“Ağ qızıl”dan kim daha çox qazanır?

15/11/2018 - 11:05 2 029 0   0  

İstehsalçılar, yoxsa emalçılar

Azərbaycan hökumətinin pambıq istehsalı ilə bağlı planları genişdir. Pambıqçılığın inkişafına dair qəbul olunmuş dövlət proqramına əsasən ölkədə pambıq istehsalı daha da genişləndiriləcək və 2022-ci ildə 500 min ton məhsul istehsalına nail olunacaq. 2025-ci ildə isə pambıq əkini sahələrinin 200 min hektara, istehsalın isə 700 min tona çatdırılması nəzərdə tutulur.

Hökumətin planlarında həmçinin istehsalla bərabər emal müəssisələrinin genişləndirilməsi və yenilərinin yaradılması da nəzərdə tutulur. Ölkədə “MKT İstehsalat Kommersiya” MMC-nin 12 , “CTS Aqro” MMC-nin isə 6 pambıqtəmizləmə zavodu var. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan yeni pambıq zavodu tikilib başa çatmaqdadır. Eyni zamanda çiyiddən yağ emal edən zavod və lifsiz pambıq toxumu hazırlayan zavod da tikilir. Bundan əlavə, Mingəçevir Sənaye Parkında xammal olaraq yerli pambıqdan istifadə edəcək müəssisələr yaradılır. Burada fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-nin illik istehsal gücü 20 min ton olan iki iplik fabriki bu il istifadəyə verilib. Onlardan əlavə, Azərbaycanda illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Hökumət eyni zamanda toxuculuq, tikiş və sair istiqamətlərdə də yerli xammala əsaslanan müəssisələrin yaradılmasını təşviq edir.

Pambıq istehsalı sahələrinin genişləndirilməsi üçün qurulan planlar da var. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, istehsalın daha çox intensiv yolla artırılmasına nail olmaq lazımdır. Bunun üçün müasir suvarma və aqrotexniki qulluq üsullarından istifadə təşviq olunmalıdır. Bununla yanaşı, dövlət başçısı bildirib ki, Azərbaycanda pambıq sahələrinin genişləndirilməsi üçün imkanlar böyükdür və istehsal səviyyəsini nəzərdə tutulan həcmə çatdırmaq üçün həmin sahələrdən istifadə olunacaq.

Qeyd edək ki, bu il Azərbaycanda 132 min 502 hektar sahədə pambıq əkilib və istehsalın 260 min tona çatacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib ki, bu da  ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.

Hökumətin pambıqçılıqla bağlı planları heç də hamı tərəfindən təqdir olunmur. Xüsusilə pambıq sahələrinin genişləndirilməsi zamanı heyvandarlıq təsərrüfatlarının sıxışdırılması yaxın illərdə ölkənin ət və süd məhsulları üzrə idxaldan asılılığının əhəmiyyətli şəkildə artacağına dair rəylərin yaranmasına səbəb olur.

Pambıqçılığı hökumət əmək tutumlu sahə kimi də təbliğ edir. Rəsmi rəqəmlərə görə, hazırda pambıqçılıqda 190 min nəfərdən yuxarı insan çalışır. Lakin müstəqil ekspertlər bu rəqəmi inandırıcı hesab etmirlər. Onların fikrincə, pambıqçılıq daimi iş yeri hesab oluna bilməz. Çünki Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, yalnız ilin 11 ayını işləyib gəlir əldə etməyin mümkün olduğu iş yeri daimi hesab olunur. Pambıqçılıqda kütləvi işçi cəlbi isə yalnız yığım vaxtı tələb olunur.

Qeyd edək ki, hökumət pambıq əkinlərini stimullaşdırmaq üçün istehsalçılara emal müəssisələrinə təhvil verilən hər 1 ton pambığa görə 100 manat subsidiya verir. Bundan əlavə, istehsalçılara istifadə etdikləri gübrələr 70 faiz güzəştlə satılır. Hökumət həmçinin pambığın istehsalçılardan alış qiymətinin artırılması üçün emal müəssisələrinin sahibləri ilə danışıqlar aparır. Bu il əldə olunmuş razılaşmaya əsasən hər ton pambığın alış qiyməti  1-ci sort üçün 650 manat, 2-ci sort üçün 630, 3-cü sort üçün 590, 4-cü sort üçün 550 manat müəyyən edilib. Mütəxəssislərin bildirdiyinə görə, yalnız sentyabr ayı ərzində yığılan pambıq 1-ci sort keyfiyyətinə malik olur. Ondan sonra  gələn yağışlı havalarda yığılan məhsulun keyfiyyəti getdikcə aşağı düşür.

Pambıq istehsalçılarına dəstək üçün hökumət “Aqrolizinq” ASC-nin texnikasından da istifadə edir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, bu il “Aqrolizinq” pambığın kombaynla yığımı ucun hər hektara 100 manat tarif müəyyən edib. Bu, özəl şirkətlərin təklif etdiyi tariflərdən xeyli aşağı bir rəqəm olduğu üçün istehsalçıların çoxu məhsulunun məhz ASC texnikası ilə yığılmasına çalışır. Lakin hazırda ölkədə olan pambıqyığan kombaynların cəmi 30 faizə yaxını “Aqrolizinq”ə məxsusdur. Qalan texnika özəl şirkətlərin əlindədir. Bu isə istehsalçıların xeyli hissəsinin ucuz xidmətdən yararlanmaq istəyinin baş tutmamasına səbəb olur.

Rəsmi statistika orqanları pambığın hər kiloqramının maya dəyərinin 51 qəpik təşkil etdiyini açıqlayır. Lakin müstəqil ekspertlərin əksəriyyəti bu rəqəmi inandırıcı hesab etmirlər. Ən azı ona görə ki, dünyanın ən qabaqcıl pambıq istehsalçısı ölkələrində belə aşağı maya dəyərinə rast gəlmək çətindir.

Müstəqil mütəxəssislərin fikrincə, Azərbaycanda pambıq istehsalından ən çox qazanan emal müəssisələridir. Onlar pambığın tonunu 550-650 manatdan istehsalçılardan alıb, onu xaricə 1,5 dəfə baha qiymətə satırlar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycandan xaricə 24 min 655,69 ton pambıq lifi 33 milyon 753,40 min dollar satılıb. Ötən il həmçinin xaricə 15 milyon 922,59 min dollar dəyərində 7 min 28,61 ton pambıq ipliyi satılıb. Bu ilin yanvar-sentyabrında isə xaricə 62 milyon 716,62 min dollarlıq 41 min 406,49 ton pambıq lifi, 16 milyon 977,54 min dollarlıq 6 min 821,64 ton pambıq iplik satılıb.

Mütəxəssislərin fikrincə, pambıqçılıq o zaman gəlirli sahə hesab olunacaq ki, məhsuldarlıq yüksəldilsin, emal sahəsində inhisarçılıq və kartel sövdələşmələri aradan qalxsın.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda pambıqçılıqdan orta məhsuldarlıq 15,2 sentner təşkil edib. Bu il isə orta məhsuldarlığın 20 sentnerə çatdırılması nəzərdə tutulub.