“Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər daha yüksək fəallıq göstərirlər” – Azad Rəhimov

16/11/2018 - 12:21 2 149 0   0  

“Gənclər siyasəti ölkənin müstəqil tarixində uğurla inkişaf edən sahələrdəndir. Gələcək nəsillər, tədqiqatçılar xüsusi qeyd edəcək ki, Prezident İlham Əliyevin insan kapitalının inkişaf strategiyasında gənclərə qayğı əsas prioritetlər sırasında olub”. “Report” xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan gənclərinin VIII Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, ilk forumdan 22 il keçib və bu müddətdə gənclərin həyatı çox dəyişib: “Müzakirə edilən mövzular və forumların keçirilmə formatı da dəyişib. Dəyişməyən isə məqsəddir-Azərbaycan gənclərinə problemlərini və onun həlli yollarını, nailiyyətlərini və gələcəklə bağlı düşüncələrini müzakirə etmək üçün şərait yaratmaq, gənclərin səsini eşitməkdir”.

Nazir qeyd edib ki, ölkə daxili maraqlarla yanaşı, gənclər sahəsində beynəlxalq çağırışlara da diqqət artır: “Beynəlxalq əməkdaşlıqda Azərbaycan gəncləri fəallaşır. Azərbaycan maraqlarının xaricdə müdafiəsində gənclər və gənclər təşkilatları daha yüksək fəallıq göstərirlər. Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasətinin müstəqil, düşünülmüş tərzdə, uzunmüddətli məqsədlərlə aparılmasının başqa bir göstəricisi odur ki, bu sahə heç bir mərhələdə başqa quruma “əlavə vəzifə” kimi tapşırılmayıb, həmişə vahid mərkəzi orqan olan Gənclər və İdman Nazirliyi tərəfindən icra olunub. Bir sıra inkişaf etmiş Avropa və dünya ölkələrində, MDB məkanında belə olmayıb”.
A.Rəhimov əlavə edib ki, Azərbaycanda gənclər siyasəti ardıcıl və sistemli aparılıb, onun nəticələri ölçülə biləcək göstəricilərlə sübut edilir, dünyada gedən bir sıra proseslərə adekvat cavab verir: “Azərbaycan gənc ölkədir, əhalisinin təxminən 30 faiz gənclərdir. Gənclər siyasətinin ən böyük uğuru odur ki, gənc nəsil birmənalı olaraq Azərbaycanın müstəqilliyini böyük tarixi dəyər kimi dərk edir, gənclər onu müdafiə etməyə və möhkəmləndirməyə hazırdır”.