“Axı bunun məsələyə nə dəxli var?!...” - 12 MİLYON AVROLUQ MÜBAHİSƏ, QARŞI TƏRƏF

01/02/2019 - 16:08 1 849 0   0  

Bakının Bilgəh qəsəbəsində  hektarlıq ərazidə yaşıllaşdırma-landşaft işləri üçün sifariş almış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” və sifarişçi qismində çıxış edən Azərbaycan şirkəti “Baku Caspian Real Estate Limited” şirkəti arasında məhkəmə çəkişməsi davam edir. Xatırladaq ki, sifarişçi işlərin gedişindən narazı qalıb və podratçı ilə əməkdaşlığı kəsib. Sifarişçinin bildirdiyinə görə, İtaliya şirkəti ona 1.3 milyon avro geri ödəməlidir. Öz növbəsində “Paghera” şirkəti sifrişçidən 3 milyon avroya yaxın vəsait tələb edir və bununla bağlı Azərbaycanda məhkəmə iddiası qaldırıb.

Bu məhkəmə iddiası baxılma mərhələsindədir. Amma “Paghera” şirkəti iddianın təmin edilməsi tədbiri qismində işə baxılıb qurtaranadək icraçıya aid təxminən 2 milyon avroluq əmlaka həbs qoyulması, o cümlədən ərazidə işlərin görülməsinin qadadağan edilməsi barədə müraciətlə çıxış etmişdi. Həmin müraciət təmin edilməyib və iddiaçının maraqlarını müdafiə edən vəkil Kamandar Nəsibov bu məsələyə baxan hakimlərin mövqeyini tənqid etmişdi.

İndi isə sifarişçi şirkətin direktoru, hüquqşünas Nail Şahverdiyev bu deyilənlərə cavab verib.

Qeyd edək ki, vəkil Kamandar Nəsibov birinci instansiya məhkəməsində həmin müraciətə baxan hakim Məhəmməd Əkbərovun “biznes və iqtisadi mübahisələr üzrə işlərə baxmaqda təcrübəsinin olmadığını” demişdi.

Lakin N.Şahverdiyev bildirir ki, bu bəyanat həqiqətdən uzaqdır. Birincisi, M.Əkbərov iqtisadi mübahisələr üzrə işlərə baxmaqda böyük təcrübəsi olan hakimdir. İkincisi,  K.Nəsibovun dediyi kimi “biznes, işgüzar mübahisələr” üzrə işlərə Azərbaycan məhkəmələrində ümumiyyətlə baxmırlar. Və indiki halda söhbət “Paghera Green Service Societa Agricola S.R.L.” və “Baku Caspian Real Estate Limited” MMC şirkətləri arasındakı iqtisadi mübahisədən gedir.

 

Hakim Məhəmməd Əkbərov isə yeddi ildən artıqdır Azərbaycan Respublikasının iqtisadi işlər üzrə məhkəmələrindən birinə rəhbərlik edir. Hansı ki, buna aşağıdakı keçiddən də əmin olmaq mümkündür:  https://courts.gov.az/az/bakugravecrimes/judge/kbrovMhmmd-Huseyn-oglu_30.

İkincisi isə N.Şahverdiyevin qeyd etdiyi kimi hakimləri dövlət başçısı təyin edir. Ona görə də namizədliyi Azərbaycan prezidenti tərəfindən təsdiqlənən şəxsin təcrübəsini və peşəkarlığını şübhə altına almaq lazım deyil.

“Qeyd etmək lazımdır ki, qanunvericiliyə uyğun olaraq əmlaka həbs qoyulması və ya digər bu kimi iddialar tərəflərin iştirakı olmadan baxıla bilər və bundan ötrü ayrıca olaraq məhkəmə iclası çağırmağa ehtiyac yoxdur. Hakim Məhəmməd Əkbərov da elə bu cür edib. Amma iddianı müdafiə edən tərəf bildirir ki, hakimin “hər hansı araşdırma aparmadan” qərar qəbul etməsini başa düşə bilmir və guya bu qanunları bilməməkdən başqa bir şey deyil”-N.Şahverdiyev virtualaz.org-a açıqlamasında bildirib.

“Baku Caspian Real Estate Limited” şirkətinin icraçı direktoru onu da deyir ki, vəkil Nəsibovun bu mübahisənin beynəlxalq miqyas aldığı haqda dedikləri də məhkəməyə və hakimlərə təzyiq kimi dəyərləndirilə bilər. Bu iqtisadi mübahisəyə doğrudan da İngiltərə məhkəməsində baxılmalı idi, amma Şahverdiyev bildirir ki, onlara məlum olmayan səbəblərə görə iddia Azərbaycan məhkəməsinə yönəldilib.

“Amma necə olursa olsun, işin beynəlxalq məhkəmədə baxılması heç də məsələnin beynəlxalq miqyas alması mənasını vermir. Yeri gəlmişkən münaqişəyə Azərbaycan məhkəmələrində baxılması barədə müraciətin əsassız olduğunu biz öz tərəfimizdən məhkəməyə bildirmişik, amma iddiaçının əsassız vəsatətlərinə görə məhkəmə hələ işə mahiyyət üzrə baxa bilməyib və hakim bizim həmin ərizəmizə baxmağa imkan tapmayıb”-Şahverdiyev deyib.

İcraçı direktorun bildirdiyinə görə burası doğrudur ki, 23.01.2019 tarixində Bakı Apellyasiya Məhkəməsində Paghera Green Service Societa Agricola S.R.L. şirkətinin vəkili K.Nəsibovun vəsatətinin rədd edilməsi haqda aşağı instansiya məhkəməsinin çıxardığı qərar  qüvvədə saxlanılıb. Və işə baxan hakim 2018-ci ilin sonlarına qədər 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində işləyib.

“Lakin bunun məsələyə nə dəxli var?! Doğrudan da iddiaçı tərəfin nümayəndəsi zala daxil olanda məhkəmə kollegiyası artıq müşavirə otağında idi. Lakin iclasın özü düz təyin olunan vaxtda başlamışdı və qanunun bütün tələblərinə əməl olunmaqla keçirildi. İddiaçı tərəf buna videogörüntüləri izləməklə də əmin ola bilər. Yəni onlar iclasa iddia etdikləri kimi 4 dəqiqə deyil, daha çox gecikiblər”-Şahverdiyev bildirib.

Yanvarın 23-də vəsatətin rədd edilməsi haqda Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qəti olduğu və şikayətə yer qoymadığı üçün indi Azərbaycanın mülki-posessual məcəlləsinin bütün tələblərinə uyğun olaraq iş mahiyyəti üzrə baxılmaq üçün birinci instansiya məhkəməsinə göndəriləcək.

Şahverdiyev onu da qeyd edir ki, Bilgəhdə tikintinin aparıldığı 6 hektar torpaq sahəsinin kimin mülkiyyətində olduğunu araşdırmaq “Paghera” şirkətinin nümayəndəsinin səlahiyyətində deyil. “Mən ancaq onu qeyd edə bilərəm ki, əgər “ Baku Caspian Real Estate Limited” şirkətinin həmin torpaq sahəsi üzərində hüquqları olmasaydı o zaman hansı məntiqlə orada bu cür iri tikinti apara bilərdi? Məntiq hanı?”-o sual edib.

Şahverdiyevin fikrincə vəkil Nəsibov ilk növbədə müdafiə etdiyi şəxslərə onların qanunsuz hərəkətləri barədə izah etməlidir. Məsələn, malların Azərbaycana “Asnaf” və “Green Yard” adlı şirkətlərin adına idxal edilməsinə. Çünki onlar həmin şirkətlərin sahiblərini aldadaraq yüklərin gömrükdən keçirilməsini və “Paghera” şirkətinin nümayəndələrinə təhvil verilməsini xahiş ediblər. Sonra isə həmin yükləri öz əmıakları kimi Bilgəhdəki əraziyə daşıyıblar. Bu isə cinayət məsuliyyəti yaradan əməldir.

“Beləliklə, italyanlar ən azı üç Azərbaycan şirkətini aldadıblar, indi isə səs-küy salıb ədalətdən dəm vururlar. Onları təmsil edən vəkil isə Azərbaycanın məhkəmə sistemini, hakimlərini qaralamaqdan başqa yol fikirləşib tapa bilməyib. Onlar hansı məqsədlə bunu edirlər, hüquqşünas olan hər kəs anlayır”-N.Şahvrdiyev deyib.

Vəkil K.Nəsibov iş üzrə məhkəmə iclaslarında audioyazının aparılmamasını da tənqid etmişdi. Cavabdeh tərəfin nümayəndəsi bununla bağlı bildirir ki, bu işə mahiyyəti üzrə hələlik məhkəmədə baxılmayıb.

“K.Nəsibovun dediyi kimi hətta hazırlıq iclası da təxirə salınıb. O zaman hansı video-audioyazının aparılmasından söhbət gedə bilər? Nəticədə hakimlərin hansısa pozuntulara yol verməsinin qeydə alınmasından da söhbət gedə bilməzdi, çünki işə hələ baxılmadığı üçün belə pozuntular  sadəcə olaraq mövcud deyil. Hələlik məhkəmə prosessual məsələləri nəzərdən keçirir, Nəsibov isə hadisələri dramatikləşdirərək mülki-prosessual məcəllənin bütün tələblərinə əməl edilməklə keçirilən bütün gücü ilə iki şirkət arasındakı bu iqtisadi mübahisəyə diqqəti cəlb etməyə çalışır. Hansı ki, həmin mübahisəyə əvvəlcədən müqavilə şərtlərində göstərildiyi kimi İngiltərə və Uels məhkəmələrində, bu ölkələrin qanunvericiliyi əsasında baxıla bilərdi. Vəkil isə sifarişçii qarşısında özünün hədsiz vəkillik qabiliyyətlərini nümayiş etdirmək üçün ictimaiyyətin diqqətini mümkün qədər bu mübahisəyə cəlb etməyə çalışır. Təəsüflər olsun ki, bizim real məhkəmə praktikamızda belə halların sayı çoxdur...”-Nail Şahverdiyev deyib.

Virtualaz.org