etdirib. Bütün bunlar haqqında, eləcə də “Bakı Metropoliteni”ndə Tərlan Dadaşovun rəhbərliyi altında fəaliyyət göstərən digər şəxslərin qanunsuz əməlləri ilə bağlı növbəti yazımızda sensasion faktlar təqdim edəcəyik.

Bizi izləyin.

(Ardı var)

Ayxan İLDIRIMTÜRK