Azərbaycanı kimlər və niyə qarışdırmaq istəyir... - HƏDƏFDƏYİK!

26/01/2019 - 11:30 1 482 0   0  

Hakimiyyət təmsilçiləri və deputatları xaricdən Azərbaycanı qarışdırmağa çalışanların olduğunu bəyan edirlər. Ölkəmizdə qarışıqlıq yaranmasında maraqlı qüvvələrin hərəkətə keçdiyi iddiaları irəli sürülür.

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bu barədə şərhində bildirdi ki, Azərbaycanı qarışdırmaq istəyən qüvvələrin məkrli niyyətinin bir neçə məqsədi ola bilər. Onlar bununla həm hazırkı hakimiyyətə təzyiq göstərməklə müəyyən güzəştlər qoparmaq istəyirlər. Bu güzəştlər çox müxtəlif ola bilər: “Azərbaycan ərazisindən plasdarm, poliqon kimi istifadə etməkdən tutmuş, ölkəmizin iştirak etdiyi meqalayihələrlə bağlı güzəşt əldə etməyədək, silah alışına təhrik etməyə qədər və sair.
Bunun üçün ən müxtəlif şəxslərdən, qruplardan istifadə edilir: radikal müxalifət, radikallaşmış dini qruplar, ayrı-ayrı ictimai təşkilat adı altında fəaliyyət göstərən QHT rəhbərləri və üzvləri, araşdırmaçı jurnalist, hüquq müdafiəçiləri və digər qruplar. Onların arasında Qərbin agenti hesab olunan şəxslər də olmamış deyil.
Hər hansı bir ictimai şəxsi əməkdaşlığa cəlb etmək, yaxud sıravi, heç kəsin tanımadığı sıravi bir şəxsin uğurlu piarını qurub onu ictimaiyyətə qəhrəman kimi təqdim etmək də Qərbin siyasi texnoloqlarının əsas metodlarından biridir".
Politoloq deyir ki, Azərbaycanda ara qarışdırmaqda əsas məqsədlərdən biri ölkəni Rusiya və İrana qarşı istifadə etmək, eyni zamanda Çinin irəli sürdüyü meqalayihələrə mane olmaqdır: “ABŞ-ı hazırda əsas narahat edən Çin amilidir. Xüsusən, Tramp hakimiyyətə gələndən sonra Amerika ilə Çin arasında ticarət savaşları güclənib. Böyük İyirmiliyin son sammitində də əsas gündəm mövzusu iki ölkə arasındakı ticarət savaşları olmuşdu. Davos İqtisadi Forumunu da Tramp başda olmaqla ABŞ biznes və siyasət elitasının boykot etməsi Çinə qarşı savaşla bağlı idi. Davosda Çinin 2013-cü ildə irəli sürdüyü ”Bir qurşaq, bir yol" layihəsinə həsr olunmuş sammit keçirildi. ABŞ bu layihədən çox narahatdır. Çünki Çin və Avropa bu meqalayihələr əsasında birləşir, trilyonlarla dollarlıq ticarət əlaqələri aparılır, Avrasiya inteqrasiyası sürətlənir. Azərbaycanın bu cür layihələrdə əsas ölkələrdən biri olması ABŞ-ı narahat edir".
Politoloq hesab edir ki, əslində ABŞ-ın Böyük Orta Şərq layihəsinin bir məqsədi İsrailin Yaxın Şərqdəki mövqeyini gücləndirməkdirsə, digər məqsədi Çinin “Bir qurşaq, bir yol” layihəsinin üzərindəki ölkələri qarışdırmaq, layihənin icrasına mane ola bilmədikdə orada iştirak edən ölkələri öz tərəfinə çəkməklə layihəyə nəzarəti ələ keçirməkdir: “Azərbaycan planetin əhalisinin 63 faizinin yaşadığı bu layihədə iştirak edir. Prezident İlham Əliyevin Davosda qeyd etdiyi kimi Azərbaycan Şimal-Cənub, Şərq-Qərb layihələrinin kəsişdiyi tək ölkədir. Məsələn, Bakı-Qars bu layihəyə daxildir, İran da ona qoşulmaq istəyir. ABŞ-ın təcrid etmək istədiyi İranın bu layihəyə qoşulmaq niyyəti, Rusiya, İran və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Şimal-Cənub layihəsi və s. ABŞ-da bəzi dairələri narahat edir. Azərbaycana təzyiqlərin səbəblərindən biri budur.
Azərbaycan ABŞ-la hazırda gərgin münasibətdə olan Türkiyə ilə də yaxın əlaqələrə malikdir. Bəzi hallarda ölkəmiz çətin seçim qarşısında qalır. Məsələn, Türkiyə Azərbaycandan FETÖ-nün terror təşkilatı kimi tanınmasını istəyir. Halbuki, FETÖ-nün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olduğu ehtimal edilir. Azərbaycanın bu təşkilatı tanıması ABŞ-ı qane etməyəcək. Necə ki, Azərbaycan Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsində də, ABŞ-ın deyil, Türkiyənin yanında olmuşdu.
Azərbaycana radikal müxalifətin etiraz mitinqləri və digər vasitələrlə təzyiqlərin səbəblərindən biri onu tamamilə öz tərəfinə çəkib istədikləri qərarları qəbul etdirmək, Çin, Rusiya, Türkiyə və İrandan uzaqlaşdırmaqdır. Bu, uzunmüddətli, strateji plan sayıla bilər. Başqa bir məqsəd isə Rusiyanı hazırda Ermənistan və Gürcüstandakı fəallıqdan uzaqlaşdırıb güzəştə məcbur etməkdir. Qərb Azərbaycanı qarışdırmaqla Rusiyaya göstərmək istəyir ki, o, burada da təsir imkanlarına malikdir. Amma əslində, Azərbaycanda hakimiyyəti dəyişmək üçün zəmin olmadığını Qərb yaxşı bilir, çünki xalq bu mitinqlərdə fəallıq göstərmir. Sadəcə, bu prosesi dərinləşdirə biləcəyi mesajı verir və Rusiyanı sövdələşməyə təhrik etməyə çalışır".