Bakı gömrüyünün keçmiş rəisinin ailə üzvlərinə alınan 615 min dollarlıq qızılla bağlı QALMAQAL - "EVƏ SOXULUB ÜSTÜMƏ SİLAH ÇƏKDİ..."

26/10/2018 - 13:04 1 966 0   0  

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-brillyant zinət əşyaları gətirib satan dörd qadın Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük generalı Vüsal Novruzovun sürücüsü tərəfindən iri məbləğdə aldadıldıqlarını bildirir. Qadınların şikayətinə əsasən generalın ailə üzvlərinin sürücüsü Nəcəf Nəsirli öz rəisinin adından onlardan cəmi 615 min dollarlıq zinət əşyaları alıb və pulunu verməyib.

Uzun illərdir Bakı Baş Gömrük İdarəsinə rəhbərlik edən Vüsal Novruzov bu ilin mayında Azərbaycan gömrüyündə həyata keçirilən köklü islahatlar çərçivəsində işdən çıxarılıb. Nəcəf Nəsirli adlı şəxs isə onun ailə üzvlərinə sürücülük xidməti göstərib və qadınların bildidiyinə görə, generalın xüsusi etimadına sahib idi.

Generalın sürücüsü tərəfindən aldadılanlar Gülarə Əliyeva, Bağda Hacıyeva və Naibə Nəcəfova və Aytən İbrahimovadır. Onlardan ikisi-Bağda Hacıyeva və Aytən İbrahimova redaksiyamıza gələrək başlarına gələnləri danışıblar.

Qadınlar deyirlər ki, Nəcəf Nəsirli ilə onların arasında qızıl-brillyant alış-verişi 2013-cü ildən başlamışdı. Sürücü qadınlardan öz şefi üçün vaxtaşırı olaraq hərəsinin qiyməti on minlərlə dollar olan bir neçə zinət əşyası-qolbaqlar, boyunbağılar, üzüklər, sırğalar və s. alaraq aparıb. Rəisin bəyəndiklərinin pulunu gətirib, bəyənmədiklərini isə geri qaytarırmış.

“Satılan mallara görə hər dəfə ona 10 faiz verirdik, beləcə aramızda etibar yaranmışdı. Apardığı malların pulunu uzağı bir neçə həftəyə gətirib verirdi, bəyənmədikləri malları geri qaytarırdı. Hər dəfə hansısa ad günləri, toy-nişan mərasimləri üçün hədiyyə kimi bizdən qızıl-zinət əşyaları aparırdı”-Aytən İbrahimova deyir.

Şikayətçi danışır ki, Nəcəf Nəsirli mütəmadi olaraq onların evlərinə, “Lotos” Ticarət Mərkəzindəki mağazalarına (hazırda bağlanıb) gəlib-gedib: “Hərdən də özümüz malları Vüsal Novruzovun “28 May” metrostansiyasının yaxınlığında yerləşən mənzilinə, bağ evinə, yaxud da ona məxsus olan “Edelveys” gül salonuna aparırdıq. Bizim Vüsal Novruzovla şəxsi tanışlığımız olmayıb, heç vaxt üz-üzə gəlməmişik. Sürücüsünü tanımışıq, həmin adam qızılları öz rəisi üçün aldığını deyirdi”.

Qızıl alverçiləri ilə gömrük generalının sürücüsü arasında alver bu minvalla 2016-cı ilə qədər davam edib. A.İbrahimova deyir ki, həmin ilin əvvəllərində Nəcəf Nəsirli öz rəisi üçün növbəti dəfə onlara müxtəlif çeşiddə zinət əşyaları, qiymətli daş-qaş sifariş edərək gətizdirib. Sifariş olunan malların ümumi dəyəri 615 min dollar olub. Amma sürücü bu qızıl-zinət əşyalarını aparsa da pulunu ödəməyib. Qadınlar pullarını istəyəndə N.Nəsirli gah qızılları itirdiyini, gah da seyfdən oğurlandığını deyib. Hər dəfə söz verib ki, malların pulunu tezliklə düzəldib ödəyəcək. Amma daha sonra telefon nömrəsini dəyişərək əlaqədən itib.

Günlərin birində Aytən İbrahimova istirahət üçün Bodrumda olanda təsadüfən V.Novruzovun ailə üzvləri ilə “Rixos” oteldə rastlaşıb. Deyir ki, generalın ailə üzvlərinə N.Nəsirli sürücü kimi xidmət etdiyi üçün onlarla müəyyən tanışlıqları var idi. Bu qarşılaşma zamanı məlum olub ki, sürücünün qadınlardan aldığı və pulunu vermədiyi qızıl-zinət əşyalarından bəziləri generalın ailə üzvlərinin üzərindədir.

Həmin 35 min dollarlıq qolbağ

“Mənimlə birgə işləyən Gülarə də yanımda idi. Vüsal Novruzovun ailə üzvlərinə yaxınlaşıb salamlaşdıq, gördük ki, generalın qızının qolundakı brilyant qaşlı qolbaq digər qızıllarla birgə bizim Nəcəfə verdiyimiz və pulunu ala bilmədiyimiz həmin əşyalardan biridir. Təkcə həmin qolbağın qiyməti 35 min dollar idi. Nəcəfin telefon nömrəsini tapıb məsələni ona çatdırdıq, 615 min dolları tələb etdik. Dedik qızılları öz rəisinə veribsə pulunu da alıb ödəməlidir. Bundan sonra bizə qarşı təhdidlər başladı”-A.İbrahimova danışır.

A.İbrahimova deyir ki, pulları tələb etdikdən sonra sürücü onları V.Novruzovun adından hədələməyə, təhdid etməyə başlayıb. Hətta iş o yerə çatıb ki, 2016-cı ildə N.Nəsirli Aytən İbrahimovanın yaşadığı gələrək onun üstünə silah çəkib, evdəkilərin gözü qarşısında onu ölümlə hədələyib: “Telefonda zəng vurub pulu istədim, söydü, sonra da evə gəlib üstümə silah çəkdi. Yaxşı ki, həmin vaxt evdə adamlar vardı, onu itələyib çölə çıxardılar, yoxsa məni öldürə bilərdi. Nəcəf Vüsal Novruzova arxalanıb mənə hədə-qorxu gəlirdi. Deyirdi ki, mənim şefim kimi istəsə yox edir, biz belə adamlarıq”.

V.Novruzov vəzifədə olduğu dövrdə onun geniş əlaqələrindən, sürücüsünün təhdidlərindən qorxuya düşən qızıl alverçiləri rəsmi orqanlara şikayət etməyiblər. Lakin bu il mayın 29-da V.Novruzov vəzifədən kənarlaşdırıldıqdan sonra yenidən onun qohumlarının vasitəsilə pullarını tələb ediblər. Habelə generalın öz sürücüsü ilə əlaqə yaradıblar. Seyran adlı bu sürücü V.Novruzovun adından qadınları inandırıb ki, pullarını qaytaracaqlar. O, N.Nəsirlinin V.Novruzova da iri məbləğlərdə “pul atdığını” deyib, əmin edib ki, qızıllara görə yaranan borcdan keçmiş gömrük rəisinin xəbəri olmayıb.

Qızıl alverçiləri nəhayət pullarını almaq ümidi ilə iki həftə də gözləyiblər. Amma məlum olub ki, Nəcəf Nəsirli onların barəsində hüquq-mühafizə orqanlarına şikayət edib, qadınları 2 milyon manat pul alaraq geri qaytarmamaqda, yəni dələduzluqda ittiham edir.

“Məlum oldu ki, Nəcəf Nəsirli Bakı şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib və öz əlaqələrindən istifadə edərək cinayət işinin başlanmasına nail olub. İddia edib ki, guya biz ondan ayrı-ayrı vaxtlarda cəmi 2 milyon manat almışıq və geri qaytarmırıq. Hansı ki, onun bizə pul verdiyi barədə heç bir sübut-dəlili yoxdur. Satdığımız malların pulunu geri istəyəndə telefonda bir neçə dəfə pul barədə söhbət olub, indi bu adam deyir ki, guya əlində səs yazılar var”-şikayətçilər bildirir.

Qadınların hər biri ayrılıqda N.Nəsirli barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Deyirlər ki, sürücünün şikayəti əsasında cinayət işi qaldırılıb. Amma onların N.Nəsirli barəsində şikayətlərini araşdırıb cinayət işi qaldırmırlar.

“Necə olur ki, bizim sürücüyə 2 milyon manat borclu olmağımız inandırıcı olur və cinayət işi qaldırılır, amma bizim şikayətlərimiz əsassız olur? Sual oluna bilər ki, sürücüdə 2 milyon manat haradandı?”-qadınlar deyir.

Qadınların şikayət ərizələrində göstərilir ki, keçmiş gömrük rəisinin sürücüsü A.İbrahimovaya 125 min dollar, Bağda Hacıyevaya 70 min dollar, Naibə Nəcəfovaya 200 min dollar, Gülarə Əliyevaya isə 220 min dollar borcludur.

“Haqlı ola-ola haqsız vəziyyətə düşmüşük. Müstəntiq deyir ki, guya Nəcəf elə adam deyil, xeyriyyəçiliklə məşğul olur, yaxşı işlər görür. Dedim, elə xeyriyyəçidirsə bizim pulumuzu qaytarsın”-A.İbrahimova deyir.

Generalın sürücüsünün əməllərindən zərər çəkən qadınlar bildirir ki, onlar Vüsal Novruzovun ailə üzvləri üçün sürücüsü vasitəsilə aldığı qızıl-zinət əşyalarının pulunu N.Nəsirliyə verib-vermədiyini bilmirlər. Ola bilsin ki, general pulları sürücüyə verib, amma sürücü pulları mənimsəyib. Yaxud da ümumiyyətlə verməyib.

“İstənilən halda vəziyyət belədir ki, satdığımız və generalın ailə üzvlərinə çatdırıldığına əmin olduğumuz malların pulu bizə ödənilməyib. Və sürücü V.Novruzovun adından istifadə edərək bizi hədələyir. Ona görə də biz Vüsal Novruzovdan tələb edirik ki, bu məsələyə müdaxilə etsin, ailə üzvləri üçün aldığı qızılların pullarının ödənilməsini təmin etsin. Sürücüsü onu aldadıb, ya yox, biz bunu bilmirik. Hər halda inanmaq istərdik ki, general poqonları daşıyan adam sürücüsünün onun adından istifadə edərək bu cür dələduzluq əməli törətməsinə, bizim üstümüzə silah çəkməsinə məhəl qoymaya bilməz. Ancaq hazırda belə qənaət yaranır ki, Vüsal Novruzov Nəcəf Nəsirlini himayə edir”-qadınlar deyir.

Hazırda qızıl alverçilərinin şikayətləri, eləcə də sürücünün onların barəsində şikayəti əsasında qaldırılmış cinayət işi Bakı şəhər Baş Polis İdarəsində araşdırılır. Qadınlar deyirlər ki, sürücü həmin cinayət işinin köməyi ilə onlara təzyiq edir, məcbur etməyə çalışır ki, 615 min dolları geri istəməsinlər və iş bağlansın.

A.İbrahimovanın bildirdiyinə görə generalın ailə üzvlərinin sürücüsü hələ də onu təhdid edir. “Hara gedirəm qarşıma çıxır, hədələyir. Keçən dəfə yanımdan ötəndə dedi ki, səni birinci dəfə öldürmədim, amma bu dəfə öldürəcəm. Bu adamın özbaşınalıqlarına son qoyulması üçün hüquq-mühafizə orqanlarının tədbir görməsini xahiş edirəm”-o deyib./virtualaz.org/