Ali məktəblərin idarəetmə forması dəyişir – Himayəçilər Şurası olacaq…

16/01/2019 - 10:20 1 771 0   0  

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Ali təhsil müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində digər idarə və özünüidarə orqanları (elmi-metodiki, təhsilalanlar, qəyyumlar şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

Ali təhsil müəssisəsinin cari fəaliyyətinə rektor rəhbərlik edir. Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Rektorun fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Rektor:

– ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;

– ali təhsil müəssisəsini dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir;

– ali təhsil müəssisəsinin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

– təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ali təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;

– müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsində isə xərclər smetasını ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;

– ali təhsil müəssisəsinin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) ilə və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;

– ali təhsil müəssisəsinin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

– Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;

– ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanun-vericiliyə zidd olan qərarlarını ləğv edir;

– Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir;

– ali təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

– ali təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, bu Nümunəvi Nizamnamənin 3.1.18-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;

– bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində ali təhsil müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə ali təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri ali təhsil müəssisəsinin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

– fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qrupları yaradır;

– fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

– kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

– müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;

– kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;

– ali təhsil müəssisəsinin cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən məsələləri həll edir.

Prorektorları, ali təhsil müəssisəsinin təqdimatı əsasında tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Rektor olmadıqda, ali təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir. Ali təhsil müəssisəsi təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər. Ali təhsil müəssisəsinin strukturunda onun profilinə uyğun istehsal, klinik, elmi tədqiqat, yaradıcılıq müəssisəsi və təşkilatları yaradıla bilər.

Ali təhsil müəssisəsində elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Professor-müəllim heyəti, dekan və kafedra müdiri vəzifələrinin tutulması seçki, digərləri isə təyinolunma yolu ilə həyata keçirilir və hər bir halda ali təhsil müəssisəsinin rektorunun (prorektor istisna olmaqla) əmri ilə rəsmiləşdirilir.