Axtarışda olan şəxsin hesabına 100 milyon manat köçürülüb - "Beynəlxalq Bank işi"

15/02/2019 - 21:21 1 449 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə Təbriz Əbdülhəmidov ifadə verib.

O bildirib ki, Dünyamin Xəlilovun şirkətində əvvəl kuryer kimi çalışıb: "Sonra "General Consalting" şirkətində tikinti mütəxəssisi vəzifəsinə təyin edildim. Dünyamin müəllim məni 2007-ci ildə "Pərvanə" MMC-nin rəhbəri təyin edəcəyini söylədi. Mən də razılaşdım. Kuryer işlədiyim dövrdə Nazirliyə, dövlət təşkilatlarına sənədlər aparırdım. Dünyamin Xəlilovun nufuzlu şəxs olduğunu bildiyim üçün şirkət direktoru olmağıma razılıq verdim. Mən tikinti mütəxəssisi olduğum üçün həmişə ərazidə olurdum. Sənədləri də həmişə ora gətirirdilər və mən də qol çəkirdim. Vergilər Nazirliyi yoxlama aparan zaman bildim ki, "Cargill"ə bağlı müqaviləyə imza atmışam. Əməkhaqqım isə 450-500 manat olub".

T.Əbdülhəmidov söyləyib ki, D.Xəlilov 2010-cu ildə onu "Pərvanə" MMC-nin rəhbəri vəzifəsindən kənərlaşdırıb, sonra işini "General Consalting" şirkətində tikinti mütəxəssisi kimi davam etdirib: "General Consalting" şirkətində direktor olmaq adiləşmişdi. Mən Zaqatala, Qusar, Şəki, Qazaxda olimpiya komplekslərinin tikintisinə nəzarət edirdim".

Məlum olub ki, o, Beynəlxalq Bankda, ümumilikdə, 17 milyon manat kreditin götürülməsində sənədlərə qol çəkib.

Daha sonra digər təqsirləndirilən "Xəzər Menecment"in rəhbəri olmuş Adil Mikayılov dindirilib. O qeyd edib ki, D.Xəlilovla tanış olduqdan sonra Şəki Su Elektrik Stansiyasının tikintisi ilə bağlı ondan təklif alıb: "Çətinliklə işi başa çatdırdıq. Dünyamin müəllim əvvəl mənə 700 manat, sonra 1000 manat maaş verdi. Dünyamin Xəlilovun şirkəti olan "Xəzər Menecment"in direktoru olandan sonra isə 2500 manat maaş almışam. 2009-cu ildə Beynəlxalq Bankın təminatı ilə Almaniya şirkəti ilə müqavilə bağladıq, avadanlıqlar gəldi. Mən də sənədlərə qol çəkmişəm. Bizə nə deyirdilər, onu da edirdik. Pulları bankdan götürüb gətirib kassirə verirdik".

Hakim bildirib ki, A.Mikayılov Beynəlxalq Bankdan 1 milyon 14 min manatlıq kredit götürməkdə ittiham olunur.

Sualları cavablandıran A.Mikayılov deyib ki, Beynəlxaq Bankdan götürdüyü krediti şirkətin kassiri Əli Muradova verib: "Bizim şirkətin 5 işçisi var idi. Heç bilmirdim ki, onlar nə qədər maaş alıb. Bankdan pulları hissə-hissə götürmüşəm. Ən çox bankdan 14 min pul çıxartmışam. Pulların nəyə xərcləndiyini isə bilmirdim. Mən pulları gətirib, ayda maaşımı alırdım. Ofisimiz "Globus Plaza"da yerləşirdi. Bütün şirkətləri Dünyamin Xəlilov idarə edirdi".

Təqsirləndirilən Erxan Cavad dindirilən zaman deyib ki, "Azərbaycan Consaltinq Qrup" MMC-nin rəhbəri olub. O, "Buta Kithen" MMC-nin kənardan idarəçisi olduğunu söyləyib. E.Cavadın sözlərinə görə, "Cargill" şirkəti ilə "Buta Kitchen" MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb, qida məhsulları alınıb: "Burada Beynəlxalq Bankın rolu isə zamin durmaq olub. "Cargill" məhsulu bizə satır, sonra yenidən bizdən alıb başqa şirkətə satırdı. "Cargill" böyük şirkətdir, məhsul gəmi ilə gələn zaman yolda başqasına da satılır. Azərbaycana qarğıdalı gətiriləcəkdi. Bir müddətdən sonra qarğıdalı satıldı. Faiz çıxılandan sonra "Cargill" "Buta Kitchen"in xarici hesabına 130 milyon manat pul köçürdü. 30 milyon əvvəlcədən Azərbaycana göndərildi, qalan 100 milyon isə şirkətin səhmdarı Nəsib Piriyevin başqa şirkətinə borc kimi köçürüldü. Amma həmin pulun taleyi barədə məlumatım olmadı, çünük mən 2015-ci ildə həbs edildim".

Suallara cavab verən E.Cavad bildirib ki, "Cargill" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, onlardan alınan qarğıdalı Azərbaycana gəlməməli idi.

Təqsirləndirilən C.Hacıyev deyib ki, "Cargill" şirkətinin "Buta Kitchen"in hesabına köçürdüyü pullardan 30 milyon manatı Beynəlxalq Bankın depozit hesabındadır.

Məhkəmədə elan olunub ki, E.Cavad 2015-ci ildə həbs olunub, bir ildən artıq həbsdə olub. O, azadlığa buraxılmaq üçün deyib ki, dəymiş ziyanı ödəməyə qadirdir.

Hakim bildirib ki, E.Cavad Nəsib Piriyevlə birgə 249 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

Xatırladaq ki, cinayət işində adı keçən Nəsib Piriyevin barəsində axtarış elan olunub. Onun cinayət işi ayrıca icraata ayrılıb.