Ağdamın başçısı Sahil Babayevlə Məşğulluq rəisini necə şantaj etdi? - 5000 manat skandalı...

29/10/2018 - 20:54 1 564 0   0  

Ağdamın başçısı Sahil Babayevlə Məşğulluq rəisini necə şantaj etdi? Ondan başlayaq ki, dövlətin özünəməşğulluq proqramı var. Bu proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nə gözəl!

Məqsəd ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün dəstək verməkdir. Mal və material, heyvan verilir, kurs keçirilir ki, sosial yardımdan asılılıq azalsın. Əla ideyadır!

Fəqət bu layihəni icra edənlər elə bir korrupsiya şəbəkəsi qurublar ki, zəncirvaridir və bir məmur prosesdən təcrid olanda səsi göylərə qalxır. Məlum olur ki, işsizliyin azalmasına yönəlik bu proqram görüntü xətrinədir.

Bu layihənin gerçəkləşməsi zamanı Ağdamda qalmaqallı hadisə baş verib.

Bu skandalda trio iştirak edir - Ağdamın icra başçısı Vaqif Həsənov, yerli Məşğulluq Mərkəzinin direktoru Elşən Rüstəmov və nazir Sahil Babayevlə ona bağlılığı olduğu iddia edilən tender şirkəti...

Məlumat verilir ki, Ağdamda 180 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Müsibət bundan sonra başlayıb. Nazirliyin keçirdiyi tenderdə qalib olmuş və adı bəlli olmayan S.Babayevə yaxın şirkət həmin ailələrə qoyun-inək paylamalıdır.

Bunun üçün nazirlik tərəfindən şirkətə hər ailə üçün 5000 manat ayrılır. Ki, proqram çərçivəsində sosial yardımdansa bu mal-heyvanı saxlamaqla öz şəraitlərini yaxşılaşdırsınlar.

Lakin Ağdam Məşğulluq Mərkəzi direktoru Elşən Rüstəmov layihəyə cəlb olunmuş həmin ailələrin əksəriyyətindən 1000 manat alaraq heyvanları təhvil verib.

Çox keçməyib ki, işin üstü açılıb. Əvvəla aydın olub ki, verilən inəklər qoca, südsüzdür, balalamırlar. İkincisi, E.Rüstəmovun vətəndaşlardan pul alaraq həmin şirkətlə əlbir olub nazirliyin ayırdığı vəsaiti mənimsədiyi ortaya çıxıb.

Bundan sonra layihəyə cəlb edilən ailələr Prezident Administrasiyasına, Baş Prokurorluğa məktublar yazmağa başlayıblar. Məsələ daha da böyüyüb və nazirliyə çatıb.

S.Babayev özünəməşğulluq proqramı çərçivəsində ona yaxın şirkətlə yerli Məşğulluq Mərkəzi direktoru E.Rüstəmovun əməllərini ört-basdır etmək üçün kollegial iclas keçirib.

Lakin həmin ailələrin müraciətləri səngimək bilməyib, yuxarıdan nazir S.Babayevə bu məktublar yönəldilib. Təkrar iclas keçirməyə məcbur qalan nazir bu dəfə E.Rüstəmovu ayağa qaldırıb, iradlarını bildirib.

Sonra məşğulluq idarələrinin müdirlərinə acizanə şəkildə bildirib ki, bu mərhələdə mal-heyvan vətəndaşlara paylansın, insanlar sakitləşdirilsin, həmin şirkəti prosesdən kənarlaşdıracaq.

Bütün bu qalmaqalın kim tərəfindən yaradıldığı, aldadılmış vətəndaşların necə bu maxinasiyalardan agah olduğu üzə çıxıb.

İddialar səslənir ki, nazirliyin araşdırmasından sonra bu “əməliyyatın” Ağdamın icra başçısı Vaqif Həsənov tərəfindən təşkil edildiyi üzə çıxıb.

Bu maxinasiyalarda E.Rüstəmov, nazirlik və həmin şirkətin qazanmasına baxmayaraq, icra hakiminə qəpik də çatmayıb.

V.Həsənov onları cəzalandırmaq üçün bu planı qurub, vətəndaşlardan 1000 manat alınaraq əslində onlara çatacaq 5000 manatın mənimsənildiyi xəbər verilib, iş PA-ya və prokurorluğa qədər gedib çıxıb.

S.Babayev hadisələrin arxasında kimin dayanmasını öyrəndikdən sonra əl-ayağa düşüb, işi ört-basdır etmək üçün E.Rüstəmov nazirliyə çağırılıb.

Nazir həm onu, həm şirkət rəhbərliyini təlimatlandırıb və Ağdamın icra başçısına elçi göndərib. Onlar icra başçısını susdurmaq və razı salmaq üçün rayona yollanıblar.

Ötən həftə Ağdam İH-nin binası qarşısında saatlarla gözləyən E.Rüstəmov və şirkət nümayəndəsi onunla görüşə bilməyiblər. V.Həsənovun rayonda olmadığı bildirilib.

Hazırda tərəflərin görüşüb müzakirə apardığı, hansı ortaq məxrəcə gəlindiyi haqda müfəssəl məlumatlar verilmir. Lakin bu qalmaqal S.Babayevi və E.Rüstəmovu ifşa edib.

Ümumilikdə ölkədə özünüməşğulluq proqramının genişləndirilməsi, daha çox insanın bu layihədən yararlanması nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, 2018-ci il ərzində özünüməşğulluq proqramının icrasına 35 milyon manat vəsait ayrılacaq.

Özünüməşğulluq proqramının genişləndirilməsinin vacibliyini prezident İlham Əliyev bir neçə gün əvvəl Nazirlər Kabinetinin toplantısında da vurğulayıb.

Dövlət başçısı bildirib ki, bu proqram həm iqtisadi inkişafa təkan verəcək, xüsusilə regionlarda məşğulluq probleminin həllini sürətləndirəcək, eyni zamanda, bəzi vətəndaşları ələbaxımlıq vərdişindən çəkindirəcək. Amma görünür ki, 35 milyon xımır-xımır mənimsənilir.

Bu iddialarla bağlı adıçəkilən bütü tərəflərin mövqeyini dərc etməyə hazırıq.  \\cahan.info