Almaniyada Azərbaycanla bağlı şok əməliyyat - HAKİMİYYƏTƏ DƏSTƏK VERƏNLƏR CƏZALANDIRILDI...

30/01/2020 - 23:43 2 206 0   0  

Yüzlərlə polis, onlarla müstəntiq Azərbaycan hakimiyyətinin lobbiçilərinin evlərində və ofislərində axtarış aparıb; Bundestaqın 2 üzvünün toxunulmazlığı qaldırılıb

Bu gün – yanvarın 30-da Almaniyanın Frankfurt Prokurorluğunun sanksiyası ilə Azərbaycan hakimiyyətinə lobbiçilik edən alman deputatlar Eduard Lintnerin və Karin Strenzin ofislərində, evlərində yoxlama aparılıb, onların toxunulmazlıqları ləğv edilib. Prosesə onlarla müstəntiq, yüzlərlə polis cəlb edilib.

Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Xəbər “Birlik siyasətçiləri Strenz və Lintnerə basqın” başlığı ilə dərc edilib. Məqalədə vurğulanır ki, Azərbaycan hakimiyyətinə rüşvət qarşılığında lobbiçilik etdiklərindən şübhələndikləri üçün Frankfurt prokurorluğu Bundestaq üzvü Strenz və keçmiş Bundestaq üzvü Lintnerin ev və ofislərinə gözlənilmədən basqın edib.

Eyni zamanda Bundestaqın Meklenburq-Vorpommern şəhərindən olan CDU millət vəkili Karin Strenzin toxunulmazlığını qaldırılıb. Buna səbəb Frankfurt am Main prokurorunun verdiyi qərardı. İstintaqçılar 52 yaşlı CDU siyasətçisini Azərbaycan hakimiyyətindən rüşvət almaqda ittiham edirlər. Söhbət onların avtoritar Azərbaycan hakimiyyətilə şübhəli əlaqələrindən gedir. Keçmiş CSU deputatı Eduard Lintner də müstəntiqlərin diqqət mərkəzindədir və istintaqa cəlb edilib.

Məlumata görə, yüzə yaxın müstəntiq Bundestaqındakı 52 yaşlı Strenzin deputat otağında, şəxsi evində, eləcə də digər mənzillərdə, iş yerlərində və hüquq şirkətlərində axtarış aparıb.

Axtarışda onlarla prokurorluq, Federal Cinayət Polis İdarəsi əməkdaşlarının və digər səlahiyyətlilərinin iştirak etdiyi bildirilir. Strenz və 75 yaşlı Lintner rüşvət almaqda və digər mandat sahiblərini rüşvətlə ələ almaqda ittiham olunurlar. Eyni zamanda çirkli pulların yuyulması da diqqət mərkəzindədir.

Qeyd edək ki, hər iki siyasətçi AŞPA-da çalışıb. İddialara görə Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  çalışan zaman Strenzin ən az 22000 avro rüşvət alıb, Bunun qarşılığında o, AŞPA-da Azərbaycanyönümlü siyasət yürüdüb.

 Eduard Lintner və Karin Strenz

Eduard Lintner  və  Karin Strenz

Keçmiş CSU müavini və Federal Daxili İşlər Nazirliyinin dövlət katibi Lintnerə qarşı iddialar daha da ciddidir. Onun 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan pulyuyan maşınına aid olan Baltik hesabları vasitəsilə Azərbaycandan ümumilikdə dörd milyon avro aldığı deyilir. Lintnerin bu puldan öz mükafatlarını aldıqdan sonra qalan hissəsini AŞPA-nın digər üzvlərinə vermək məqsədi ilə aldığı deyilir. Pulun müqabilində bu millət vəkillərinin Azərbaycanda seçkilərlə bağlı mediada müsbət fikirlər səsləndirdikləri və Azərbaycanda siyasi məhbusların sərbəst buraxılmasının əleyhinə danışdıqları deyilir. Halbuki AŞPA-nın digər üzvləri Azərbaycanda insan hüquqlarını qorumaq üçün xüsusi səy göstərir.

Lintner eyni zamanda Azərbaycandakı adları hələ ki, açıqlanmayan səlahiyyətlilərlə işbirliyi qurub rüşvət almaqda şübhəli bilinir və bunun üçün də pul alıb. Onun şəxs olaraq aldığı rüşvətin məbləği təxminən 500.000 avro olduğu qeyd edilir. 

Rüşvət alınmasında və pulların yuyulmasında şübhəli bilinən üçüncü şübhəli xüsusi olaraq bir şirkət qurub. O, şirkət vasitəsilə Azərbaycandan ödəniş etmək də ittiham olunur. 45 yaşlı şəxsin çirkli pulların yuyulma şübhəsi ilə istintaqı aparılır.

Bildirək ki, Avropa Şurasının müstəqil ekspertləri 2018-ci ildə korrupsiya fəaliyyətlərini artıq aşkar etmiş və hesabatlarında Lintner və Strenz adlarını vermişdilər. Məruzədə Lintner avtoritar Azərbaycanın “əsas lobbiçisi” kimi təsvir edilmişdi. Azərbaycan hakimiyyətinin bu baş verənlərə münasibətinin necə olacağı isə hələ ki, məlum deyil.

 

Time TV