Ayətullahların “nurlu” maşası, yaxud vətən xaini İsgəndər necə agent oldu?

14/11/2018 - 17:53 2 098 0   0  

Ərbəin mərasimi ərəfəsində Publika.az saytı İranın Əhli-Beyt eşqindən və bu eşqə əsaslanan şiəlikdən öz siyasi məqsədləri üçün necə istifadə etdiyi, Azərbaycan da daxil olmaqla bütün regionun dini kimliyi üzərində oyunlar oynadığı, Ərbəin mərasimini Həcc ziyarətinə alternativ edərək, İslam dinini Səudiyyə Ərəbistanla siyasi qovğada alətə çevirməsi, xüsusi qruplar vasitəsilə Ərbəin mərasiminə qatılmaq üçün İraqa gedən zəvvarlar arasından özünə agentlər toplaması və s. mövzularda araşdırmalar apardı. Ortada kifayət qədər ciddi faktlar mövcuddur və bütün oxlar İranın şiə məzhəbini və bu məzhəbə inanan kəsimi öz siyasi maraqları uğuruna necə yönləndirdiyini, onlardan necə istifadə etdiyi və bütün bunların region ölkələrinin milli təhlükəsizliyinə, o cümlədən, bütün bölgə xalqlarının etiqad azadlığına təhdidlər yaratdığına tuşlanıb. Məqsədimiz İranın Xomeyniçilik ideologiyasını regionda hakim olan şiəlik pərdəsinə bürüyərək, region xalqları üzərində oyunlar oynamasını çatdırmaq idi. Buna nə qədər nail olduğumuzu deyə bilmərik, lakin hədəfdən yan keçmədiyimiz şübhəsizdir.

Gözlədiyimiz kimi, cavaba bənzər sərsəmləmə gəldi və İranın cavab üçün xüsusi xidmət orqanları və dini dairələrinin maşasından istifadə etməsi o qədər də təəccüblü olmadı. Klassik üslubdur, Nardaranda gizli fətvalarla “başbilənləri” dövlətə qarşı qaldıran, Tale Bağırzadə və qruplaşmasından Azərbaycanın konstitusion quruluşunu devirməyə cəhdə maşa kimi istifadə edən ayətullahlar cavab üçün maşalarından daha birini ortaya atdı. Söhbət “nur-az.com” saytı və onun rəhbəri olan vətən xainindən gedir.
“Nur-az.com” saytı əvvəlcə Publika.az-da yayımlanan “Həcc, yoxsa Ərbəin: İslamın təməllərini sarsıdan siyasət” sərlövhəli məqaləyə cavab verdi, lakin cavabın hədəfi məqalənin yayımlandığı media orqanı yox, axar.az saytı oldu. Doğrudur, sözügedən məqalə axar.az saytında da yayımlanıb, lakin Publika.az-a istinadən. Görünür, maşalar onları tutanların oyunlarının ifşa olunmasından o qədər narahat olublar ki, tələsik cavab vermək qərarına gəliblər, amma ilk addımda yanlışa yuvarlanıblar. Amma “nur.az-com” və İran ayətullahları tərəfindən Azərbaycan dövlətçiliyinə qarşı “informasiya təxribatı” olaraq istifadə edilən digər şəbəkələrin axar.az saytını hədəfə alması təsadüfi deyil. Çünki “Gündəlik Teleqraf” MMC-yə daxil olan axar.az saytının “Güney Azərbaycan” bölməsi İran və onun kölgəsində gizlənənləri narahat edir. Hərçənd, bu bölmədə nə İran dövlətinin, nə də bu dövlətin maraqlarının əleyhinə hər-hansı informasiya yayımlanmır. Bu bölmənin yaradılmasında məqsəd əski əlifba vasitəsilə Cənubi Azərbaycandakı soydaşlarımızla daha asan formada mədəni əlaqənin yaradılması, Azərbaycanda və regionda baş verən hadisələrlə bağlı operativ informasiyanın çatdırılmasıdır. Hər-hansı hadisənin, yaxud siyasi proseslərin əski əlifba ilə yayımlanması məgər İranın maraqlarına ziddirmi? Düz məntiqə görə, xeyr, lakin əski əlifba ilə informasiyanın yayılması İran və ona bağlı dairələrin yuxusuna haram qatmış olmalı ki, Publika.az-da yayımlanmış məqaləni axar.az-dan “qisas” almaq üçün fürsət biliblər. Məsələnin mahiyyəti daha dərindədir, bir cümlə ilə qeyd etmək lazım gələrsə, öz kölgəsindən ürkən bu dairələrin əski əlifba ilə informasiya yayımının arxasında siyasi hədəflər axtarması əslində öz mahiyyətlərini üzə çıxarmış oldu. Beləliklə, “nur-az.com” özü-özünü ifşa etdi.
Bu saytda və eyni adlı Feysbuk səhifəsində yayımlanan cavab adlandırdıqları sərsəmləmələrini şərh etməmişdən öncə bu şəbəkənin başında dayanan və illərdir İranın maşa olaraq ölkəmizə qarşı istifadə etdiyi vətən xainin kimliyinə baxaq.
İsgəndər Hüseynzadə: İranın müəyyən dairələrinin ortaya atdığı maşa olan bu şəxs 1966-cı ilin 27 yanvar tarixində Cəlilabad rayonunda anadan olub. 1996-cı ildə ailəsi ilə birlikdə İranın Qum şəhərinə köçüb. 2008-ci ildə onun haqqında “Dövlətə xəyanət” və “Terrorçuluq” maddələri ilə cinayət işi açılıb. Həmin il MDB üzrə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Bu vətən xaini Qumda fəaliyyət göstərən “Nur” elmi-mədəni müəssisəsinin rəhbəridir. “Nur-az.com” saytı da bu müəssisənin media orqanı olaraq fəaliyyət göstərir. Bu saytda və eyni adlı Feysbuk səhifəsində mütəmadi olaraq Azərbaycan dövlətinin əleyhinə informasiyalar tirajlanır.
Azərbaycanda teoloji rejim qurmaq istəyənlərin maşası olan vətən xaininin verəcəyi cavabın hansı mahiyyət daşıdığı və nəyə xidmət etdiyi öncədən bəllidir. Ayətullahların dizinin dibindən əl çəkməyən İsgəndər Hüseynzadə və onun mirzələrinin dediklərinə baxanda da bu açıq şəkildə görünür.
Sadəcə bir neçə məqama toxunacağıq.
“Yezid” taktikası”: ayətullahların maşaları yazırlar ki, “Ərbəin əzəmətindən yezidlər narahat olur”. Hərçənd, biz Ərbəin mərasiminə nə qədər insanın toplanması yox, İranın dini dairələri və xüsusi xidmət orqanlarının ora toplanan inanclı insanların inancını, eləcə də Əhli-Beyt eşqini öz məqsədlərinə alət etməsindən bəhs etmişdik. Arqumentlərə cavab tapa bilməyən maşalar elə ayətullahların günümüzdə qaralama damğası olan “yezid taktikası”na əl atırlar.
“Heç hənanın yeridir?!”: cavabda Ərbəin mərasiminin ilk dəfə bir səhabə - Cabir ibn Abdullah Ənsari ziyarət etdiyi deyilir və əsas gətirilir ki, “Ərbəin təkcə şiələrin və təkcə İranın deyil”. Bu cavabı və cavabın yazılmasına səbəb olan məqaləni üz-üzə qoyanda “İsgəndərin buynuzu” ortaya çıxır. Məqalədə nə Ərbəin mərasimi, nə də şiə inancına qarşı heç bir fikir, iddia yoxdur, söhbət İranın Ərbəini və şiə məzhəbini öz siyasətinə alət etməsindən gedir. Göründüyü kimi, maşalar söz tapa bilmədikləri üçün sağa-sola çırpınır və belə “tarixi əsaslarla” hədəf yayındırmağa çalışırlar.
Bu iki məqam “Həcc, yoxsa Ərbəin: İslamın təməllərini sarsıdan siyasət” sərlövhəli məqaləyə verilən cavabın absurdluğunu sübut edir. Çünki Əhli-Beyt məsumlarının sayına uyğun olaraq “14 bənd”lik cavabda məsələnin mahiyyətinə uyğun olmayan iddialar irəli sürülür: MOSSAD agenti, İsrailin barmağı, Səudiyyənin planı və s. sərsəmləmələr.
Burada diqqətçəkən iki amil var:
Birincisi: ayətullahlar və onların maşaları bütün əməllərinə “Əhli-Beyt eşqi” donunu geyindirirlər. “Nur-az.com”un cavabının “14 məsum”un sayına uyğun qurulmasının özü də bunu açıq şəkildə göstərir.
İkincisi: gətirilən bütün “dəlillər” şiəlik adı altında təqdim olunur ki, bu da ümumilikdə İranın siyasi maraqlarına xidmət edən Xomeyniçiliyin şiə məzhəbi adı altında yeridilməsi strategiyasının bir parçasıdır.
Ayətullahların “nurlu” maşalarının “İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir?” məqaləsinə cavabında “Şiə düşməni olan axar.az, publika.az saytları İsrailin ölkəmizdəki “təsir agentləridir” deyə iddia olunur.
Hansı “ölkəmizdə?!” – məgər Qumda yaşayan, vətən xaini olan “nur-az.com” saytının rəhbəri İsgəndər Hüseynzadə Azərbaycanı “öz ölkəsi” hesab edirmi? Azərbaycanı öz ölkəsi hesab edirsə, niyə ayətullahların əbasının altına sığınıb və anti-Azərbaycan planlarının maşası olub?
Bəlkə, “ölkəmiz” deyəndə bu vətən xaini Azərbaycanı İranın bir parçası olduğunu iddia edir?!
Onun belə düşünməsi təəccüblü deyil və İranın teoloji rəhbərliyi bir gün Azərbaycanın ələ keçirilməsi əmrini verərsə, o ən öndə gələnlərdən biri olacaq.