Atmosferi çirkləndirən obyekt sahibləri cəzalandırılıb

21/12/2018 - 23:59 10 765 1   0  

Son zamanlar paytaxt ərazisində restoranların fəaliyyətinə ciddi nəzarət var. Xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin restoranların havanı çirkləndirməsinə qarşı sərt mübarizəsi  lazımi nəticəni verməkdədir.

Nazirlik təkcə restoranlar, ictimai-iaşə obyektlərinə deyil, istehsalatla məşğul olan və havanı çirkləndirən digər obyektlərə də ciddi nəzarət edir. ETSN-dən bildirilib ki, nazirliyin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət  araşdırılıb və monitorinq aparılıb.  Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500  manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Bakı və Abşeronda 258 restoran müvafiq qurğunu quraşdırıb. Qurğunun quraşdırıldığı restoranların 220-sində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılıb. Məlum olub ki, 217 obyektdə norma daxilində, 3 obyektdə isə normadan artıq olub. Qeyd edilib ki, artıq qurğunu quraşdırmayan restoranların konkret olaraq adları hazırlanır ki, bu barədə də ictimaiyyətə geniş məlumat veriləcək. Nazirlikdən bildirilib ki, qurğunu quraşdırmayan restoranların, ictimai-iaşə obyektlərinin fəaliyyəti dayandırılaraq, məhkəməyə müraciət edilib.

Yeni Müsavat