Azərbaycandakı istefaların və işdənçıxarmaların əhəmiyyəti varmı? - TƏHLİL

30/10/2019 - 00:40 17 345 0   0  

Leyla Əliyeva

Siyasi təhlilçi, Oxford Universiteti

2019-cu il Azərbaycan üçün nəzərəçarpan ictimai fəallığın bir neçə dalğası və hakimiyyətin buna reaksiyası ilə əlamətdar oldu. Bu, prezidentin islahatlar kursuna başlaması barədə bəyanatlarında özünü göstərdi.

19 yanvarda siyasi məhbusların sərbəst buraxılması şüarlarıyla nümayiş həm rejim, həm də müşahidəçilər üçün gözlənilməz bir miqyas aldı. Prezident Əliyev tərəfindən bayramla bağlı verilmiş amnistiya fərmanı ilə 25 mart tarixində görünməmiş sayda çox - 51 nəfər azadlığa çıxdı.

İyunun 20-də prezident təhlükəsizlik sahəsində bir neçə nazirlik və idarənin rəhbərini dəyişdirdi, bu da başqa bir dəyişiklik siqnalı oldu.

Lakin bu yerdəyişmələr hakimiyyət sisteminin əhəmiyyətli fiquru sayılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə toxunmadı, onun vəzifədən uzaqlaşdırılacağı barədə şayiələr hazırkı prezidentin hakimiyyətə gəlişindən bəri dolaşıb.

2019-cu ilin payızında etiraz fəallığı yenidən artdı, paytaxt Bakının mərkəzində icazəsiz mitinqi polisin aşırı güc və qəddarlıqla dağıtmasına görə bu etirazlar beynəlxalq miqyasda diqqəti özünə cəlb etdi. Ertəsi gün məişət zorakılığına etiraz edən qadınların yürüşü göstərdi ki, problemlər o həddə çatıb kı, hətta qəddarlıq və işgəncələr belə insanları narazılıq bildirməkdən çəkindirmir.

Aksiyanın ardınca nazirliklərdə bir sıra struktur dəyişiklikləri və bu günə qədər "toxunulmaz" olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefası da daxil, istefalar oldu. Bu, ölkə rəhbərliyinin niyyəti və hakimiyyət daxilində baş verən proseslər barədə çoxlu fərziyyələrə və şərhlərə səbəb oldu.

Sistem meneceri

Sovet dövrünün keçmiş ideologiya katibi olan Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılacağı barədə şayiələr gənc Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişindən bəri dolaşsa da, Sövet tipli "hakimiyyət vertikalı" və oğul Əliyevə ata Əliyevdən miras qalan seçki sisteminin "meneceri" və demək, hakimiyyət stabilliyinin qarantı olduğuna görə belə bir addıma ehtiyac yox idi.

2006-cı ildə əsas neft gəlirləri axını başlayandan sonra ona olan ehtiyacın azalacağına dair gözləntilər yenidən artmağa başladı, çünki nəzarətli seçki mexanizmini və elektoratın razı salınması vəzifəsini pulla da həll etmək olardı.

Lakin bu, baş vermədi. Üstəlik, Ramiz Mehdiyev - ictimaiyyətin və beynəlxalq icmanın təsəvvüründə - getdikcə daha çox dərəcədə "Rusiyanın adamı" kimi və rəsmilərin iddia etdiyi, hökümət daxilindəki islahatçı qüvvələrlə anti-islahatçılar arasında gedən şiddətli mübarizədə mühafizəkar (və ya islahata maneə törədən) qüvvə kimi görünürdü.

2014-cü ildə vətəndaş cəmiyyətinə qarşı yönəlmiş basqı, Ramiz Mehdiyevin "repressiya manifestinə" çevrilmiş, Qərbin "beşinci kolonunun" pisləndiyi, aparıcı QHT-lər, jurnalistlər və fəalların adı çəkilən və təqiblərin başlanğıcı olan böyük məqaləsi ilə başladı. 

Missiya başa çatıb?

"Bəs niyə indi?" - bu, çox sayda müşahidəçi tərəfindən verilən sualdır, lakin burada bir məntiq ondan ibarət ola bilər ki, sistemin Ramiz Mehdiyevə ehtiyacı artıq əvvəlki dərəcədə deyil.

15 il ərzində sistem, onun qaydalarını köhnə sovet işçilərindən heç də daha pis bilməyən yeni məmurlar nəsli hazırlayıb. Bu baxımdan da, yaşın əhəmiyyəti yoxdur.Lakin avtokratik bacarıq və loyallıq istedadına əlavə olaraq, yeni məmurlar xarici dildə danışırlar və bəziləri hətta xaricdə təhsil alıb.

Üç dövlət qurumunu - Vergi Nazirliyi, Dövlət Əmlak Komitəsi, Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyini birləşdirən İqtisadiyyat Nazirliyinin yeni təyin olunmuş rəhbəri - keçmiş vergilər naziridir - bundan əvvəl isə Mikail Cabbarov təhsili naziri olub. Onun 43 yaşı var, o, Amerikada təhsil alıb və ingilis dilində sərbəst danışır, lakin bu günə kimi başçılıq etdiyi nazirliklərdə onun hər hansı nəzərəçarpan bir islahat apardığı gözə dəyməyib. 15 il ərzində hakimiyyət vertikalı tədricən prezidentin və onun ailəsinin tabeçiliyinə verilib.

Bu proses regionlara sadiq icra hakimiyyəti başçılarının təyin edilməsi və həmin bölgələrin inkişafının oliqarx-nazirlərə həvalə edilməsi yoluyla reallaşdırıldı. Lakin bu asan iş olmayıb. Təcrübəli ata Əliyevin ustası olduğu mürəkkəb hakimiyyət texnologiyasını sadəcə, repressiv aparat və pul əvəz edə bilməzdi.

Patronajlıq sistemindəki resursların bölüşdürülməsi müxtəlif klan və maraq qruplarının nüfuz dairəsinə uyğun aparılır və iyerarxiyanın başında duran lider bunu tənzimləməyi bacarmalıdır.

Hətta 2004-cü ildə oğul Əliyevin adamı kimi Milli Təhlükəsizlik nazirliyinin köhnə rəhbərini əvəz edən Eldar Mahmudov da qeyri-loyallıq və cinayətkarlıq qalmaqlı ilə 2017-ci ildə işdən çıxarıldı. Beləliklə, nəzarət və onun inhisara alınması hakimiyyətin stabilliyi üçün mühüm əhəmiyyət kəsb edib.

Ramiz Mehdiyevin istefası Rusiya ilə münasibətlərdə bəzi dəyişikliklərə də bir işarə ola bilər. Bəziləri bunu hökumətdə Rusiyanın mövqeyinin zəifləməsi hesab edə bilər, ancaq tam əks dəyərləndirmələrə də burada yer var- ikitərəfli münasibətlərdə qarşılıqlı etimad o qədər yüksək səviyyəyə çatıb ki, xüsusi "gözətçiyə" artıq ehtiyac qalmayıb.

Həqiqətən də, pisləşən Rusiya-Ermənistan münasibətləri fonunda iki dövlət arasındakı münasibətlərdə bu il və keçən il inkişaf amilləri özünü göstərib: rus dilində təhsilin həcmi artıb, Azərbaycan Energetika Nazirliyi, müəyyən şərtlərlə də olsa, atom elektrik stansiyasının inşasıyla bağlı Rusiyanın təklifini "nəzərdən keçirir".

Klanların savaşı

Prezident administrasiyası rəhbərinin istefasına dair ən populyar şərhlərdən biri də bunun klanlararası və qruplararası mübarizənin ifadəsi olmasıdır. Bu mübarizə Azərbaycanın 2012-ci ildən başlayan neft gəlirlərinin azalması ilə xarakterizə olunan "post-neft" dövrünə qədəm qoymasından bəri intensivləşir.

Bir çox yerli müşahidəçilərin fikrincə, bu, Paşayevlər klanının, nümayəndəsinin Ramiz Mehdiyev olduğu Naxçıvan klanı ilə müqayisədə, mövqelərinin möhkəmlənməsindən xəbər verir.

Bununla belə, mühüm fiqurlar səhnədən tamamilə uzaqlaşdırılmır - digər vəzifələrə təyin edilir. Məsələn, Ramiz Mehdiyev Elmlər Akademiyasının prezidenti vəzifəsinə "seçilib" və Milli Təhlükəsizlik Şurasının tərkibinə təyin edilib.

Ancaq əsas sual qalır - bu, "elitadaxili mübarizə" islahatların gələcəyi üçün nə deməkdir? Bu sual rəhbərliyin islahatlar aparmaq imkanları və siyasi iradəsi ilə yanaşı, bu mübarizənin mahiyyəti ilə də bağlıdır.

Sosial şəbəkələrdə bunu müzakirə edən müxalifət nümayəndələrinin əksəriyyəti rejimin mahiyyətinə təsiri baxımından bu istefanı əhəmiyyətsiz hesab edir. "Klanlar arasında heç bir fərq yoxdur, çünki dəyərlər və ya strategiya ətrafında mübarizə - bu, sadəcə, resurslar və hakimiyyət uğrunda aparılır", - Əli Kərimli deyib.

Vətəndaş cəmiyyəti fəalı Anar Məmmədli qeyd edib ki, müstəqilliyin ilk illərində Elçibəyin islahatlar keçirməyə siyasi iradəsi olsa da, resursları yox idi, indiki iqtidarın isə bunun üçün bütün resursları olsa da, siyasi iradəsi yoxdur.

Etirazlar nəyi göstərdi?

Müxalifətin fəaliyyət göstərməsi üçün tələb olunan resurs və azadlıqların çatışmazlığı, demokratik düşərgədə birliyin olmaması, dağılmış vətəndaş cəmiyyəti, məhdud insan haqları, güclü repressiv aparat - bunların hamısı siyasi status-kvonu pozmağa müxalifətin imkanlarının məhdud olduğuna hakimiyyətin inancını möhkəmləndirmişdi.

Lakin 2019-cu il yanvarın 19-da Bakıda siyasi məhbuslara azadlıq tələbli siyasi şüarlar altında, icazəli etirazın miqyası ədalətsizlik və haqsızlıq sisteminə dözülməyəcəyinə dair ilk siqnal idi. Oktyabrın 19-da şəhər mərkəzində icazəsiz mitiq isə göstərdi ki, insanların qətiyyəti və çarəsizlik dərəcəsi dövlət zorakılığından qorxu hissini üstələyir.

Aşırı polis qəddarlığına baxmayaraq, insanlar küçələrə çıxdılar və etirazlarını bildirməyə davam edərkən, hətta yoldan keçən piyadalar da polis avtobuslarına daşınaraq paytaxtdan çox uzaq yerləşən ərazilərə aparıldılar. Müxalifətin populyar liderləri Əli Kərimli və Tofiq Yaqublu görünməmiş zorakılıq və işgəncələrdə məruz qaldıqlarını söylədilər.

Etiraz eyni zamanda hadisəni işıqlandıran və xəbərləri dünyaya yayan onlarla jurnalistin təmsil etdiyi elektron mediaların əhəmiyyətli dərəcədə inkişaf etdiyini göstərdi.

Polis zorakılığı növbəti gün yenə də icazəsiz keçirilən məişət zorakılığına qarşı şüarlar altında feminist yürüşünün qarşısını almadı. Gənc qadınlar, bəziləri hətta azyaşlı uşaqları ilə birlikdə, polis tərəfindən qədarlıqla dağıdılmaya baxmayaraq, şəhərin mərkəzində keçən yürüşə qatıldılar.

Etirazçıların sayı minlərlə olmasa da, bu aksiyalar hakimiyyətin əsasını təşkil edən qorxunun aradan qalxması kimi bir dönüş nöqtəsini işarələmiş oldu.

"Yerdəyişmələr"

İndiki istefaların, xüsusən prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin istefasının nə qədər vacib olduğu sualına müxtəlif cür cavab vermək olar, lakin bir məsələ aydındır ki, cənab Əliyev "post-neft dövrünün" tələblərinə uyğunlaşmalıdır, amma bu uyğunlaşma onun baxışlarından daha çox dərəcədə asılıdır.

O, islahatların zəruriliyini etiraf edə və hətta onların başlandığını elan edə bilər, amma hakimiyyəti qoruyub saxlamaq istəyi bu islahatların həyata keçirilməsini həmişə məhdudlaşdıracaq.

Son təyinatların və yerdəyişmələrin göstərdiyi kimi, buna müxtəlif maraq qrupları üzərində daha çox nəzarətin qurulması və onun resurslar və siyasət vasitəsiylə inhisarlaşdırılması yoluyla nail olunur.

Facebook istifadəçisi olan fəallardan biri işdənçıxarmaları və təyinatları belə təsvir etmişdi: "yerdəyişmələr islahat deyil".

Bununla belə, gələcək dinamika və daxili etirazlar və beynəlxalq ictimaiyyətin təzyiqi rəsmi siyasətin mahiyyəti və tətbiqində müəyyən düzəlişlərə gətirib çıxara bilər.