Azərbaycanda "yuxarılar" səni hər yerdə izləyir - Həm offline, həm də online…

17/01/2019 - 10:14 1 198 0   0  

Birləşmiş Krallıqda qərargahlaşan "Foreign Policy Centre" düşüncə mərkəzi öz vebsəhifəsində jurnalist Arzu Qeybullayevanın Azərbaycan hökumətinin yeni texnologiyaları istifadə edərək, ictimai fəalları necə hədəfə aldığı haqda məqaləsini dərc edib. Suveren.az "Amerikanın səsi"nə istinadən məqalənin tərcüməsini oxucularına təqdim edir:

7 yanvar 2019-cu tarixində Qurium Media Fondunun VirtualRoad layihəsi Azadlıq qəzetinin vebsəhifəsinə (azadliq.info) olan son hücumları sənədləşdirən hesabat dərc edib. Hesabat belə bir nəticəyə gəlib: “10 ay ərzində biz Bifrost xidmətimizdən istifadə edib, milyonlarla dollar dəyərində olan DPI alətlərindən yan keçərək, azadliq.info saytını Azərbaycan daxilində online saxlamaq cəhdlərimizdən sonra hökumətin informasiyaya nəzarət edilməsinənə qədər əhəmiyyət verdiyinə bir daha şahid olduq.” Azərbaycanda 2017-ci ilin martından istifadə edilən DPI alətlərini (ingiliscə Deep Packet Inspection) informasiyanın ekstraksiyasını mümkün edən rəqəmsal dinləmə üsulu kimi təsvir etmək olar.

Azadlıq qəzeti, vebsəhifəsin hədəfə alındığı yeganə media qurumu deyil. 2018-ci ilin 27 dekabr tarixində daha bir müxalif mətbuat layihəsi Abzas.net “icma qaydalarını pozduğuna görə” səhifəsinin silindiyi haqda Facebook tərəfindən xəbərdar edilib. Adminləri səhifənin silinməsindən bir neçə gün öncə yüzlərlə trolun hücumuna məruz qaldıqlarını və səhifənin anonim şikayətlər nəticəsində silindiyini bildirirlər. Bu məqalə yazılan zaman həmin səhifəyə daxil olmaq hələ də mümkün deyildi.

Keçən ilin noyabr ayından etibarən hücuma məruz qalan media qurumlarından biri də müstəqil xəbər platforması olan AzadlıqRadiosu-dur. 2018-ci ilin 24 noyabr tarixində media qurumunun Facebook səhifəsi hək olunub və bir neçə saat ərzində səhifənin aktiv olduğu ana qədər mövcud olan bütün videolar və fotolar silinib. Radio daha sonra öz Facebook səhifəsinə nəzarəti bərpa etməyə müvəffəq olub.

Başqa bir hal keçən ilin yanvar ayında baş verib. Berlində qərargahlaşan, Azərbaycandakı hadisələri üç dildə işıqlandıran Meydan TV xəbər saytı da Facebook səhifəsinə nəzarəti itirmişdi. Hakerlər səhifənin 2014-cü ildə fəaliyyətə başladığı gündən etibarən bütün postları, videoları və fotoları siliblər.

Son hücumların ardıcıllığını izləyən ekspertlər üçün burada təəccüblü və yeni heç bir şey yoxdur. Belə ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (həmin zaman Milli Təhlükəsizlik Nazirliyi) hələ 2011-ci ilin dekabr ayında NICE Systems şirkətinə (hökumətlərə nəzarət və müdaxilə texnologiyası satan Hacking Team şirkətinin İsraildə qərargahlaşan tərəfdaşı) müraciət edərək, “qanuni hək texnologiyası” almaq niyyətini bildirmişdi.

Hacking Team-in 2012-ci ilin may ayına aid olan sızdırılmış elektron məktublarının biri DTX-nın bu xüsusi marağına daha çox işıq saçır: “[...] müştəri ISP əsaslı yoluxdurma (HT NIA) və mobil yoluxdurma ilə maraqlandığını bildirib.” Provayderlər arasındanövbəti e-mail mübadiləsi isə müştəriyə nümayiş etdirilən məhsulun xüsusiyyətlərinə daha çox aydınlıq gətirir: “ISP/MIM vasitəsilə Skype, mobil telefon üzərində Skype (Android, IOS və Windows) və fərdi kompüterlərdə (IOs və Windows) danışıqların ələ keçirilməsi.”

Milli Təhlükəsizlik Nazirliyi “Remote Control System” (RCS) alətləri [məlumat toplayan virus kimi də izah etmək olar - red.] arasında xüsusilə maraqlandığı TNI (Tactical Network Injector) idi. Bu RCS modulu qurbanın şəbəkəsini monitor edir və seçilmiş Web resurslara agentlər və mobil telefonlara RMI (Remote Mobile Infection) agentlər yerləşdirir.

RCS texnologiyası imkan verir ki, yoluxdurulmuş cihazlardan məlumat həm online, həm də offline rejimdə toplanılsın. Məlumat klaviatura ilə yazılanların yaddaşda saxlamaqla, o cümlədən istifadəçinin xəbəri olmadan cihazın kamerası və mikrofonunu işə salmaqla əldə edilir.

Bu texnologiyanın ictimai fəalları hədəfə almaq üçün istifadə ediliyi ilə bağlı nümunələrdən biri Amnesty International təşkilatının 2017-ci il hesabatında əks olunub. Təşkilat bildirir ki, 2015-ci ildə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının kompüterində məlumat toplayan virus aşkarlanıb. Bu virus işə düşən andan hədəfə alınan şəxsin daxil etdiyi məlumatların surətini çıxarır: “O, hədəfə alınan şəxsin cihazındaki IP ünvanları və quraşdırmaları toplayaraq, qurbanın sistemini profilləşdirir. Daha sonra agent davamlı olaraq, istifadəçinin klaviatura ilə daxil etdiyi məlumatları və kompüter ekranının görüntüsünü yadda saxlayır. Bu, böyük bir ehtimal e-mail və sosial media kimi onlayn platformalara daxil olmaq üçün istifadəçinin məlumatlarını əldə etmək niyyətiylə edilir.” Eyni virus insan haqları müdafiəçisi və keçmiş siyasi məhbus Rəsul Cəfərov və digərlərinə qarşı da istifadə edilib.

Hücumların digər növlərindən biri də internet şəbəkəsinin süni şəkildə həddindən artıq yüklənilməsidir. VirtualRoad layihəsinin 2016-cı il hesabatında qeyd etdiyi bu üsul Azərbaycanda bir sıra xəbər vesəhifələrə çıxışın qarşısını almağa yardım edib. (Həmin vebsəhifələrin böyük əksəriyyəti 2017-ci ilin may ayından bəri bloklanıb.) 2017-ci ildə dərc etdiyi növbəti hesabatında VirtualRoad müstəqil media qurumlarına qarşı bu cür hücumların (DDoS onlardan biridir) arxasında hökumətlə əlaqəli IP ünvanların dayanması ilə bağlı sübutlar təqdim edib.

Azadlıq qəzeti, AzadlıqRadiosu və digər platformalara edilən son hücumlardan sonra aydın olur ki, mediaya qarşı basqılar, siyasi təhdidlər, mətbuat və ifadə azadlığına qarşı digər növ hökumət təzyiqlərinə əlavə olaraq, Azərbaycan hökuməti DDoS hücumları, vebsəhifələrin bloklanması, müstəqil ictimai fəalların e-mail və sosial media hesabların hək edilməsi, YouTube məzmunlarının yığışdırılması müraciətləri, hökumət işçiləri və gənc könüllülərin trol fəaliyyətinə cəlb edilməsi və DPI alətlərinin istifadəsi kimi bir sıra informasiyaya nəzarət üsullarını uğurla tətbiq edir.

Bu texnologiya haradan gəlir?

VirtualRoad-un təhlilinə əsasən, 2016-cı ilin oktyabr və 2017-ci ilin mart tarixləri arasında müşahidə edilən DDoS hücumları azərbaycanlı sistem administratorları tərəfindən işlədilən serverlərdən başladılıb. VirtualRoad bildirir ki, bu fakt hücum edənlərin ölkənin kibertəhlükəsizlik icması ilə yaxın olduğunu sübut edir. Layihə həm də 2017-ci il qanun düzəlişlərindən sonra bloklanan Abzas.net və Azadliq.info vebsəhifələrinə qarşı botnet (saytın fəaliyyətində fasiləyə səbəb olan kütləvi daxilolmalar - red) hücumları da aşkar edib.

2018-ci ilin aprel ayında dərc edilən digər hesabat Azərbaycan hökumətinin DPI alətindən istifadə etməsi ilə bağlı sübutlar təqdim edib. Hesabat həmçinin həmin ixtisaslaşdırılmış təhlükəsizlik təchizatının Allot Communications adlı İsrail təhlükəsizlik şirkətindən 3 milyon ABŞ dollarına alındığını aşkar edib.

NICE Systems şirkəti ilə uğurlu əməkdaşlıqdan sonra, Azərbaycan hökuməti İsrail şirkətləri ilə çalışmağa vərdiş edib. VirtualRoad dərc etdiyi yeni hesabatda Azərbaycanın DPI alətlərindən və şəbəkə trafikinə nəzarət etməkdə ixtisaslaşan Kanadanın Procera-Sandvine adlı şəbəkə təchizatı şirkətinin xidmətlərindən istifadə etməsinin aşkar göründüyünü qeyd edir. Citizen Lab hesabatına əsasən, eyni şirkətin cihazları daha öncə “dövlət miqyasında məlumat toplayan virusun yerləşdirilməsi məqsədilə Türkiyədə, bilavasitə yolla Suriyada və kriptovalyuta vasitəsilə gizli şəkildə pul toplanılması üçün Misirdə” istifadə edilib.

Bunlar nə üçün önəmlidir?

Müstəqil mətbuatın azsaylı jurnalistlər icması səviyyəsinə qədər kiçildiyi, həbsxanaların müxbirlərə və ictimai fəallara “xoş gəldiniz” dediyi və məhkəmələrin saxta ittihamlarla hökm oxumaqda səmərəli olduğu ölkədə bu cür mürəkkəb texnologiya ilə iqtidarın vətəndaşların online və offline tarixçlərinə çıxış əldə etməsi yalnız narahatedici hal deyil, insanların özəl həyatları, anonimliyi və təhlükəsizliyi ilə bağlı başlıca hüquqlarının kobud pozulmasıdır.

Bu cür nümunələrdən ən sonuncusu Mehman Hüseynovun işidir. Hökumətin yol verdiyi korrupsiya hallarını, sosial bərabərsizliyi və digər problemləri özünün Sancaq TV adlı popular YouTube səhifəsində işıqlandıran vətəndaş jurnalisti böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin mart ayında azadlığa buraxılmalı olan Hüseynov indi də cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bu ittiham jurnalistin həbsini daha 7 il uzada bilər. 26 dekabr tarixində yeni ittihamları eşidən Hüseynov aclıq aksiyasına başladığını elan etdi.

Yeni ittihamlar haqqında xəbərlərin yayılması sosial media kütləvi dəstək kampaniyasına təkan verdi. Hüseynova dəstək məqsədilə Bakıda sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyə cəhd edən fəallar inzibati qaydada həbs və ya cərimə edildi. Beynəlxalq tənqidlərə müxtəlif insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç də qoşularaq, hökuməti yeni ittihamları götürməyə və Hüseynovu azadlığa buraxmağa çağırdı.

Mehman Hüseynovun özü də, onun dəstəkçiləri də təqsirsiz olduğunu bildirir və hökumətin bu yeni ittihamlarla fəaliyyətindən narahat olduğu blogeri dəmir barmaqlıqlar arxasında saxlamaq istədiyini deyir. Aclıq aksiyasının elan edilməsindən və beynəlxalq təzyiqin başladılmasından sonra hökumət nümayəndələri Hüseynovun qanunları pozduğu üçün həbsdə olduğunu və törətdiyi cinayətə görə cəzasını çəkdiyini bildirirlər.

2019-cu ilin 11 yanvar tarixində sosial şəbəkələrdə Hüseynov tərəfindən “yazılan” bəyanat yayıldı. Mətbuata ünvanlanan həmin bəyanatda Hüseynov özünü yaxşı hiss etdiyini və həyata keçirdiyi aclıq aksiyasından sonra bərpa olunduğunu, o cümlədən özünə qarşı açılan yeni cinayət işi ilə bağlı təhqiqatın ədalətli olacağına ümid etdiyini yazır. Lakin, çox az insan bəyanatın həqiqiliyinə inanır.

Hüseynovla məktubun yayılmasından bir gün öncə görüşmüş vəkili Şəhla Hümbətova deyir ki, o bəyanatla bağlı heç bir şey qeyd etməyib. “Bəyanatda yazılanın əksi olaraq, quru qidadan imtina etməyə davam edəcəyini və yalnız şirə, və ya süd içəcəyini bildirib. O dedi ki, bunu azadlığa buraxılmalı olduğu gün – 2 mart tarixinə qədər davam edəcək.” – deyə, Hümbətova AzadlıqRadiosuna müsahibəsində bildirib. Mehmanın qardaşı Emin Hüseynov bu məktunun saxta olduğunu təsdiq edib.

Ədalətin nadir hallarda qələbə çaldığı ölkədə saxta bəyanatlar təəccübə səbəb olmur. Sual başqadır - Onsuz da mümkün bütün gücə sahib olan hökumət daha nələr etməyə qadirdir?

Qeyd: Məqalə dərc ediləndən sonra Abzas.net layihəsinin Facebook səhifəsinin fəaliyyəti bərpa edilib.