Astarada sərxoş sürücü qəza törətdi

06/11/2018 - 23:28 3 103 0   0  

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Səncərədi kəndi ərazisində hərəkətdə olan "Mercedes" markalı avtomobil 66 yaşlı Salayeva Validə Gülməmməd qızını vurub. Hadisə zərərçəkmişin evlərinin yaxınlığında olub.

Ağır bədən xəsarətləri alan V.Salayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Sürücü polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş halda olub.

Faktla bağlı araşdırma aparılır.