Azərbaycanlıların yayda su, qışda qaz bəlası

08/12/2018 - 11:24 1 798 0   0  

Ölkə ərazisində yanvar və fevral aylarında dəm qazından ölənlərin 70 faizi qadınlardır...

Havaların soyuması Bakıda yanğın və dəm qazından boğulma hallarını gündəmə gətirib. Belə ki, hər il ölkədə yay aylarında su ilə, qışda isə qazla ehtiyatsız davranış üzündən onlarla adam boğularaq, dünyasını dəyişir.  İlk növbədə suda boğulanların sayına diqqət edək.  Havaların isinməsi ilə Bakıda yaşayanlar əsasən Xəzər dənizi ətrafındakı çimərliklərə, bölgələrdə məskunlaşanlar isə çaylara, göllərə üz tuturlar. İstidən yaxa qurtarmaq üçün suya girənlər, ölümün pəncəsinə düşüb, həyatlarını itirirlər. Ekspertlər bütün bu kimi hadisələri ilk növbədə ehtiyatsızlıqla əlaqələndirir.

Hər il çimərlik mövsümü başlamazdan öncə müvafiq qurumlar tərəfindən çoxsaylı təbliğatlara, gərəkli tədbirlərə baxmayaraq, ölkədə çimərliklərdə boğulanların sayı kifayət qədər olur. Baxmayaraq ki, Azərbaycan ərazisindən Kür və Araz kimi iri çaylar keçir, ölkəmiz Xəzər dənizinin sahilində yerləşir, ancaq hələ də bir çox vətəndaşlarımız su ilə davranmaq vərdişlərinə sahib deyillər. Məlumatlara görə, suda boğulanların əksəriyyəti ya qadağan olunmuş sahədə çimirlər, ya da suya içkili vəziyyətdə girirlər.

Nəticədə 2018-ci ildə  Azərbaycanda 203 nəfər suda boğulma təhlükəsi ilə üzləşib. Onlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.

Bakı və Abşeron rayonu ərazisindən 188 nəfər, çaylardan yeddi, su anbarlarından isə səkkiz nəfər xilas edilib. Bu il nəzarətsiz ərazilərdə 68 nəfər suda boğulub. Onlardan 33 nəfəri Xəzər dənizində, 11 nəfəri süni göllərdə, 12 nəfəri çaylarda, beş nəfəri su anbarında, yeddisi su kanalında boğulub.

2018-ci ilin qış aylarında dəm qazından boğulanların  da sayı az deyil. Hər il havalar soyuyan ərəfədə şikayətlər eşidirik ki, qazın tərkibi çirklidir və yandıran zaman otağa pis qoxu daxil olur. Lakin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilir ki, onların verdikləri qazın tərkibində heç bir dəyişiklik yoxdur. Qurum rəsmiləri hadisələrdə özlərini günahkar bilməyib qeyd edirlər ki, qazdan boğulmaların əksəriyyətinin səbəbi abonentlərin cihazlarla düzgün davranmamasıdır.

1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, ölkə ərazisində 2018-ci ilin  yanvar və fevral aylarında dəm qazından ölənlərin 70 faizi qadınlardır. Statistikaya görə dəm qazı zəhərlənmələrinin əksəriyyəti hamam otağında baş verir. Bu isə oradakı cihazların düzgün quraşdırılmaması və istifadəçinin mövcud qaydalara əməl etməməsi ilə əsaslandırılır. 2017-ci ilin yanvar-sentyabr aylarında isə xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273 nəfər müraciət edib.

Nüsrət Qasımov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan mütəxəssis Nüsrət Qasımov bildirib ki,  qazın tərkibinə vurulan “adarand” maddəsinə görə insanlar evə qaz dolduğu zaman asanlıqla hiss etməlidir:

 “Bu maddəni hər1000 kubmetr qaza yay aylarında 8, qışda isə 16 qram vururlar. Maddəni ona görə vururlar ki, yerdən çıxan metan qazı iysiz, rəngsiz, dadsızdır. Bu maddənin vurulması dövlət standartına daxildir. Yəni sovet dövründə necə idisə, indi də həmin qaydada və miqdarda maddə vurulur. Qaz yanan zaman bu maddənin zəhərlənməyə heç bir təsiri yoxdur.  Həmçinin dəm qazının sarımsaq iyinə bənzəyən qoxusu var ki, insanlar bu iyi hiss edən zaman dərhal havaya çıxmalıdır. Evlərində odun sobası yandıranlar da dəm qazından ehtiyatlı olmalıdır. Belə ki, əgər odun da yarımçıq yanırsa, o zaman da dəm qazı yaranır. Eyni zamanda onu da deyim ki, benzinin də yarımçıq yanması nəticəsində dəm qazı meydana çıxır. Bu hal da insanların avtomobildə ölmələrinə səbəb olur”.

Yuxarıda da qeyd etdiyimiz kimi statistikaya görə insanlar daha çox dəm qazından hamam otağında zəhərlənirlər. Zəhərlənmənin qarşısını almaq üçün aşağıdakı standartlara əməl edilməlidir:

Təbii qazla işləyən su qızdırıcılar quraşdırılan vanna otaqlarının həcmi 7.5, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6 kubmetrdən az olmamalıdır.

Vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır.

Vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0.02 kvadratmetrdən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır.

Vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr poladdan olmalıdır.

Qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır. Mətbəxlərə gəlincə isə yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır. Bundan əlavə mətbəxin həcmi dördgözlü plitələr üçün 15 kubmetrdən, üçgözlü plitələr üçün 12 kubmetrdən, ikigözlü plitələr üçün 8 kubmetrdən az olmamalıdır. Nəhayət, mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1 metr məsafə olmalıdır.