Akif Çovdarovun "qurbanı"na YENİ VƏZİFƏ: yenidən bələdiyyə sədri seçilib

12/12/2018 - 11:55 2 389 0   0  

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkən kimi tanınan İlham Xəlilova vəzifə verilib.

Open.az-ın ələ etdiyi məlumata görə, İlham Xəlilov Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə yenidən bələdiyyə sədri seçilib.
Xatırladaq ki, İ.Xəlilov Akif Çovdarov həbs edilənə qədər Biləcəri bələdiyyəsinin sədri olub. MTN-lə bağlı cinayət işinin başlanması dövründə İlham Xəlilov sədrlikdən uzaqlaşdırılıb. Cinayət işi üzrə zərərçəkən kimi tanınan İlham Xəlilov 3 ildən sonra yenidən bu vəzifəyə gətirilib.
Onu da qeyd edək ki, o, 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilə dək Biləcəri bələdiyyəsinin sədri olub.
İ.Xəlilov Çovdarovun işi üzrə istintaqda dindirilərkən bildirib ki, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona A.Çovdarovun yanına getmək barədə xəbər çatdırıb.
Bələdiyyə sədri İ.Xəlilov istintaqa ifadəsində deyib ki, A.Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək A.Çovdarovla görüşüb. Onun sözlərinə görə, qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi kənd bələdiyyəsinin sabiq sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın E.Salmanova onun çatdırmasını tapşırıb.
A.Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda A.Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra A.Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərib ki, 2014-cü ilin sonlarında A.Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini A.Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri A.Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
Akif Çovdarov isə istintaqda və məhkəmədə İ. Xəlilov və E. Salmanovdan pul almadığını bildirib.
Məhkəmə dövründə Binəqədi rayonunun sabiq bələdiyyə sədri Elman Salmanov da İ.Xəlilovla bağlı əlavə ifadə verib. O deyib ki, İ.Xəlilov ondan A.Çovdarovun bağ evini tikmək üçün əlavə 16 min manat alıb.
O da məlum olub ki, həmin pul Akif Çovdarova çatmayıb və həmin adı keçən ev isə illər əvvəl tikilib.
Elman Salmanov hətta məhkəmə dövründə ona dəyən ziyanı Akif Çovdarovdan deyil, İlham Xəlilovdan tələb edib.
Akif Çovdarov üzünü Elman Salmanova tutaraq qeyd etmişdi ki, onun ağsaqqalını yaxşı tanıyır: "Sənin ağsaqqalınla münasibətim olub. Səndən pul tələb etsəydim, İlham Xəlilovla sənə söz göndərməzdim".