Azərbaycan: keçmiş məhbuslara niyə iş verilmir?

27/03/2019 - 22:18 16 282 0   0  

Bir gəncin hekayəsi

32 yaşlı Sənur Ağahüseynov həbsxanadan çıxandan sonra iş yerlərinin bütün qapıları onun üzünə bağlanıb, çünki hara müraciət edibsə, "məhkumluqla işə götürmək alınmır" cavabını eşidib.

Qəbələ rayonunun Tikanlı kəndində yaşayan Sənur Ağahüseynov 2015-ci ildə azadlıqdan məhrum edilib.

2018-ci ildə prezidentin əfv fərmanı ilə azadlığa çıxandan sonra isə Qəbələ rayonunda həbsdən əvvəl üç il bağban işlədiyi əvvəlki iş yerinə müraciət edib və işə yenidən qəbul olunmaq istədiyini bildirib. Onun sözlərinə görə, iş yerindən ona məhkumluğu bəhanə gətirilərək deyilib ki, "sən həbsxanaya düşmüsən, buna görə də səni yenidən işə götürmək alınmır, get başqa yerə müraciət et".

O, məhbusların sosial adaptasiyası proqramı üçün Ədliyyə Nazirliyinə və yerli aidiyyatı qurumlara müraciət edib, ümid edib ki, "iş tapmaq məsələsi tezliklə həll olunacaq".

"Dedim sosial adaptasiya proqramına uyğun olaraq, yəqin müraciət edən kimi məni işlə təmin edərlər. Nazirlik müraciətimi rayon məşğulluq idarəsinə yönləndirdi, onlar da məni işsiz kimi qeydiyyata aldı ki, iş olanda çağırarıq", BBC News Azərbaycancaya danışan keçmiş məhbus deyir.

cavabSƏNUR AĞAHÜSEYNOSənur Ağahüseynovun işlə bağlı müraciətinə cavab

Sənur Ağahüseynovun ümidləri burada puça çıxıb, çünki, özünün dediyinə görə, yerli məşğulluq idarəsi onu kommunal təsərrüfat idarəsinə işə göndərib, amma o idarəyə gedəndə deyiblər ki, "indi iş yoxdur, olanda deyərik".

İşsizin Dostu proqramı

O hesab edir ki, müraciət etdiyi bütün işlərdə "yox" cavabı alması sırf keçmiş məhbusluğu ilə bağlıdır və bunu düzgün hesab etmir.

"Bir çox işdə ancaq məhkumluğumu biləndən sonra işə götürmürlər, deyirlər ki, məhkumluğu olan adamla düz gəlmir. Bir işdə işə götürürdülər, bütün sənədlərim düzəlmişdi, məkumluğumu bilən kimi dedilər ki, get DTX-dan məhkumluq sənədi al, biz səni işə götürə bilmərik. DTX-nın rayon şöbəsinə getdim, orda dedilər ki, səni işə götürmək istəmədiklərinə görə başlarından ediblər, bu məsələnin bizə aidiyyatı yoxdur".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, Sənur Ağahüseynovun müraciətinə uyğun olaraq onun məşğulluğunun təminatı üçün müvafiq işlər aparılıb.

"İlkin peşə və ixtisası, müəyyən iş sahəsi üzrə əmək vərdişləri olmadığı üçün onun işlə təminatı əvvəllər çətinlik yaratsa da, Sənur Ağahüseynov "İşsizin Dostu" proqramına cəlb olunub. Bu proqram bu qrupdan olan inasanların işlə təminatına imkan yaradır", - qurumdan bildirilib.

__________________________________________________________________

Həbsxanadan sonra nə etməli?

İş

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "məhkum azad olunmamışdan üç ay əvvəl qeydiyyatda olduğu əraziyə müvafiq olaraq məşğulluq idarələri və digər müvafiq qurumlara sorğular göndərilir ki, bu məhkum üç ay sonra azad olunur, onların işlə təmin olunması barədə bizə məlumat verin. Eyni zamanda məhkumun sosial-məişət problemlərinin həlli üçün də aidiyyatı qurumlara müraciət olunur".

Məhkum azad olunduqdan sonra iş tapmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına müraciət edə bilər.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanuna əsasən, sosial adaptasiya tədbirlərini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirməlidir.

Qanuna əsasən, cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiyası məqsədilə qeydiyyata alınmalı, onlarla hazırlıq işləri aparılmalıdır.

Yaşayış yeri

Əgər azadlığa çıxan şəxsin daimi yaşayış sahəsi yoxdursa, müvəqqəti yaşayış yeri ilə təmin olunmaq üçün müraciət edə bilər. Müvəqqəti yaşayış yerilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Peşə hazırlığı

Nazirlik həm də bu şəxslərin peşə hazırlığı işini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci ildə cəza müddəti bitməkdə olan 239 nəfər məhkum cəzaçəkmə müəssisələrində müxtəlif peşə kurslarına cəlb olunub ki, penitensiar müəssisələrdən buraxıldıqdan sonra yeni yiyələndikləri peşələr hesabına əmək bazarına çıxış və məşğulluq imkanlarına imkanlarına malik ola bilsinlər.

Müavinət

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməlidir.

Tibbi yardım

Əgər cəza çəkməkdən azad edilmiş şəxsin tibbi yardıma ehtiyacı varsa, dövlət büdcəsindən maliyyələşdirilən tibb müəssisələrində tibbi xidmətlərdən istifadə edə bilərlər.

Vərəm xəstəliyinə tutulan şəxslər müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə yaşayış yeri üzrə vərəm əleyhinə tibb müəssisələrində qeydiyyata alınırlar.

Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.

Hüquqi, psixoloji və informasiya yardımı

Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər.

Sosial adaptasiya müddəti

Sosial adaptasiya müddəti bir ildir, müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər.

Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.DÖVLƏT MƏŞĞULLUQ XİDDövlət Məşğulluq Xidməti

Dövlət Məşğulluq Xidməti

_____________________________________________________________________

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı BBC News Azərbaycancaya bildirib ki, "cəzaçəkmə yerlərindən azad edilənlər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənlər sırasına aid edilir. Buna görə də, onlar üçün kvota əsasında iş yerləri ayrılır və işlə təmin olunmalarına kömək göstərilir".

"Kvotanın miqdarı müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə müəyyən edilir", - o deyib.

Qurumun sözçüsü deyir ki, kvotanın müəyyən edilməsinə və kvota üzrə ayrılmış iş yerlərinə, Məşğulluq Mərkəzləri tərəfindən göndərilənlərin həmin iş yerlərində işlə təmin edilməsinə mütəmadi nəzarət həyata keçirlir.

Dövlət Məşğulluq Xidmətinin məlumatına görə, 2018-ci ildə Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarına 304 nəfər cəzaçəkmə müəssisələrindən azad olunan şəxs müraciət edib.

Onlardan 81-ə işlə təmin olunmaqda kömək edilib, 65 nəfər özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə təmin edilib, 22 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub, 9 nəfər isə peşə hazırlığı kurslarına göndərilib.

Ümumi olaraq, müraciət edənlərin 60 faizə qədəri artıq işlə təmin edilib, digərlərinin də işlə təminatı üçün müvafiq tədbirlər görülür.

Zaur Qurbanlı 2014-cü ildə azadlığa çıxarkənZaur Qurbanlı

"CV-də iki il niyə boşdur?"

Sənur Ağahüseynov həbsxanadan sonra iş tapmaq problemi ilə üzləşən yeganə insan deyil.

Siyasi fəal Zaur Qurbalı İngiltərə proqramının məzunu olsa da, hazırda işsizdir və dolanışığı üçün bilik və bacarıqlarına uyğun vaxtaşırı qısamüddətli sifarişlər alır.

O deyir ki, həbsxanadan çıxandan sonra 50-yə yaxın şirkətə işlə bağlı müraciət edib, amma ona ən çox verilən sual "CV-də iki il niyə boşdur?" olub.

"İndiyə kimi öz ixtisasıma və bacarıqlarıma uyğun qarşıma çıxan bütün işlərə müraciət etmişəm. Məni çağırırlar, danışırıq və axırda sual verirlər ki, CV-də iki il niyə boşdur? Deyirəm ki, siyasi məhbus olmuşam. Bununla da bizim söhbətimiz bitir. Mənə deyirlər ki, lazım olsa biz sizə zəng edərik".

Onun sözlərinə görə, bəzi şirkətlər onu işə qəbul etmək istəsə də, keçmiş məhkumluğunu biləndən sonra imtina edirlər.

"Hüquq sahəsi üzrə bir neçə şirkətə müraciət etmişdim. Bu şirkətlərdə məni demək olar ki, işə qəbul etmişdilər, yəni iş rejimi, iş planını danışırdılar ki, məsələn sabah işə gəlsən nə geyinməli, necə davranmalısan. Orda yenə iki il sualını verdilər və bundan sonra bütün söhbətlər dayandı. Dedilər ki, sağ olun, gedə bilərsiniz, lazım olsa əlaqə saxlayacağıq".

"İşdən qovulmuşdum, məhkəmə bərpa etdi"

Zaur Qurbanlı deyir ki, 2012-ci ildə ilk dəfə həbs olunanda çalışdığı şirkət onu işdən qovub və səbəb kimi "işə gecikməsi" göstərilib.

"Dünya Bankının Azərbaycanla birgə layihəsini icra edən kredit təşkilatında işləyirdim və ofis də Hökumət Evində idi. Demişdilər ki, Hökumət Evinə müxalifətçi buraxmaq olmaz və o, işə gəlib-gedə bilməz. İşə gecikmə işdən çıxarılma üçün əsas olmadığına görə məhkəmə mənim xeyrimə qərar vermişdi və məni ora bərpa etmişdi. Amma bundan sonra oradakı gərginliyi görüb orada işləyə bilmədim, kompensasiyamı aldım və öz ərizəmlə işdən çıxdım".

Cənab Qurbanlı deyir ki, ona həbsxanada nə yardım, nə də adaptasiyada kömək təklif olunub.

"Həbsxanada heç nə təklif olunmadı, ancaq danışıq aparırdılar ki, siyasi fəaliyyətiniz olmasa iş də tapa bilərsiniz, normal həyat da yaşayarsınız, amma konkret hansısa təklif, işlə bağlı kömək deyilmirdi. Mən azad olunduqdan sonra reabilitasiya üçün Çexiyaya getdim".

Zaur Qurbanlının dediyinə görə ki, özü məşğulluq idarəsinə müraciət etməyib, amma müraciət edən tanıdıqlarına cavablarla tanışdır.

Sistem sanki onları həmin cinayətkar fəaliyyətinə geri itələyir

Zaur Qurbanlı, Keçmiş məhbus

"Məşğulluq idarəsində ali təhsilli adamlara maksimum 120 manat maaşı olan süpürgəçi və ya "qarovulçu" işi təklif edirlər. Bundan da imtina edəndə işsiz kimi qeydiyyata almırlar".

"Cinayətkar fəaliyyətinə geri itələyir"

"Mənim tanıdığım adamların yarısı deyir ki, biz azadlığa çıxandan sonra eyni fəaliyyətlə məşğul olmağa məcburuq, çünki bizi keçmiş məhbus kimi heç kim işə götürmür. Sistem sanki onları həmin cinayətkar fəaliyyətinə geri itələyir", - Zaur Qurbanlı deyir.

O hesab edir ki, məhkumların cəmiyyətə adaptasiyası üçün işlək sistem olmalıdır və onların sosial təminatı gücləndirilməlidir.

"İnsanların yenidən həbsə qayıtmaması üçün onların üzərində ciddi nəzarəti olan proqrama ehtiyac var. Əslində heç kim həbsxanaya qayıtmaq istəmir, qayıtmaq istəməyən adamlar ora təzədən qayıdırsa, görün nə qədər ağır məcburiyyəti olub. İnsanları bu məcburiyyətdən qurtarmaq lazımdır".

Cənab Qurbanlı qeyd edir ki, işgəncəyə məruz qalmadığı üçün psixoloji yardıma ehtiyac hiss etməyib, amma məhkumluğun "travmalarını hələ də hiss edir", buna görə də düşünür ki, hər məhbusa fərdi yanaşmaq, fərdi psixoloji yardım təklif etmək lazımdır.

"Məhbusların çoxu ya tutularkən polis məntəqələrində, ya da sonra həbsxanada işgəncə görürlər. İnsanların da polisə qarşı nifrəti yaranır və bu qisas hissi ilə ömür boyu yaşayırlar. Psixoloji xidmət təşkil olunmalıdır ki, onların reabilitasiya imkanları olsun".

"Məhkum azadlığa hazırlanır"

həbsxana keçmiş məhbus MOORE/GETTY IMAGES

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov BBC News Azərbaycancaya deyib ki, "məhkum cəzaçəkmə müəssisəsinə daxil olan ilk gündən azadlığa hazırlanır".

"Bütün sosioloji-psixoloji proqramlar, islah-tərbiyə prosesi o yöndə gedir ki, məhkum cəzaçəkmə müəssisəsini tərk edəndən sonra azad cəmiyyətə daha tez uyğunlaşsın, adaptasiya olsun", - o deyib.

 

Cənab Sadıqov əlavə edir ki, bütün cəzaçəkmə müəssisələrində Təhsil Nazirliyinin tabeliyində olan professional texniki peşə məktəbləri fəaliyyət göstərir və orada məhbuslara elə peşələr öyrədirlər ki, onlardan azad həyatda daha tez istifadə edə bilsinlər. Bundan başqa, bir çox müəssisələrdə ingilis dili, kompyuter kursları təşkil olunub və sertifikat verilir.

"Gizli ayrıseçkilik var"

Keçmiş məhbusların iş tapmaq məsələsində onlara qarşı "gizli ayrıseçkilik var", Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Sahib Məmmədov deyir.

Əgər işçi qüvvəsinə çox ehtiyac olsa, şəxsin keçmiş məhbus olub-olmamasına o qədər də diqqət etməyəcəklər və işə götürəcəklər

Sahib Məmmədov, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü

Onun sözlərinə görə, keçmiş məhbusların iş tapa bilməməsinin əsas səbəbi Azərbaycan iş yerlərinin azlığıdır.

Cənab Məmmədov hesab edir ki, "əslində həbsxanaya düşənlərin çoxu sonradan peşman olurlar və cəmiyyətə qayıtmaq istəyirlər, amma Azərbaycanda iş yerləri məhdud olduğu üçün iş tapa bilmirlər".

"Əgər işçi qüvvəsinə çox ehtiyac olsa, şəxsin keçmiş məhbus olub-olmamasına o qədər də diqqət etməyəcəklər və işə götürəcəklər. Amma indi sahibkar kriminal keçmişi olan şəxslərlə işləmək istəmir.

Təəssüf ki, bütün dünyada insanlar məsələn, narkotik maddələrin satışına və ya qəbuluna, oğurluğa, dələduzluğa və ya ağır cinayət törətdiyinə görə ittiham olunmuş şəxsləri kollektivə qəbul etmək, onlarla iş yoldaşı olmaq istəmirlər. Dövlət isə özəl sektora təsir edə bilmir, müxtəlif bəhanələr gətirərək işə qəbul etmirlər".

Sahib Məmmədov hesab edir ki, "bu problem administrativ yollarla həll oluna bilməz, çünki cərimələr artırılsa və ya işəgötürənlər hansısa məsuliyyətə cəlb olunsa da, onlar keçmiş məhbusları işə götürməyin əvəzinə cəza və cərimələri ödəməyi üstün tutacaqlar. Məsələnin həlli üçün isə, ancaq maarifləndirmə işləri aparmaq lazımdır".

Cənab Məmmədov əlavə edir ki, məhbuslar həm həbsxanadakı peşə məktəblərində, həm də onlara təklif olunan qısamüddətli kurslarda peşə təhsili ala bilərlər, amma bu, kifayət etmir və peşələrinə uyğun iş tapa bilmirlər.

"Həbsxanadan sonra mənimlə heç kim maraqlanmayıb"

Sənur Ağahüseynov həbsxanada olarkən oranın yeməkxanasında, daha sonra isə kitabxanasında işləyib.

Kitaba marağı çox olduğuna görə, burada işləməyi özü istəyib, amma həbsxanadan sonra azadlıqda istədiyi şeyləri heç də seçə bilməyib.

"Həbsxanadan sonra mənimlə heç kim maraqlanmayıb, nə psixoloq məsləhət görüblər, nə də hansısa yardım təklif olunub. Bircə dövlətin verdiyi 520 manat birdəfəlik maddi yardımı almışam. İş problemi ilə bağlı da prezidentə də teleqram göndərmişəm, qurumlara da... Bir cavabı olmayıb".

Sənur Ağahüseynov deyir ki, həbsxanadan çıxandan sonra özünə qapanıb və orada çox sıxıldığına görə psixoloji yardıma ehtiyac hiss edib, amma yardım ala bilməyib.

"Qurumlara müraciətlərimdə tələblərim arasında psixoloji yardım almaq da var idi, amma hara gedirdimsə deyirdilər ki, biz buna baxmırıq, ancaq işlə bağlı baxırıq. Biz nə edə bilərik ki?"

O inanır ki, işlə təmin olunarsa psixoloji məsələlərin həlli də onunla bir gələr, özünü daha yaxşı hiss edər, çünki onun hər iki valideyninin əlilliyi var, iki qardaşından biri isə serebral iflicdir, buna görə də işə daha çox ehtiyacı var.