“Azərbaycanda ən ləyaqətsiz adamlar "yuxarı"da, ən ləyaqətlilər "aşağıda"dır” – SƏRDAR CƏLALOĞLU

23/07/2020 - 13:51 3 976 3   0  

“Azərbaycanda hakimiyyəti çox dar, məhdud insanların arasında bölüşdürürlər”

Bir neçə gündür ki, gündəmi Gürcüstandan keçməklə Serbiyadan Ermənistana silah ötürülməsi məsələsi zəbt edib. İnsanlarımız və ictimai xadimlərimiz fərqli şəkillərdə buna öz münasibətlərini bildirərək, Azərbaycanın müttəfiqlərini yenidən gözdən keçirməsini və ölkəni xarici siyasət kursunda dəyişikliklər etmək lazım olduğunu bildirirlər. Bu mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

– Sərdar bəy, necə düşünürsünüz, Azərbaycanın strateji müttəfiqi və qonşu dövlət olan Gürcüstanın bu hərəkəti diplomatiyamızın yetərsizliyini göstərmirmi?

– Əvvəla onu deyim ki, Gürcüstan Ermənistanın son vaxtlarda Tovuza hücumu ilə bağlı bir mövqe ortaya qoymadı. Bu, onu göstərir ki, son seçkilərdən sonra, deyildiyi kimi, həqiqətən də Gürcüstan hakimiyyətinə Rusiya yönümlü qüvvələr gəlib. Biz bilirik ki, bu, Azərbaycana olan hücum da, Ermənistanın gücləndirilməsi də bilavasitə Rusiyanın əməlləridir. Ona görə də, biz belə dəyərləndirməliyik ki, Gürcüstandakı hakimiyyət özünün ruspərəst mövqeyini ortaya qoydu.

O ki qaldı silahların Ermənistana göndərilməsinə, təkcə bu yox, bizim hətta bəzi qardaş hesab elədiyimiz, çox böyük iqtisadi əlaqələr qurduğumuz Avropa ölkələri, qaz-neft satdığımız, bizimlə tərəfdaş olan, məsələn, BP-nin ölkəsi olan İngiltərə və digər ölkələr də susurlar. Əlbəttə, bütün bunlar onu göstərir ki, faktiki olaraq Azərbaycan diplomatiyası ümumiyyətlə Azərbaycanın maraqlarını müdafiə etmək iqtidarında olmayıb. Bilirsiniz, son günlər ABŞ-da Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ərazilərinin işğal edilməsiylə bağlı məsələlər müzakirə edilib. Artıq birmənalı şəkildə işğal haqqında hüquqi qətnamənin Dağlıq Qarabağa tətbiqi məsələsi gündəmə gətirilməlidir. Biz ümumi qətnamə şərtlərindən çıxış edib, öz ərazilərimizi müharibə yoluyla azad etməliyik. BMT-nin ümumi qətnaməsinə görə, bütün dünya ökələri bizim tərəfimizdə durmalıdır və əksinə, Ermənistana kömək edən istənilən ölkə, o cümlədən Rusiya beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır və təzyiq edilməlidir.

– Bakı bu məsələdə müttəfiqlərinə və xarici siyasətinə münasibətində hansı korrektələri etməlidir?

– Birinci növbədə, Azərbaycan artıq tarazlaşdırılmış siyasətdən imtina etməlidir. Bu otuz illik tarazlaşdırılmış siyasət yalnız Azərbaycanın maraqlarının qurban verilməsinə, Azərbaycanın suverenliyinin, müstəqilliyinin inkişafdan geri qalmasına səbəb olur. Eləcə də strateji və təbii müttəfiqlərlə daha sıx əlaqələr qurmasına, Azərbaycanın demokratkləşməsinə, dünya ailəsinə qoşulmasına mane olur. Ona görə, biz bu siyasətdən imtina etməliyik. Artıq Rusiyanın Azərbaycandakı təsirlərinə son qoymalıyıq. Dövlət orqanlarında olan Rusiyanın tərəfdarları, casusları təmizlənməlidir. Azərbaycan tam müstəqil və suveren bir dövlət olaraq Rusiya ilə bərabər tərəfdaş kimi əməkdaşlıq etməlidir. Biz Rusiya ilə bütün imperial maraqlarımızı kəsməliyik.

– Biz görürük ki, digər dövlətlərdə xarici siyasət həyata keçirilən zaman ölkələri öyrənən institutların verdiyi bilgi və tədqiqatlar nəzərə alınır. Xarici İşlər Nazirliyində böyük bir institutlaşma mövcud olur. Həmçinin, Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi sanki paralel çalışır, ümumi dövlət qələbəsi ikitərəfli aparılır, həm masada, həm meydanda. Bizdə niyə bu sistem oturdulmur?

– Əvvəla, onu deyim ki, Azərbaycanda aşağı keyfiyyətli idarəetmə sistemi var. Diqqətlə fikir versəniz, dövlət məmurlarının bilavasitə səlahiyyətinə aid olan məsələlərdə də bütün bu işləri prezident – İlham Əliyev edir. Tutaq ki, prezidentin sərəncamı ilə mən bu işi görürəm. Bu da Azərbaycanda ayrı-ayrı siyasi institutların həm inkişaf etməməsinə gətirib çıxarır, həm həmin siyasi institutlarda olan nöqsanların hamısı prezidentin adına yazılır, həm də faktiki olaraq, bir nəfərin idarəçiliyi-avtoritar idarəçilik təəssüratı yaranır. Və lazımlı kadrlar da lazımı institutlarda yerləşmədiyinə görə, prezidentə bu və ya başqa şəkildə, siz dediyiniz kimi, hər hansı siyasi dəstək vermirlər. Məsələn, son bir neçə faktı deyim. Əslinə baxsan, prezident özü əgər bir maşındırsa, onu hərəkət elətdirən təkərləri ətrafındakı kadrlarıdır. Prezidentə tövsiyyələr verməlidirlər, harda nəyi demək lazımdır. Hansı addımı atmaq lazımdır. Biz baxırıq ki, prezident danışıqlarda Ermənistan baş nazirinə deyir ki, İrəvan da bizimdir, siz faşist dövlətisiniz. Tamamilə yüz səksən dərəcə əksinə Azərbaycan xarici işlər naziri susur. Və yaxud prezident hərbi cəhətdən güclü olduğumuzu, ermənilərin qarşısından qaçmayacağımızı, istənilən zaman onlarla mübarizəyə hazır olduğumuzu bildirir, Müdafiə Naziriliyində aparılan əməiyyatlarda biabırçılıqlar, məğlubiyyətlər ortaya çıxır. Bunlar hamısı göstərir ki, Azərbaycanda həm də idarəetmə dəyişilməlidir. Nə qədər ki, idarəetmə prinsipləri dəyişilməyib, Azərbaycanda heç bir siyasi institut meydana çıxmayacaq.

– Belə götürsək, səfirləri prezident təyin edir və Elmar Məmmədyarova onlarla işləməkdən başqa yol qalmırdı. Bu uğursuzluqlara görə yalnız onu günahlandırmaq doğru idimi?

– Bu, tamamilə yanlışdır. Prezident heç kimi ora elə-belə təyin etmir. Bilirsiniz, Xarici İşlər Nazirliyinə işçiləri nazir götürür. Kadrları prezidentə məhz nazirlər tövsiyyə edir. Bu qədər səfirlik, konsulluq, dövlət komitə sədrlərini prezident haradan tanıya bilər? Ona təqdim edirlər icra hakimlərini, onu bunu, prezident də inanıb həmin kadrları təsdiq edir. Prezident bu adamların hamısını necə tanıya bilər. Deməli, prezidentin bu adamların kimliyindən xəbəri yoxdur. Çox adam deyir ki, Azərbaycanın Xarici İşlər Nazirliyindəki səfirlərin çoxu başqa dövlətlərin agentləridir. Başqa dövlətlərdə də normalda belədir. Heç bir dövlət xadimi təyin etdiyi kadrların hamısını şəxsən tanıya bilməz. Şəxsən tanıyarsa, bu monarxiya olacaq. Yəni yalnız prezidentin şəxsən tanıdıqlarını hakimiyyətə gətirməsi olacaq monarxiya, klan və yaxud da olacaq tayfa rejimi. Bu baxımdan, elə hesab edirəm ki, Azərbaycanda hər bir nazirlik idarədə baş verən qüsurlara görə başı ilə cavabdehdir. Bunu prezidentin üstünə atmaq lazım deyil. Təhsil Nazirliyində nəsə cinayət varsa, buna təhsil naziri cavabdehdir, Müdafiə Nazirliyində cinayət varsa, buna müdafiə naziri cavabdehdir. Xarici İşlər Nazirliyindəki bütün cinayətlərə görə xarici işlər naziri cavabdehdir.

– Azərbaycanda Tamerlan Qarayevdən başlamış indiyə qədər göndərilən səfirlər daha çox “vurulmuş” məmurlar sinfindən seçilib və bu cür əhəmiyyətli sahəyə peşəkarlar yox, diletantlar cəlb edilib. Bu şəraitdə uğuğr qazanmaq mümkündürmü?

– Təbii ki, Azərbaycanın son müstəqillik dövründən bu tərəfə Xarici İşlər Nazirliyinin Azərbaycanın xarici problemlərinin həllində heç bir rolu olmayıb. Heç bir uğur qazanmayıb, əksinə hətta bəzi məqamlarda, məsələn, Həsən Həsənovun vaxtında, bilirsiniz, Azərbaycanda qumarxanalar, kazinolar şəbəkəsi yaradıldı. Bir ölkənin xarici işlər naziri belə işlərə qoşulandan sonra görün ölkədə nələr olar. Buna görə də mən belə düşünürəm ki, Azərbaycanda Xarici İşlər Nazirliyinin bu vəziyyətə düşməsi yenə də həmin nazirliyə proteksiya ilə kadrların təyin edilməsi, Rusiyanın kadrlarının təyin edilməsində açıq–aşkar rusyönümlülüyün olmasıdır. Rusiya Azərbaycanda elə kadrların mühüm postlara verilməsinə təsir edir ki, bunu gizlətmək lazım deyil. Saakaşvili deyirdi ki, mən prezident olan kimi Putin mənə dedi ki, müdafiə və daxili işlər nazirləri mən dediyim adam olacaq. Yəni ruslar burada öz agentlərini tövsiyyə edirlər, müdafiə edirlər və faktiki prezident istəməsə də, başqa dövlətin maraqlarına xidmət edən adamları yerləşdirməyə məcbur olur. Niyə? Çünki indiki kimi Azərbaycan Türkiyə və Pakistan tərəfindən müdafiə olunmamışdı. İndi artıq dünya birliyi bizim tərəfimizdədir. Görürsünüz, indi İlham Əliyev Ermənistana müraciət edərək deyir ki, gəlin təkbətək vuruşaq. Dünənə qədər belə bir söhbət yox idi. Bu o deməkdir ki, İlham Əliyev deyir ki, bu günə qədər sən mənimlə təkbətək vuruşmamısan, Rusiya ilə bir yerdə mənimlə döyüşmüsən. Yəni bu baxımdan artıq vəziyyət dəyişib, artıq İlham Əliyev inamlı olaraq birtərəfli siyasət aparmalıdır. Rusiyanın tapşırıqlarını, təsirlərini bir tərəfə qoymalıdır. Türkiyə ilə daha ciddi inteqarsiya etməlidir. Təcili olaraq Türk Konfederasiyası yaradılmalıdır, lazım gələrsə, Pakistan da bu konfederasiyaya daxil edilməlidir. Sonra digər türk və islam dövlətlərindən kim istəsə bu konfederasiyaya daxil edilməlidir. Bizə qarşı güc formalaşdıran dövlətlərə qarşı biz də müəyyən bir güclə çıxmalıyıq ki, haqlarımızı müdafiə edək. Sadəcə olaraq Dağlıq Qarabağın Azərbaycana qaytarılması yox, həm də Azərbaycanın tarixi torpaqlarını, Ermənistan ərazisinin də Azərbaycana qaytarılması gündəmə gətirilməlidir. Kifayət qədər vaxt keçib, neçə ildir ki, ermənilər bizim torpaqlarımızdan bəhrələnirlər, istifadə edirlər. Artıq biz bu torpaqların da Azərbaycana qaytarılması məsələsini gündəmə gətirməliyik.

– Amma yenə də sistemdə təmizləmə işləri baş verməlidir ki, bu deyilənlər həyata keçsin…

– Mütləq, bu təmizlənmə dövlət orqanlarını əhatə etməlidir, dərinləşməlidir və genişlənməlidir. Ən aşağı səviyyəli məmurların arasında başqa dövlətlərə xidmət edən, Azərbaycanın müstəqilliyinə və suverenliyinə laqeyd olan adamlar və yaxud da öz taleyini dövlətlə bağlamayan adamlar təmizlənməli, küçələrə atılmalıdır. Əksinə, Azərbaycanın torpaqlarının azad olunmasında xidməti olan insanlar, qeyrətli oğlanlar, vətənpərvər insanlar hakimiyyətə gətirilməlidir. Yalnız bu halda Azərbaycan indiki çətin vəziyyətdə ayaq üstündə dura və qarşıda duran problemləri həll edə bilər.

– Çox qəribədir ki, bizdə “vurulmuş” və vəzifədən kənarlaşdırılmış məmurlara qarşı “cərimə batalyonu” kimi davranılır, onlar aşağı vəzifələrə işləməyə göndərilir. Bu yanaşma doğrudurmu?

– Əksinə, bu çox yanlış bir yanaşmadır. Heç cür anlamaq olmur ki, işdən çıxarılmış xarici işlər naziri necə sonradan səfir göndərilir. Necə ola bilər ki, bir institutun başında dura bilməyən bir adam sonradan gedir həmin institutun kiçik bir şöbəsinə rəhbərlik edir?!

– Onun bir sahədə göstərdiyi uğursuzluq kifayət etmir ki, kənarlaşdırılmır və yenidən kiçik vəzifəyə təyin edilir?

– Azərbaycan hakimiyyətində aşağı keyfiyyətli idarəetmə olduğuna görə, hakimyyətdə məhdud sayda  insanlar  iştirak edir. Baxın, vergi iarəsindən bir nəfəri gətirdilər Təhsil Nazirliyinə, sonra apardılar Xarici İşlər Nazirliyinə. Bu o deməkdir ki, hakimiyyəti çox dar, məhdud insanların arasında bölüşdürürlər. Məsələn, bir icra başçısını bu rayona qoyub, o biri icra başçısını bu rayona qoyub, sonra yerlərini dəyişdirirlər. Hakimiyyətə yeni insanlar, yeni nəsilr, yeni ideyalar, yeni yanaşmalar gətirməlidirlər. Amma bu qapalı idarəetmə sistemi mütərəqqi insanların hakimiyətə gəlməsinə imkan vermir. Ona görə də, siz dediyiniz kimi, bəzən naziri götürüb öz nazirliyində ən kiçik vəzifəyə qoyurlar. Təki o kənara getməsin. Və yaxud da nazirlikdə kiçik bir vəzifədə olan adam gətirilir özünü bütün rəhbərlərinin üzərinə. Məsələn, Respublika Prokurorluğunu götürün, respublika prokuroru var, müavinləri var, bir də şöbə müdirləri var. Şöbə müdirini gətirib baş prokurur qoyurlar. Dünənə qədər ona rəhbərlik edən müavinlərə rəhbərllik edir. Azərbaycanda bu cür paradoksal kadr siyasəti var, bu, dövlətçilik üçün bir araya gəlməyən bir prinsipdir. Bu prinsip aradan qaldırılmalıdır ki, kim kimin qohumudur, kim kimin qudasıdır – sistemi ləğv olunsun. Hətta hakimiyyətdə olanların öz aralarında qohumluq əlaqələri qurmasına qadağa qoyulmalıdır. Konstitusiyadakı qanuna görə, bir-birindən asılılıq prinsipi ilə hakimiyyətdə təmsil olunmaq olmaz. Bu qanuna heç kim əməl etmir. Sonra, səlahiyyət həddi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmaq Azərbaycanda çox geniş yayılıb. Millət vəkilləri millət vəkilliyindən başqa hər şeylə məşğuldur. Halbuki, qanuna görə millət vəkili millət vəkilliyindən başqa heç bir işlə məşğul olmalı deyil. Yəni bu cür məsələlərin hamısına son qoyulmalıdır və hər kəs öz layiq olduğu yeri tutmalıdır.

Bu gün çox qəribədir, Azərbaycanda ən ləyaqətsiz adamlar yuxarıdadır, ən ləyaqətli adamlar aşağıdadır. Hakimiyyətdə demək olar ki, millətə, xalqa sədaqətli olmayan adamlar təmsil olunur. Millətə, xalqa sədaqətli insanlar isə küçədədir. Yəni bu cür paradoksal insanların idarəetmədə paylanması Azərbaycan dövlətçiliyi üçün ən ciddi daxili təhlükələrdən biridir. Biz mütləq dövləti o dövlət üçün, xalq üçün canından keçməyə hazır olan insanlara həvalə etməliyik, nəinki beş manat pul qazanmaq üçün rusa, erməniyə agentlik edənlərə.

Ülviyyə ŞÜKÜROVA,

Hurriyyet.org