“ASAN xidmət”ə super səlahiyyət - Nazirliklər bu qurumdan asılı vəziyyətə salınır

29/01/2019 - 13:28 1 954 0   0  

Dövlət qurumları tərəfindən səlahiyyətlərinin icrası zamanı göstərilən dövlət xidmətlərinin elektron formada təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəyi (elektron xidmətlərin təşkilinin texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə) nəzərə alınmaqla həyata keçirilməlidir. 

BakuPost-un məlumatına görə, bu, Dövlət Agentliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən və yanvarın 25-də qüvvəyə minən "Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən göstərilən elektron xidmətlərin qeydiyyatı qaydalarında əksini tapıb. 
Elektron xidmətlər dövlət qurumları tərəfindən müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, qeydiyyata alındıqdan və elektron xidmətlər reyestrinə daxil edildikdən, habelə Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunduqdan sonra göstərilə bilər. 
Dövlət qurumları tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi müvafiq normativ hüquqi aktlara və Elektron Reyestrdə hər bir xidmət üzrə müəyyən edilmiş reqlamentə uyğun olaraq həyata keçiriləcək. Reqlamentləri Elektron Reyestr vasitəsilə müəyyən olunmayan elektron xidmətlərin göstərilməsinə yol verilmir. Elektron xidmətlərin göstərilməsi üçün identikləşdirmə tələb olunur. İdentikləşdirmə elektron imza və ya müvafiq normativ hüquqi aktlar ilə müəyyən edilmiş digər elektron eyniləşdirmə vasitələri əsasında aparılacaq. 
Qeyd edək ki, Prezident İlham Əliyevin ""Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 12 sentyabr 2018-ci il tarixli fərmanına əsasən Dövlət Agentliyi mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən elektron xidmətlərin təşkili və göstərilməsi üzrə tələbləri və belə elektron xidmətlərin qeydiyyatı qaydalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməli idi.