“ADİL ƏLİYEVDƏN HANSI ƏSASLA PUL TƏLƏB EDİRLƏR?” – Deputatın adı hallanan torpaq qalmaqalı, qanunsuz sənədlər…

28/11/2018 - 15:55 1 066 0   0  

Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində deputat Adil Əliyevə məxsus olduğu iddia edilən torpaq sahəsinin sahibi Qətibə Abdullayevanın nümayəndəsi Zakir Həsənov mətbuat konfransı keçirib və iddialara cavab verib. BakuPost-un məlumatına görə, Z. Həsənov deyib ki, bu məsələ ilə bağlı vətəndaşın şikayəti əsasında aidiyyəti qurumlar tərəfindən araşdırılma aparılıb və torpaq sahəsinin Adil Əliyevlə heç bir bağlılığı olmadığı müəyyən edilib.

Bələdiyyə özünə məxsus olmayan torpağı satıb

Z.Həsənovun sözlərinə görə, torpağın özünə məxsus olduğunu iddia edən Xəzəngül Məmmədova birinci instansiya məhkəməsində qalib gəlib, lakin məhkəmə torpağın statusunu müəyyən etmədən qərar çıxarıb.

“Torpağın statusu müəyyən olunmadan vaxtilə Xəzəngül Məmmədovaya verilib. Bu məsələ tərəfimizdən araşdırıldı. Ədliyyə Nazirliyinin Bakı şəhər İşlər İdarəsinin aidiyyəti şöbəsinə müraciət edildi. Oradan göstərildi ki, həmin torpaq sahəsi dövlətin mülkiyyətindədir və bələdiyyəyə məxsus deyil. Bələdiyyənin sədrinə bildirilmişdi ki, bu torpağın sahəsinin bələdiyyəyə heç bir aidiyyəti yoxdur.

Sonradan xanım Binəqədi rayon məhkəməsinə müraciət edib. Məhkəmə heç kimi dəvət etmədən, torpağın statusunu müəyyən etmədən qətnamə qəbul edib. Biz də apellyasiya şikayəti verdik. Vəsatət qaldırdıq. Bildirdik ki, bu torpağın statusunun müəyyən edilməsi ilə bağlı sənədləri qəbul etsinlər. Hakim araşdırma apardı. Tərəfin nümayəndəsi və vəkili Zəngi Gülalıyeva də həmin məhkəmədə iştirakçı olub. Araşdırma zamanı müəyyən edildi ki, iddianın heç bir əsası yoxdur. Onlar isə məhkəməyə hörmətsizlik edərək qərar oxunmadan zaldan çıxıb getdilər. Məhkəmənin qərarı Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb. Onların iddiası absurddur”.

Adil Əliyevdən hansı əsasla pul tələb edirlər?

Zakir Həsənov qeyd edib ki, məhkəmədə tərəflər Xəzəngül Məmmədova və Qətibə Abdullayevadır: “Kanal 13-də Ələmşah adlı şəxs Adil Əliyevlə bağlı geniş çıxış edib. O torpağın Adil Əliyevə nə aidiyyəti var? Burada söhbət Qətibə Abdullayevadan gedir. Torpağın hüquqi sahibi odur. Onların məhkəmədə iddia qaldırmağa da heç bir hüquqları yoxdur. Ləğv olunmuş torpağa qarşı hansı əsasla iddia qaldıra, Adil Əliyevdən pul tələb edə bilərlər? Bələdiyyəyə pul ödəyibsə, getsinlər onlarla həll eləsinlər bu məsələni. Pullarını onlardan tələb etsinlər”.

Bakı şəhər Baş Polis İdarəsinə də müraciət edilib

Torpaq sahibinin hüquqi nümayəndəsi deyib ki, Z. Məmmədova 2016-cı ildə də eyni iddia ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edib: “Orada da araşdırma aparıldı. Adil Əliyevlə bağlı heç bir dəlil, sübut aşkar olunmadı. Vətəndaşa istiqamət verildi ki, iddianı bələdiyyədən tələb elə. Eyni zamanda da təhqiqatçı və istintaqın rəisi ona dedi ki, artıq neçənci dəfədir, müraciət etməsinə baxmayaraq, heç bir dəlil sübut təqdim edə bilmir. Binəqədi rayon prokurorluğunda bələdiyyələrlə bağlı cinayət işi açılmışdı. Ona deyildi ki, get ora müraciət et, məhkəməyə ver”.

“Adil Əliyevə şər atılır”

nahid

Mətbuat konfransında çıxış edən jurnalist Nahid Canbaxış qeyd edib ki, bütün qurumlara olunan müraciətlərdən, çıxarılan qətnamələrdən Adil Əliyevin bu məsələyə aidiyyəti olmadığı görünür: “Xanıma bütün hüquqi yollar göstərilib. O da gedib məhkəməyə və digər aidiyyəti qurumlara müraciət edib. Burada Adil Əliyevin nə qəbahəti ola bilər ki? Bu adamlar deputatla bağlı bir neçə il əvvəl bəzi mətbuat orqanlarda yayımlanan, sonradan şər-böhtan olduğu sübut edildiyi üçün silinən yazıları yenidən tirajlayırlar. Bunun özü də, adamların məqsədli və məkirli olmasını sübut edir. Ədalətli adam əsassız yazılara istinad edərmi? Hansı ki, həmin iddialarla bağlı bir neçə il bundan qabaq məhkəmə oldu, materialın şər-böhtan olması sübut edildi və təkzib verildi. Nə vaxtsa kiminsə ağlına gələn bir məhsulu indi tirajlamaq yaxşı hal deyil.”.

Sözügedən yazını tirajlayan mətbuat orqanlarından birinin əməkdaşı Teymur Kərimov deyib ki, torpağa iddialı olan Xəzəngül Məmmədova ona müsahibə verərkən vaxtilə aldadıldığını bildirib: “Xəzəngül xanım deyir ki, ona sözügedən torpaq sahəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin binasının tikiləcəyi deyilib. Lakin “Çıraq Palas” adlı şadlıq evi inşa olunub”.

“Özün də deyirsən ki, burada dövlət qurumuna məxsus inzibati bina tikiləcəkmiş. Deməli, torpaq dövlətin mülkiyyətindədir. Dövlət orada həmin binanı tikməyib, kiməsə verib. Bura Adil Əliyevin nə aidiyyəti?” – deyə N. Canbaxış jurnalistə cavab verib.

Torpağın statusu rəsmi şəkildə təsdiqlənib, arayışlar var

Z. Həsənov isə torpağın bələdiyyəyə məxsus olmadığına dair arayışlar aldıqlarını söyləyib: “Apellyasiya məhkəməsi ərəfəsində torpağın statusu müəyyən olunub. Qətnamədə qeyd olunub. Abdullayeva Qətibə xanımın müraciəti əsasında torpağın bələdiyyəyə heç bir aidiyyəti olmadığına dair arayışlar almışıq. Torpaq dövlətə məxsusdur. Ona görə də həmin torpağın bələdiyyə tərəfindən satılması qanunsuzdur”.

Adil Əliyev məhkəməyə müraciət edəcək

adem

Hüquqşünas Adəm Məmmədov məsələnin hüquqi tərəfini izah edərək bildirib ki, mülkiyyət davalarında heç nəyi gizli saxlamaq olmur: “Hər bir qurum yalnız öz mülkiyyətində olan torpağa sərəncam verə bilər. Hətta vətəndaşları çaşdırmaq üçün hansısa qurum arayış verir ki, bu torpaq sənindir. Bu, qanunsuzdur. Torpaq dövlətin olandan sonra orada nə olacağını özü müəyyən edir. İstəyər satar, istəyər saxlayar.

Mülkiyyətlə bağlı məsələdə qarşı tərəfin kimliyindən asılı olmayaraq, qərəzsiz qərar çıxarılır. Elə məhkəmə prosesləri olub ki, hansısa böyük müəssisə, zavod gəlib vətəndaşın yerini zəbt edib. Vətəndaş məhkəməyə müraciət edib, sahibkara böyük məbləğdə kompensasiya ödətdirilib. Mülkiyyətlə bağlı nəyisə gizlətmək çətin məsələdir.

Vətəndaşın hüquqi yol bitdikdən sonra başqa yollara keçməsi artıq məhkəmə predmetidir. Bu iddiaar hansı mətbuat orqanında tirajlanıbsa, o KİV də üzr istəməlidir”.

Zakir Həsənov deyib ki, başladılan şər kampaniyasına qarşı hüquqi çərçivədə cavab verilməsi üçün iş gedir.