Almaniyanın 154 şirkəti Azərbaycanda qeydiyyatdan keçib

31/01/2019 - 23:42 5 626 0   0  

Yanvarın 31-də iqtisadiyyat naziri Şahin Mustafayev Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Suveren.az xəbər verir ki, görüşdə Şahin Mustafayev bildirib ki, Azərbaycan və Almaniya arasında indiyədək 70-dən çox sənəd imzalanıb. Qeyd edilib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, Almaniya şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.

Nazir Şahin Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib.

Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 mln. dollar, Azərbaycan tərəfindən isə Almaniyaya 124 mln. dollar investisya yatırılıb. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir Şahin Mustafayev vurğulayıb ki, Dünya Bankının açıqladığı “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Nazir Şahin Mustafayev Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək

379 sahibkar və menecerin Almaniyada ixtisasartırma kursu keçdiyini, 2019-cu ilin martında daha 16 sahibkar və menecerin Almaniyada təcrübə keçəcəklərini bildirib. Qeyd edilib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq.

Tomas Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.