“AVTOMOBİL ƏLİ HƏSƏNOVUN İSTİFADƏSİNDƏ QALIB…” – “Qaçqınkom”dan reaksiya

28/01/2019 - 16:01 538 0   0  

Ötən gün “AzPolitika.info” bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə bahalı avtomobillərin alınmasını tənqid edən yazı yayımlamışdı.
Yazıda tənqid olunan qurumlardan biri də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi idi. Komitə sədri üçün 179 min 444 manat qiymətində “BMW 740 Lİ” markalı xidməti avtomobil alınmasının ölkə rəhbərliyinin apardığı siyasətə uyğun olmadığı vurgulanmışdı. Həmin tənqidi yazı ilə bağlı Komitə bu gün açıqlama yayıb.
Açıqlamadan belə məlum olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, baş nazirin müavini Əl Həsənov vəzifəsindən azad edildikdən sonra xidməti avtomobili də özü ilə aparıb. Buna görə də Dövlət Komitəsinin sədri üçün respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğun yeni maşın alınıb.
Əlavə şərh vermədən açıqlamanı təqdim edirik: “Kütləvi informasiya vasitələri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar məlumat yayaraq, ictimaiyyətdə yanlış təsəvvür yaratmağa cəhd göstərirlər.
Bununla əlaqədar olaraq bildiririk ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin, eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilmiş, Dövlət Komitəsinə yeni sədr təyin edilmişdir.
Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılmışdır. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilmişdir.
Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülmüşdür”.