Azərbaycanlı zənginlərin Dubaydakı mülkləri

10/11/2018 - 20:17 6 925 0   0  

''Dubay əmlakı'' araşdırmasında azərbaycanlı oliqarxların adları da var.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin – OCCRP-nin Mütərəqqi Müdafiə Araşdırmaları Mərkəzi “C4ADS”-la birgə apardığı yeni araşdırmanın nəticələrini dərc edib.

Son təhqiqat yazısı Dubayın dəbdəbəli daşınmaz əmlak bazarı barədə faktları təqdim edir.

Hesabatda deyilir ki, bu bazar dünya boyunca zəngin investorlara təkcə sərmayə qoymaq imkanı yaratmayıb, həm də indiyə qədər onların adlarının tam məxfiliyini təmin edib.

Materiallarda jurnalistlərin Dubayda mülkiyyət haqda əldə etdiyi məlumatlardan istifadə edilib.

Bu məlumat bazasında 181 ölkədən olan 129 min sahibkara aid 54 min mülk ünvanı var.

Hesabatda qeyd olunur ki, adları sızmış şəxslərin arasında sanksiya altında olan fərdləri, mütəşəkkil cinayətkarlıq fiqurlarını, siyasətçiləri və ya Dubaya mülkiyyət niyyəti ilə üz tutmuş başqa zəngin şəxsləri görmək olar.

Həmin materiallarda Azərbaycan və azərbaycanlılar barədə olan hissələr bunlardır:

Çingiz Əsədullayev

Hesabatda deyilir ki, Çingiz Əsədullayev Azərbaycanın özəl maliyyə təsisatlarından olan “Azəriqazbank”ın əsas səhmdarı və idarə heyətinin sədridir. O, 2005-2010-cu illərdə ölkə parlamentinin deputatı olub.

Fərid Novruzi

Hesabatda adı nüfuzlu şəxs və ya tanınmış fiqur kimi keçir. Qeyd olunur ki, o, Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Birləşmiş Ərəb Əmirlikləri və Litvada brend geyimlər satan mağazaları işlədən “Novco Group” şirkətinin qurucusu və başçısıdır. Onun qardaşı Elsel Novruzi şirkətin vise-prezidentidir və ölkənin Gömrük Xidmətinin başçısı (artıq sabiq başçısı) Aydın Əliyevin qızına evlidir.

Günel Novruzi

Aydın Əliyevin qızıdır və “Novco Group” şirkətinin vise-prezidenti Elsel Novruzinin həyat yoldaşıdır.

Rüfət Katibli

Rüfət Katibli Azərbaycanın dövlət neft-qaz şirkəti SOCAR-ın Marketinq və Satış departamentinin başçısıdır.

Baba Rzayev

“Azərişıq” dövlət şirkətinin rəhbəridir. Baba Rzayev və onun arvadı Nərmina Həsənova hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. OCCRP-nin müxbiri Xədicə İsmayılova onların ailə biznes bağları barədə 2012-ci ildə Azadlıq Radiosu üçün təhqiqat aparıb.

Xəyal Əlizadə

Xəyal Əlizadə hesabatda cinayətlə bağlı şəxs və ya şirkət kateqoriyası üzrə təsnif edilib.

O, bir vaxtlar keçmiş prezident Heydər Əliyevin köməkçisi işləmiş Tariyel Ağayevin kürəkənidir.

Əlizadə Azərbaycanda Almaniya və Azərbaycan vətəndaşı Vüsal Şilderin (Schilder) qətli ilə bağlı iş üzrə axtarışdadır. Şilder Xəyal Əlizadənin baldızı ilə görüşürdü.

Hesabatda deyilir ki, Əlizadə ona göndərilmiş email-ə cavab olaraq özünün daşınmaz əmlakı barədə şərh verməkdən imtina edib, lakin qətllə bağlı Azərbavcanda axtarışda olduğunu təsdiqləyib.

Baharxanım Talıbova

Baharxanım Talıbova Naxçıvan Ali Məcilsiinin sədri Vasif Talıbovun qızıdır. O de-fakto bu muxtar bölgənin avtoritar hakimi sayılır.

Talıbovanın adı həm də “Azərbaycanın pulyuyuan maşını” adlı araşdırmada çəkilir. Orada onun “Metastar Invest LLP” şirkətindən 140 min dollar aldığı deyilir.

Mahmud Kamal oğlu Qubatov

Mahmud Kamal oğlu Qubatov Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (artıq ləğv edilib) direktorudur. O, əvvəllər Bakının Qaradağ rayonunda icra hakimiyyəti başçısının müavini işləyib. Onun adı Cumeyra Parkda mülkiyyət satmış şəxs kimi keçir.

Nicat Heydərov

Nicat Heydərov Azərbaycan fövqəladə hallar naziri və Dövlət Gömrük Komitəsinin keçmiş başçısı Kəmaləddin Heydərovun oğludur.

ABŞ-ın açıqlanmış diplomatik teletayplarından birində Heydərovların Azərbaycanın ikinci ən qüdrətli ailəsi olduğu deyilirdi.

Tale Heydərov

Tale Heydərov da Kəmaləddin Heydərovun oğullarından birdir.

O, Londonda mənzillənmiş Avropa Azərbaycan Cəmiyyətinin prezidentidir.

Seymur Talıbov

Seymur Talıbov Naxçıvan rəhbəri Vasif Talıbovun oğullarından biridir. O, 2015-ci ildən muxtar respublika Məclisinin üzvüdür.

Əhməd Abdolbari Gözəl

Hesabatda Azərbaycanla bağlılığı olan iranlı Əhməd Abdolbari Gözəlin də adı çəkilir.

O, 2013-cü ildə prezident İlham Əliyev və onun ailəsinin təmsilçisi olmuş Hassan Gözəlin qardaşıdır.

Əslən iranlı olan qardaşların əsas biznesi Dubayın Cəbəl Əli azad ticarət zonasındadır.

Onlar Azərbaycanın dövlət neft şirkəti SOCAR-la milyardlarla dollarlıq tikinti kontraktları imzalayıblar.

Tərcümə Azadlıq Radiosunundur.  \\meydan tv