"Ağstafanın başçısının həbsi digər məmurlara xəbərdarlıqdır" - ASLAN İSMAYILOV

19/12/2019 - 15:38 1 764 0   0  

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlunun həbs edilmələri hakimiyyətin hansısa müsbət dəyişiklik etməsinə ciddi bir işarədir.

Bunu Facebook sosial şəbəkəsindəki səhifəsində tanınmış hüquqşünas Aslan İsmayılov yazıb.

“Son vaxtlar Prezident İlham Əliyev yeni icra başçıları təyin edərkən kim qanun pozuntusuna yol verəcəksə ciddi cəzalanacaqlarını deyirdi. Baş verən hadisə deyilənlərin tək söz olmadığını göstərdi. Bu günə qədər nəinki icra başçısı, onun müavini, heç sıravi əməkdaşı da həbs olunmamışdı. Bu artıq yerlərdə olan bütün icra başçılarına ciddi bir siqnaldır”,-deyə A.İsmayılov vurğulayıb.

Aslan İsmayılov həm də Akstafa rayonu və rayon başçısının bu gün nəzarətə alınan müavini Ramiz Tatarovla bağlı şəxsi bir əhvalatı xatırladıb: “Təxminən bir ay bundan əvvəl Ağstafanın Sadıxlı kəndinin bərbad yolları ilə bağlı video paylaşmışdım. Bir neçə gün sonra kənddən qohumlarım zəng edib yolu qreyderlə düzəltdiklərini dedilər. Çox sevinmişdim ki, zülm çəkən kənd camaatına az da olsa kömək etdim. Az sonra öyrəndim ki, bütün texnikanı təcili kənddən çıxarıblar. Araşdırdıqda məlum oldu ki, məni yaxşı tanıyan, görüşəndə “Qağa, mənə bir tapşırığın” deyən başçının müavini Ramiz Tatarov yol idarəsinin rəsinin başına oyun açıb ki, niyə qatı müxalifətçi Aslan İsmayılovun kəndinin yollarını təmir etdirirsən. Həqiqətən çox üzülmüşdüm, ona görə ki, bu gün də yol idarəsinin rəisinin kim olduğunu bilmirəm. Həmin Tatarov isə, başçılar dəyişsə də uzun illərdi ki, faktiki rayonu tək idarə edirdi...”.